YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının hər qərarı, hər təşəbbüsü xalqımızın arzusundan qaynaqlanır

Fərid Dünyamalıyev

YAP Gənclər Birliyinin üzvü

Yarandığı gündən ölkəmizin ictimai-siyasi fikir tarixinin ən əlamətdar, ən şərəfli səhifələrində yer alan Yeni Azərbaycan Partiyasının VII qurultayından bir il ötür. 30 ilə yaxın müddət ərzində əldə etdiyi uğurlarının ciddi tarixi və siyasi əsaslarına möhrünü vuran Yeni Azərbaycan Partiyası son bir ildə qazandığı nailiyyətlərlə, yeniliklərlə bir daha sübut etdi ki, xalqın etimadını doğruldan dünənin, bu günün və gələcəyin partiyasıdır.

Dahi şəxsiyyət, siyasi xadim Heydər Əliyevin banisi olduğu partiya daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlib.

YAP-ın VII qurultayında ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı, Partiyanın Sədri, Prezident İlham Əliyev əldə edilən uğurları, aparılan hərtərəfli islahatları yüksək dəyərləndirdi və gələcək fəaliyyətlə bağlı istiqamətləri, konturları göstərdi, YAP üzvləri qarşısında yeni vəzifələr müəyyənləşdirdi.

Hakim partiyanın son qurultayı həm də vacib qərarların qəbul edilməsi ilə yadda qaldı. Partiyanın yeni Nizamnaməsi qəbul olundu, 40 nəfərdən ibarət tərkibdə İdarə Heyəti seçildi, 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar verildi. Bununla da ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın əsası qoyuldu.

Xalqın böyük əksəriyyətinin üz tutduğu ən etibarlı ünvan, insanların güvənc yeri olan Yeni Azərbaycan Partiyası beynəlxalq əməkdaşlığın inkişafına öz töhfələrini gündən-günə artırır. YAP-ın təşəbbüsü ilə keçirilən tədbirlər Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına böyük dəstək olur. Beynəlxalq səviyyədə aparılan uğurlu siyasət nəticəsində artıq tarixə çevrilən və 30 il Azərbaycan xalqı üçün həlli müşkül problem olan keçmiş Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, ölkəmizin dünəni və bu günü ilə bağlı əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb.

YAP milli birlik, həmrəylik prinsiplərini əsas tutaraq dəyərli təşəbbüsləri ilə yeni müasir Azərbaycan naminə fəaliyyət istiqamətlərini genişləndirir. Partiyanın hər addımı, çoxsaylı təşəbbüsləri cəmiyyət tərəfindən razılıqla qarşılanır. YAP-ın hər bir üzvü də hakim partiyanın nailiyyətlərinə, uğurlarına öz töhfələrini verməyə çalışır. Çünki Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır.