YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası ilə hər zaman xalqımızın adını uca edib

Zəkiyyə Musayeva

YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini

"Azərbaycan xalqı həmişə qadına, onun cəmiyyətin həyatında oynadığı rola, tutduğu yüksək mövqeyə böyük hörmətlə yanaşmışdır. Xalqın ən əziz, qiymətli və müqəddəs hesab etdiyi Vətən, torpaq, dil anlayışları ana adı ilə bərabər tutulmuşdur. Qadın adına göstərilən dərin ehtiram, sonsuz ana məhəbbəti söz və sənət abidələrimizdə öz parlaq təcəssümünü tapıb. Ədəbiyyatımızın və mədəniyyətimizin görkəmli nümayəndələri öz əsərlərində Azərbaycan qadınının mərdliyini, gözəlliyini, mənəvi saflığını vəsf etmişlər".

Heydər Əliyev

Qadın - zəriflik, incəlik, müdriklik rəmzi, milli-mənəvi dəyərlərimizi qoruyan, adət-ənənələrimizi yaşadan, nəsillər arasında varisliyi ləyaqətlə davam etdirən müqəddəs varlıqdır. Ulu nənələrimizin, müdrik ismətli analarımızın keçdiyi çətin, lakin mübarizələrlə dolu şərəfli yüksəliş yolu tarix səhifələrində yer alıb, ədəbi irsimizlə yaddaşlara həkk olunub. Tufanlar, fəlakətlər, müharibələr arasından keçmiş bu tərəqqi yolunda Azərbaycan qadınları öz spesifik xüsusiyyətləri ilə fərqlənən gözəl mənəviyyat dünyası yaratmışlar. Keçmişi bu cür şanlı olan tariximizin hər bir dönəmində xalqımızın qadınlarının adı daim uca tutulmuş, onlar cəmiyyət içərisində sonsuz rəğbətlə qarşılanmışlar. Bu cür qayğı da onları hər zaman yeni, daha da uğurlu addımlar atmağa, qələbələr qazanmağa sövq etmişdir. Bunun nəticəsidir ki, çağdaş dövrümüzdə də işini bilən, bacarıqlı, savadlı qadınların rolu cəmiyyətin həyatında artmaqdadır.

Azərbaycanda qadın hərəkatının genişlənməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra başlayıb. Bu hərəkat ulu öndərin rəhbərlik etdiyi dövlətdə qadınlarımıza yüksək etimadın göstərilməsi, onların daim irəliyə çəkilməsi ilə səciyyələnir. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə yaradılmış Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Dövlət Komitəsi ölkədə qadınların ictimai fəallığının yüksəldilməsi, cəmiyyətdə gender bərabərliyinin təmin edilməsi respublikamızda fəaliyyət göstərən qadın təşkilatlarının əlaqələndirilməsi sayəsində mühüm rol oynadı. Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaradıb.

Heydər Əliyevin müəyyənləşdirdiyi gender siyasətinin əsas nəticələrindən biri də 1998-ci ildə Azərbaycanda keçirilmiş Qadınların I Qurultayı idi. Ulu öndər Heydər Əliyev qurultaydakı tarixi nitqində söylədi ki, bu qurultay Azərbaycanın tarixində ən böyük hadisələrdən biridir. Qurultaydan keçən qısa dövr sübut etdi ki, ölkədə qadın siyasətinin daha dolğun şəkildə təşkil edilməsi üçün tələbat yaranmışdır. Məhz həmin tələbatı əsas götürən ulu öndər 2000-ci il mart ayının 6-da “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzaladı. Fərmanın 1-ci bəndində göstərilirdi ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması təmin edilsin.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Azərbaycan qadınlarının zəhmətsevərliyini, qədirbilənliyini, yüksək zəkaya malik olduğunu hər zaman dəyərləndirmişdir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası ilə hər zaman xalqımızın adını uca edib. Bu gün isə müstəqil Azərbaycanda qadınların cəmiyyətdəki yeri və rolu həm xalqımızın öz mental ənənələrinə bəslədiyi hörmət, həm də dövlətimizin yeritdiyi siyasət sayəsində yüksək qiymətləndirilir. Bu fəallıq Azərbaycan qadınının malik olduğu tarixi ənənələrlə yanaşı, ölkəmizdə həyata keçirilən gender siyasətinin mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu üzvü kimi bütün imkanlardan bərabər istifadə üçün zəruri şəraitin yaradılmasından irəli gəlir.

Bu gün respublikamızda dövlət qadın siyasəti, ulu öndər Heydər Əliyevin bu istiqamətdə əsasını qoyduğu ənənələr ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Ölkə başçısı qadınların cəmiyyətdəki roluna və yerinə, onların dövlət idarəçiliyində təmsil olunmalarına, irəli çəkilmələrinə diqqətlə yanaşır. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev tərəfindən “Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətini bütün dərinliyi ilə dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil Respublikamızın tərəqqisinə böyük töhfələr verəcək” söyləməsi Azərbaycan qadınına  verilən ən yüksək dəyərin nümunəsidir.

Azərbaycanda qadın hərəkatının formalaşmasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm xidmətləri vardır. Mehriban xanım Əliyeva fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Cəmiyyətimizdə qadınlara münasibətdə Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılması, xanımların ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün zəmin yaratdı. Mehriban xanım Əliyeva müasir Azərbaycan qadınını təcəssüm etdirir. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsini göstərir. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai siyasi proseslərin gedişində də onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Övladlarını Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə yerinə yetirir. Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas fəaliyyəti hesab edən qadınlarımız öz mövqelərində sadiqdirlər, ictimai-siyasi prosesin fəal iştiakçısıdırlar. 44 günlük Vətən müharibəsində Azərbaycan qadınının müdrikliyinin, məğrurluğunun, qəhrəmanlığının bir daha şahidi olduq. Xalqımız olduqca həssas dönəmində qadınlarımızın nümayiş etdirdiyi iradə, fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əsl örnək oldu.

Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdə layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığına ən ciddi təminatlardan biridir. Azərbaycan qadını Vətənin yüksəlişinin müdhiş sınaqlarından keçərək bu əmin-aman günlərimizə necə yetişdiyini heç bir zaman unutmayaraq, gələcəyimiz naminə özünü səfərbər edərək əməyi, zəhməti, ağlı, elmi, bacarığı, sədaqəti ilə bu yüksəlişə dayaq olacaqdır.