YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Oğuzda vaksinasiya mütəşəkkil təşkil olunub

Oğuz rayonunda şəhid ailələri, gənclər, seçicilərlə görüşlər keçirən Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuz Rayon Mərkəzi Xəstəxanasında vaksinasiya prosesinin gedişi və bu məqsədlə yaradılmış şəraitlə tanış olub. Qeyd olunub ki, rayonda COVID-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin vaksinasiya olunması işinə çox diqqət və məsuliyyətlə yanaşılır, proses uğurla həyata keçirilir. Bu məqsədlə xəstəxanada xüsusi otaqlar ayrılmış, təlimatlara uyğun zəruri avadanlıqlarla təchiz edilərək lazımı şərait yaradılmışdır. Vurğulanıb ki, rayonda vaksin ehtiyatı kifayət qədərdir. Vaksinasiya prosesinin həm xəstəxanada, həm də yerlərdə mütəşəkkil aparılması üçün səyyar həkim briqadaları təşkil olunmuşdur. Bunun sayəsində də peyvəndləmə işi operativ şəkildə həyata keçirilir. Xəstəxananın kollektivi və dövlət müəssisələrinin məsul işçiləri tərəfindən bu sahədə vətəndaşlar arasında mütəmadi maarifləndirmə, geniş təbliğat işləri aparılır. Xəstəxananın həkimləri əminliklə bildirmişlər ki, Oğuzda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini vermiş, epidemioloji vəziyyət sabit olmaqla ötən dövrdə nəzarətdə saxlanılmışdır.

A.Naxçıvanlı ölkə ərazisində pandemiya ilə mübarizə sahəsində görülmüş işlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətində olduğunu, vətəndaşların sağlamlığının dövlətimiz üçün prioritet sayıldığını bildirmişdir. Təsadüfi deyildir ki, Azərbaycan pandemiya ilə mübarizədə dünyada daha effektiv nəticələrlə diqqəti cəlb edən qabaqcıl ölkələr sırasına daxil olmuşdur. Hətta bəzi inkişaf etmiş ölkələr koronovirus infeksiyasına qarşı mübarizədə məhz Azərbaycan modelini örnək olaraq qəbul etmişlər. Vətəndaşların isə vaksinasiya prosesində aktiv iştirak etməsi dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirmişdir.

Xəstəxananın kollektivi A.Naxçıvanlının COVİD-19 infeksiyasına qarşı mübarizə tədbirləri və yaradılan şəraitlə yerində tanış olmasını bu işə ölkə rəhbərliyinin diqqət və qayğısı kimi qiymətləndirmişlər. Həkimlər Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər. Bu məsuliyyətli işin öhdəsindən uğurla gələcəklərinə və dövlətimizin hər sınaqlardan olduğu kimi pandemiya sınağından da uğurla çıxacağına əminliklərini ifadə etmişlər.