YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası müasir tarixi mərhələdə: realist vizyon və məsuliyyətli missiya

Emil Abasov

YAP Pirallahı rayon təşkilatının sədri

Bu ilinin noyabr ayında 30 illik yubileyini qeyd edəcək Yeni Azərbaycan Partiyasının sıraları ötən illər ərzində kəmiyyət və keyfiyyət baxımından günü-gündən zənginləşərək, Azərbaycanın ən yeni tarixində və ictimai-siyasi həyatında silinməz izlər buraxmışdır. Müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə zamanın ruhuna uyğun daha da təkmilləşir, yeniləşir, tutduğu yola sadiqliyi, sözlə əməl birliyi, monolitliyi, dövlətə, xalqa xidməti fəaliyyətinin priotiteti kimi saxlayaraq yeni-yeni hədəflərə doğru inamla irəliləyir və lider-ideya-təşkilat triadasının ən samballı təzahürü kimi çıxış edir.

Yeni Azərbaycan Partiyasının təsis edilməsi ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olub. Azərbaycanın tarixinə unudulmaz və möhtəşəm bir gün kimi daxil olan 1992-ci il noyabrın 21-i respublikamızın ictimai-siyasi həyatında yeni tarixi başlanğıcı sayılır. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları, uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatına daxil oldu və bununla Azərbaycanın tarixində yeni dövr başladı. Biz əminliklə deyə bilərik ki, Ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirdi. Ulu Öndər müstəqilliyimizin qorunması üçün görüləcək işlərin təsnifatını ardıcıllıqla müəyyənləşdirmişdi: Azərbaycanın müharibə vəziyyətindən çıxması, sosial-iqtisadi böhranın aradan qaldırılması, peşəkarların dövlət işlərinə cəlb edilməsi, qanunun aliliyinin təmin olunması, respublikanı məhvə sürükləyən zərərli meyillərin qarşısının alınması vacib vəzifə kimi qarşıya qoyulmuşdu. Bu kimi taleyüklü məsələlərin həlli isə təbii ki, yalnız xalqı öz ətrafında birləşdirəcək, insanların sabaha inamını gücləndirəcək vahid siyasi təşkilatın yaradılması ilə mümkün idi.

Bu gün partiya yüz minlərlə üzvü sıralarında birləşdirməklə Ulu Öndər Heydər Əliyevin  ideyalarının,  həyata keçirilən siyasətin təbliğatçısı və iştirakçısı kimi yeni-yeni hədəflərin gerçəkləşməsinə öz töhfəsini verir. İdeyaları, apardığı siyasət, uzunmüddətli, dayanıqlı inkişaf konsepsiyası ilə ictimaiyyətin böyük dəstəyini qazanan Yeni Azərbaycan Partiyasının xalqla birliyi sayəsində dövlətçiliyimizin əsasları möhkəmləndirilir. Partiyamızın fəaliyyət istiqamətlərinə və prinsiplərinə diqqət yetirdikdə onun Azərbaycanın bu günü və gələcəyi naminə gördüyü işlərin aydın mənzərəsi göz önündə canlanır. Azərbaycan xalqının istəkləri, cəmiyyətin sosial-iqtisadi sifarişləri Yeni Azərbaycan Partiyasının konseptual strateji proqramında ana xətti təşkil edir. Partiyanın gücü onun ideologiyasındadır, xalqın rəğbətini, sevgisini qazanmasındadır, böyük sosial bazaya malik olmasında və seçkilərdə parlaq qələbələr əldə etməsindədir. Müxalifət partiyası kimi yaranan Yeni Azərbaycan Partiyası 1993-cü ildə partiyanın Sədri, Ulu Öndər Heydər Əliyevin xalqın yekdil səsi ilə Prezident seçilməsi, eyni zamanda 1995-ci ildə keçirilən parlament seçkilərində qələbə qazanması ilə iqtidar partiyasına çevrildi. O vaxtdan bugünədək keçirilmiş bütün prezident, parlament, bələdiyyə seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Yeni Azərbaycan Partiyasına rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası bütün seçkilərdə qalib gəlməsi ilə tarixə adını qələbələr partiyası kimi də yazıb. Yeni Azərbaycan Partiyası dəyərli təşəbbüsləri ilə də cəmiyyət tərəfindən alqışlanır. Belə ki, partiya 2019-cu ilin sonlarında ölkədə geniş vüsət alan islahatlar prosesinin parlamentdə də öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. Bu təşəbbüs ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanaraq müəyyən prosedur qaydalarının həyata keçirilməsindən sonra dövlət başçısı İlham Əliyevin Sərəncamı əsasında 2020-ci il fevral ayının 9-da ölkəmizdə növbədənkənar parlament seçkiləri keçirildi. Partiya həmçinin Milli Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi üçün ümumxalq səsverməsinin keçirilməsi təşəbbüsünü də irəli sürərək xalqın dəstəyini qazanmışdır. Hər bir seçki partiyanın həyatında bu baxımdan diqqətçəkən olur ki, Yeni Azərbaycan Partiyasına xalqın inamı və etimadı ildən-ilə artır. Siyasi proseslərdə liderliyi bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası bundan sonra daha da qüdrətlənəcək, daha böyük siyasi gücə çevriləcək.

