YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ümummilli maraqları reallaşdıran partiya

Anar Nəbiyev

YAP Qazax rayon təşkilatının sədri                   

Yeni Azərbaycan Partiyasının VII Qurultayından artıq bir il ötür. Nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi partiyası olan Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə çox çətin, ağır şəraitdə yaradıldıqdan sonra qısa bir müddət ərzində artıq ümumxalq partiyasına çevrildi. Bununla da Azərbaycanın tarixində yeni bir eranın, inkişaf mərhələsinin əsası qoyuldu. Ulu Heydər Əliyev ideyalarına sadiq qalaraq, bütün sahələrdə davamlı inkişafa nail olan Yeni Azərbaycan Partiyasının VII Qurultayı da, ölkəmizin ictimai – siyasi həyatında önəmli bir hadisə oldu. Demək olar ki, bu Qurultayda qəbul olunmuş qərarlar, möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev cənablarının proqram xarakterli nitqi partiyamızın, eləcə də müstəqil Azərbaycanımızın gələcək fəaliyyət proqramıdır.

30 ilə yaxın müddətdə zamanın çətin sınaqlarından uğurla çıxmış Yeni Azərbaycan Partiyası Azərbaycanı yeni zirvələrə aparır, ümummilli lider Heydər Əliyev siyasi irsinə sadiq qalaraq ölkəmizin dinamik  inkişafına və  cəmiyyətin  tərəqqisinə şərəflə, ləyaqətlə xidmət göstərir. Müstəqil Respublikamızın həyatında tarixi  hadisə olan VII Qurultayda Partiyamızın strateji hədəfləri müəyyən edilmişdir. Partiyamız qloballaşan dünyada doğma Azərbaycanımızın qüdrətlənməsi naminə dövlətçilik ideyası və azərbaycançılıq məfkurəsi ətrafında birlik, həmrəylik nümayiş etdirir. Biz gündəlik həyatımızda, ölkəmizin iqtisadi göstəricilərində, bütün sahələrdə əldə edilmiş nailiyyətlərdə görürük ki, Azərbaycan genişmiqyaslı islahatlar aparan ölkədir. Azərbaycanın təşəbbüsü ilə reallaşan bir çox layihələr bölgəyə yeniliklər gətirib, əməkdaşlığın yeni formatlarını sürətləndirib. Ölkəmiz zaman – zaman qarşıya qoyulan bütün hədəflərə, məqsəd və vəzifələrə çatır. Müasir dövrdə Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətlər əldə etməsi Prezident İlham Əliyevin güclü Liderlik keyfiyyətləri ilə sıx şəkildə bağlıdır və 44 günlük Vətən müharibəsində Şanlı Qələbənin əldə edilməsi bunun növbəti sübutudur. Prezidentimizin yüksək intellekti və diplomatik məharəti milli maraqların qorunmasında qətiyyət və prinsipiallığı, onun rəhbərliyi ilə Azərbaycanın sosial – iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə uğurlar və xarici siyasətdə nailiyyətlər qazanmasında mühüm rol oynamışdır. Xalq – iqtidar birliyinin möhkəmlənməsi istiqamətində Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin də məntiqi nəticəsi Vətən müharibəsi zamanı özünü parlaq şəkildə göstərdi. Müharibə dövründə ölkə vətəndaşları milli – etnik və dini mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşdi ki, bu da milli həmrəyliyimizin və vətəndaş birliyinin təcəssümü idi. Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi birləşmələrini cəmi 44 gün ərzində darmadağın etməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası xalqımızın milli qürur hissini özünə qaytardı. Müharibənin ilk günlərindən başlayaraq Cənab İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitləri ilə bir yerdə oldu, onlarda ruh yüksəkliyi yaratdı. Azərbaycan hərbçilərinin torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şücaət göstərməsi, bu yolda şəhidlik zirvəsinə ucalması xalqımızın yenilməzlik, mətinlik və qəhrəmanlığının ifadəsi oldu. Azərbaycan Şanlı Qələbəsi ilə bir daha dünyaya öz gücünü göstərdi.

Respublikamız Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülmüş müstəqil dövlətin təməl prinsipləri əsasında yenilənir, müasirləşir və dünya birliyində mövqelərini getdikcə möhkəmləndirir. Ölkəmizdə aparılan genişmiqyaslı islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

Yeni Azərbaycan Partiyasının VII Qurultayından keçən bir il ərzində Partiyamız ciddi irəliləyişlərə nail olub. Partiyada baş verən müsbət dəyişikliklər Partiyanın idarə olunmasında fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizmini yaradıb. Qurultayda qəbul olunan yeni Nizamnamə, həmçinin İdarə Heyətinin qərarı ilə təsdiq edilmiş Proqram və Əsasnamələr Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin ciddi əsasları üçün möhkəm bünövrə yaradıb. Əminəm ki, Partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi olaraq bundan sonra da ölkəmizdə gedən siyasi proseslərin mərkəzində olacaq, məhz bunun nəticəsində də yeni – yeni uğurlara, nailiyyətlərə imza atacaqdır!