YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bizim müharibəmiz azadlıq müharibəsi idi, biz işğala son qoyduq

İşğaldan azad olunmuş bütün ərazilərdə hər şey dağıdılıb, məhv edilib, vandalizm, barbarlıq nəticəsində Ağdam mövcud deyil. On minlərlə insanın məskəni olmuş şəhər indi dağıntılar içindədir. Bu, işğal illəri ərzində ermənilər, erməni cinayətkar rejimi tərəfindən törədilib.

Bu barədə Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifi qəbul edərkən bildirib.

İşğaldan azad edilmiş əraziləri ziyarət etdiyi üçün icraçı direktora minnətdarlığını bildirən dövlətimizin başçısı deyib: “Demək olar ki, otuz il ərzində Azərbaycan mədəniyyəti və tarixinin izini silmək üçün şəhərlərimiz, kəndlərimiz, tarixi və dini abidələrimiz qəsdən, planlaşdırılmış şəkildə dağıdılırdı. Lakin torpaqlarımızın azadlığı uğrunda müharibə onu göstərdi ki, gec və ya tez ədalət zəfər çalacaqdır. Səbirli olmaq lazımdır. Eyni zamanda, ölkəyə sadiq olmaq və məqsədə nail olmaq üçün hər gün işləmək lazımdır. Bizim müharibəmiz azadlıq müharibəsi idi. Biz işğala son qoyduq. Biz torpağımızdakı şər qüvvələrə son qoyduq”.

Prezident diqqətə çatdırıb ki, BMT-nin Təhlükəsizlik Şurası, Baş Assambleyası və digər mühüm beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul edilməsinə baxmayaraq Ermənistana ciddi təzyiq göstərilmirdi. “Ermənistana qarşı heç bir sanksiya tətbiq edilməmişdi. Hətta bəzi ölkələr təcavüzkarı və təcavüzün qurbanını tərəzinin eyni gözünə qoymağa cəhd edirdilər. Ermənilərin bu əraziləri uzun müddət ərzində öz nəzarəti altında saxlamalarının əsas səbəblərindən biri də bunlar idi”, - deyə Prezident İlham Əliyev vurğulayıb.