Qeyd olunduğu kimi, ötən illərin möhkəm bünövrəsi üzərində qarşıdakı illərin hədəfləri gerçəkləşdirilir. Ötən dövr ərzində Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı. Cənab İlham Əliyevin YAP-ın I qurultayında (20-21 dekabr 1999-cu il) partiyanın sədr müavini, II qurultayında (21 noyabr 2001-ci il) partiya sədrinin birinci müavini, III qurultayında (26 mart 2005-ci il) isə partiyanın sədri seçilməsi təşkilatın həyatında böyük tarixi hadisə oldu və Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başladı. 2021-ci il mart ayının 5-də keçirilən VII qurultay isə istər partiyanın, istərsə də ictimai-siyasi münasibətlər sistemimizin tarixində mühüm bir hadisə kimi yadda qaldı. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi.

Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirilmişdir. Bu qurultay zamanı Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra mühüm qərarlar qəbul edildi. Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi bir sıra zəruri amillərlə əlaqədar idi. Yeni milli çağırışlar həm partiyanın struktural formasında, həm də kadr komplektləşdirilməsində yenilənmə tələb edirdi ki, bu da daha çevik və daha səmərəli fəaliyyətin təmin edilməsi zərurəti ilə bağlı idi. Partiyamızda baş verən bu dəyişikliklər ilk növbədə onun fəaliyyətinin funksionallığını daha da artırdı və bu da bütövlükdə siyasi sistemimizdə yeni canlanma yaratdı.

 Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən bir ilə yaxın dövr həm ölkəmizin, həm də partiyamızın həyatında mühüm uğurlarla yadda qaldı. Qurultayda qəbul edilən qərara əsasən 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə çatdırıldı. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini, həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək müavini təyin edildi. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının strukturunun, Partiyanın Təftiş Komissiyasının sədri və sədr müavini seçilmiş, Gənclər Birliyinin say tərkibi müəyyən edilmiş, üzvləri, sədri və sədr müavinləri seçilmişdir. Partiyanın Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri hazırlanaraq təsdiq edilmişdir.

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul edilən ən önəmli məsələlərdən biri də altı siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmasına dair qərarın qəbul edilməsi olmuşdur. Təbii ki, bu, ilk növbədə, Yeni Azərbaycan Partiyasının sözün əsl mənasında, ümumxalq partiyası olduğunu və yüksək nüfuza malik aparıcı qüvvə kimi çıxış etdiyini göstərir. Digər tərəfdən, belə bir qərar, heç şübhəsiz, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət etmişdir. Bu qərar həmçinin ölkədə siyasi birlik və milli həmrəylik mühitinin güclənməsi baxımından mühüm əhəmiyyət daşıdı.

