YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

30 ilə yaxın zəngin tarixi inkişaf yolu keçən Yeni Azərbaycan Partiyasının müasir dövlətçiliyimizin qurulmasında, güclənməsində və hazırda ən qüdrətli dövrünə gəlib çatmasında böyük rolu olmuşdur. Bu mənada ulu öndər Heydər Əliyevin bizlərə siyasi mirası olan Yeni Azərbaycan Partiyasının tarixi və uğurları birbaşa müasir Azərbaycan dövlətinin tarixi və uğurlarıdır.

Ötən il Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələ başlamışdır. Partiyamızın sədri, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən partiyanın VII Qurultayı öz qərarları və strategiyası ilə partiyanın həyatına yeni və daha parlaq bir dövr bəxş etmişdir. Bu Qurultaydan ötən bir il ərzində Yeni Azərbaycan Partiyası 30 illik tarixində tamamilə yeni dövrə qədəm qoymuş, partiyanın təkcə strukturu deyil, Nizamnaməsi və Proqramı da dövrün tələblərinə uyğunlaşdırılaraq tamamilə mütərəqqi bir formaya salınmışdır. Peşəkarlıq, dövlətçilik və vətənpərvərlik kimi ali dəyərləri aparılan yeni kadr siyasətinin əsas meyarları hesab edən Partiya rəhbərliyi bununla da partiyamızın gələcək addımlarını dövlətimizin addımlarına uyğunlaşdırmışdır. Bu mütərəqqi addımlar cəmiyyət daxilində qısa zaman ərzində partiyamıza daha böyük nüfuz və hörmət qazandırmışdır.

Bu gün öz məzmunlu fəaliyyəti və şərəfli tarixi ilə müstəqil Azərbaycan Respublikasının salnaməsini yaradan Yeni Azərbaycan Partiyası Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi dövlətçiliyimizə və xalqımıza layiqincə xidmət edir.

Ölkə əhalisi arasında Heydər Əliyev irsinin təbliği və təşviqi, güclü iqtisadiyyat və davamlı inkişaf, inklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı, şəffaflığın artırılması, vətəndaş cəmiyyətinin inkişafı, Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi, mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması, milli maraqlar və xarici siyasət, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi önəmli təşəbbüsləri öz vacib missiyası hesab edən Yeni Azərbaycan Partiyası ümumxalq partiyası olaraq öz vəzifə və öhtəliklərini ləyaqətlə həyata keçirməkdədir. Bu işdə sıravi partiya üzvündən tutmuş, partiya funksionerlərinə qədər hər kəs böyük və şərəfli bir məsuliyyət daşıyır.

Bu gün Yeni Azərbaycan Partiyasında sədrimiz cənab İlham Əliyev öz böyük missiyasını şərəflə, məsuliyyətlə, fədakarlıqla davam etdirir və bunun nəticəsində partiyamız öz misilsiz nailiyyətləri ilə alternativsiz siyasi kursa çevrilir.

Hazırda Yeni Azərbaycan Partiyasının öz proqramına uyğun siyasi fəaliyyəti cəmiyyətin diqqətini özünə cəlb edir, hətta ölkəmizdə uzun illərdir fəaliyyət göstərən və niyyəti Azərbaycanın inkişafına xidmət etmək olan siyasi gücləri də öz ətrafında birləşdirir. Bu Azərbaycan siyasi tarixində müşahidə edilən yeni tendensiya olmaqla bərabər, həm də dövlətimizin inkişafı, xalqımızın milli və ideya-siyasi birliyi naminə atılan mütərəqqi adımların məhz Yeni Azərbaycan Partiyasının ətrafında cərəyan etməsi bizləri çox sevindirir.

Əminəm ki, yaxın gələcəkdə Yeni Azərbaycan Partiyasının sıraları daha da genişlənəcək, ölkəmizin bütün tərəqqipərvər insanları partiyamızın ətrafında birləşməklə dövlətimizin güclənməsində, və dövlətçiliyimizin möhkəmlənməsində partiya üzvü kimi aktiv təmsil olunacaqlar. Ulu Öndər Heydər Əliyevin söylədiyi “Yeni Azərbaycan Partiyası dünənin, bugünün və gələcəyin partiyasıdır”, sözləri partiyamızın siyasi proseslərdə qazandığı və qazanacağı möhtəşəm qələbələrlə hər addımda öz təsdiqini tapacaqdır.