YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası xalqına ən yaxın siyasi təşkilatdır

“Azərbaycanda bütün siyasi partiyaların fəaliyyəti üçün lazımi şərait yaradılıb. Ölkəmizdə aparılan siyasi dialoq demokratik ənənələrin dərinləşməsi və siyasi sistemin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının aparıcı rolu xüsusi vurğulanmalıdır”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, Yeni Azərbaycan Partiyası hakim partiya olaraq iqtidar-müxalifət dialoquna öz töhfəsini verməkdədir. YAP əməkdaşlığa açıq və yerlərdə siyasi dialoq ilə bağlı olan prosesləri stimullaşdıran partiyadır. Ötən il martın 5-də keçirilən qurultay zamanı partiyamızın sədri, Prezident İlham Əliyev ölkəmizdə siyasi münasibətlərin inkişafını xüsusi vurğulayıb. Qurultaydan keçən bir ilə ərzində həm bu sahədə, həm də bütövlükdə partiyanın fəaliyyətində  önəmli məqamlar var. Belə ki, partiyanın yeni Nizamnaməsi qəbul olunub, İdarə Heyəti yenidən seçilib, Veteranlar Şurası yaradılıb, Mərkəzi Aparatın strukturu formalaşıb, partiyanın orqanlarının əsasnamələri təsdiqlənib. Ötən ilin sonlarında partiyanın yeni Proqramı qəbul edilib. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: Heydər Əliyev yolu, müstəqillik, azərbaycançılıq, dövlətçilik, qanunun aliliyi, varislik və təkamül, konstruktiv əməkdaşlıq və dialoq, sosial ədalət və insan amili, multikultural cəmiyyət və demokratik ənənələrin inkişafı. Bundan əlavə, YAP-ın yerli təşkilatları da yenidən formalaşdırılıb.

Millət vəkilinin sözlərinə görə, ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən Yeni Azərbaycan Partiyasının qarşısında yeni hədəflər də var: “Bu hədəflər sırasına Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi daxildir. Eyni zamanda, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, vətəndaş həmrəyliyinin təminatı, milli maraqlar və xarici siyasət, ordu quruculuğu, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla da bağlı  hədəflər var. bütövlükdə, YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunması, Azərbaycan dövlətinin dayanıqlı inkişafı, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılması, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir”.

“Yeni Azərbaycan Partiyasının VII Qurultayında verilmiş qərarlar partiyamız qarşısında mühüm vəzifələr qoydu. Partiyamızın Sədri, cənab Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Yeni Azərbaycan Partiyası ölkəmizdə və regionda yaranmış yeni reallıqlara uyğun olaraq keyfiyyətcə yeni inkişaf mərhələsinə yüksəlməkdədir. Xüsusilə də, yeni siyasi konfiqurasiya Yeni Azərbaycan Partiyasının daha da güclənməsini, baş verən bütün ictimai-siyasi proseslərin önündə olmağı tələb edir. Bütün bu yeni çağırışlar Yeni Azərbaycan Partiyasının hər bir üzvünün də üzərinə Heydər Əliyev ideyalarının təbliği, Prezident İlham Əliyevin siyasi kursunun təşviqi istiqamətində böyük fəallıq və işgüzarlıq tələbi müəyyənləşdirir. Gənclərimizin milli vətənpərvərlik ruhunda tərbiyə olunması da qarşımızda dayanan əsas vəzifələrdəndir. Cənab İlham Əliyev daim şanlı Qələbəmizdə bu amilin rolunu xüsusi qeyd edir. Gənclərdə torpaq, Vətən sevgisi onları yumruq kimi birləşdirdi, 30 ilin işğalına son qoymağa, üçrəngli bayrağımızı işğal altında olan torpaqlarımızda dalğalandırmağa səslədi və qəhrəmancasına buna nail oldular. Bu günün prioritet məsələlərindən biri şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının göstərilməsidir. Dövlətimiz onları qayğı ilə əhatə edir. Cənab İlham Əliyev qurultayda bildirmişdi ki, YAP üzvləri bu kateqoriyadan olan insanlara daim diqqət, qayğı göstərməlidirlər. Hazırda YAP Azərbaycanın ən böyük siyasi təşkilatı olmaqla bərabər, həm də öz xalqına ən yaxın siyasi təşkilatdır. YAP-ın zəfərlər partiyası kimi nüfuz qazanmasını şərtləndirən əsas amil həmişə xalqın böyük əksəriyyətinin dəstəyini qazanmasıdır. Bu yolda partiyamız inamla irəliləyir”,-deyə Fatma Yıldırım vurğulayıb.