Azərbaycan dövlətinin bütün sahələrində əldə olunan uğurlar Yeni Azərbaycan Partiyasının yeni proqramının hazırlanmasını şərtləndirən mühüm faktorlardır. Prezident İlham Əliyevin çıxışlarından irəli gələn vəzifələri rəhbər tutaraq və ölkəmizin davamlı inkişafı, Azərbaycanın xarici siyasət sahəsində strateji maraqları, dördüncü sənaye inqilabının ictimai həyata göstərdiyi təsirləri və 44 günlük Vətən müharibəsində şanlı qələbənin yaratdığı reallıqları nəzərə alaraq, Yeni Azərbaycan Partiyasının “Biz birlikdə güclüyük!” devizi altında yeni proqramı işlənib hazırlanmış və partiyanın İdarə Heyətinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmişdir.

Prezident İlham Əliyevin apardığı siyasətin məqsəd və vəzifələri eyni zamanda onun sədri olduğu partiyanın məqsəd və vəzifələri deməkdir. Buna görə də dövlətimizin başçısının təsdiq etdiyi, cəmiyyətin müxtəlif sahələrinin inkişafını nəzərdə tutan milli prioritetlər, dövlət proqramları, konsepsiyalar, İnkişaf strategiyaları və fəaliyyət planlarındakı müddəalar partiyanın proqramında öz əksini tapmışdır. Partiyanın yeni proqramı beş fəsildən - “Partiyanın inkişafı və uğurları”, “Siyasi dəyərlər və prinsiplər”, “Partiyadaxili münasibətlərin və partiyanın fəaliyyətinin əsasları”, “Partiyanın əsas hədəfləri” və “Müzəffər liderlə Azərbaycanı yeni zirvələrə aparan güclü partiya” ibarətdir. Hər bir fəsil sosial-iqtisadi, siyasi, mənəvi-mədəni, ordu quruculuğu, xarici siyasət, vətəndaş cəmiyyəti və s. sahələri əhatə edən bölmələrə ayrılır. Hər bir bölmədə partiyanın qarşısında dayanan hədəflər və vəzifələr göstərilir.

 Yeni Azərbaycan Partiyasının mövqeyinə görə, siyasi idarəçilikdə və dövlətçilik şüurunda varislik prinsipi cəmiyyətin inkişafında əhəmiyyətli rol oynayır. Buna görə də partiyanın proqramında Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələrinin varislik əsasında qorunub saxlanılması əsas prinsiplərdən biri kimi qiymətləndirilir. Yeni Azərbaycan Partiyası siyasi dialoqa partiyalararası münasibətlərdə əməkdaşlığı möhkəmləndirən mühüm faktorlardan biri kimi baxır. Partiyanın proqramında qeyd edildiyi kimi, siyasi həmrəylik şəraitində konstruktivliyi təmin edən mütərəqqi ideyalar formalaşır, yeni siyasi konfiqurasiya şəraitində siyasi partiyalar arasında əməkdaşlıq və həmrəylik möhkəmlənir. Xüsusilə, vətəndaş həmrəyliyinin və siyasi dialoqun mövcudluğu ümummilli məsələlərin həllində vacib əhəmiyyət daşıyır. Buna görə də Azərbaycanın tərəqqisini təmin edən amillərdən biri milli birlik və siyasi həmrəylikdir. Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasında və partiyalararası dialoqun möhkəmlənməsində fəal iştirakı, geniş beynəlxalq əlaqələri Yeni Azərbaycan Partiyasının cəmiyyətdə mövqeyini möhkəmləndirir.

Partiyanın proqramında multikulturalizmin inkişafına və onun tərkib hissələrinə - milli kimliyin və mədəni müxtəlifliyin qorunması, mədəniyyətlərarası dialoqa sadiqlik, ölkəmizdə multikulturalizmin inkişafı sahəsində qazanılmış nailiyyətlərin beynəlxalq miqyasda təbliğinin gücləndirilməsi və s. böyük əhəmiyyət verilir ki, bu da təsadüfi deyildir. Çünki Azərbaycan dünyada mədəniyyətlərarası və dinlərarası dialoqun nəinki milli, eyni zamanda qlobal səviyyədə genişlənməsi üçün mühüm addımlar atan dövlət kimi tanınır. Partiyanın proqramında demokratik ənənələrə əsas dəyərlərdən biri kimi baxılır, eyni zamanda göstərilir ki, “YAP dövlətin idarə olunmasında və partiyadaxili fəaliyyətin təşkilində demokratik prinsipləri əsas götürür, siyasətdə açıq və peşəkar münasibətlərin tərəfdarı kimi çıxış edir”.

 Yeni Azərbaycan Partiyası hüquqi dövlətin və vətəndaş cəmiyyətinin inkişafı üçün demokratik dəyərlərə böyük əhəmiyyət verir. Partiya hesab edir ki, demokratik siyasi münasibətlər dövlətin tərəqqisini şərtləndirən vacib amillərdəndir. Azərbaycanda aparılan genişmiqyaslı islahatlar dövlət idarəçiliyinin və siyasi sistemin təkmilləşməsində, iqtisadiyyatın inkişafında, əhalinin sosial müdafiəsinin gücləndirilməsində, xalqımızın milli-mədəni irsinin və dəyərlərinin qorunmasında böyük əhəmiyyət kəsb edir. Bu islahatlar Azərbaycanın gələcək inkişafında yeni uğurların bünövrəsini qoyur.

Yeni Azərbaycan Partiyasının proqramında partiyadaxili münasibətlərin və partiya fəaliyyətinin əsasları dəqiq şəkildə müəyyənləşdirilir, onların peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, innovativ inkişaf və kreativlik, elmilik və müasirlik kimi meyarlara söykəndiyi göstərilir. Qeyd olunur ki, Azərbaycan xalqının maraqlarına cavab verən və mütərəqqi xarakter daşıyan müasir dəyərlərdən bəhrələnmək Yeni Azərbaycan Partiyasının fəaliyyətinin əsaslarından biridir. Partiya digər siyasi təşkilatlarla və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın demokratik prinsiplər əsasında möhkəmlənməsinə üstünlük verir. Proqramda Azərbaycanı tərəqqiyə aparan Heydər Əliyev irsinin indiki və gələcək nəsillər üçün zəngin xəzinə, Vətənə, xalqa və dövlətə xidmət nümunəsi olduğu bildirilir. Xüsusilə gənc nəslin dövlətçilik və vətənpərvərlik ruhunda formalaşmasında Ulu Öndərin irsinin təbliğinin vacibliyi göstərilir.

Məlumdur ki, hər bir ölkənin dünyaya təqdimatında, beynəlxalq əlaqələrinin inkişafında hakim partiyaların rolu inkaredilməzdir. Daim fəaliyyətində beynəlxalq əməkdaşlığa xüsusi önəm verən Yeni Azərbaycan Partiyası bu əlaqələrin inkişafına öz töhfələrini gündən-günə artırır. Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə keçirilən tədbirlər Azərbaycan reallıqlarının təbliğində əhəmiyyətli rol oynayır, qarşılıqlı səfərlər çərçivəsində imzalanan sənədlər ölkələr arasında münasibətlərin inkişafında yeni mərhələnin başlanmasına böyük dəstək olur. Qardaş Türkiyənin hakim partiyası olan Ədalət və İnkişaf Partiyası ilə əməkdaşlığı bunun bariz nümunəsidir. Prezident İlham Əliyevin bu siyasi təşkilata sədrliyindən sonra partiyanın beynəlxalq aləmdəki əməkdaşlığı geniş vüsət alıb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdən bəri sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Partiyamız 50-dən çox ölkənin təmsil olunduğu Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Daimi Komitəsinin üzvüdür. Yeni Azərbaycan Partiyası bu kimi nüfuzlu beynəlxalq qurumda təmsil olunmaqla Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində mühüm tribuna əldə edib.

Bütün bunlar sübut edir ki, Yeni Azərbaycan Partiyası perspektivli hədəflərə yol açan, dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının yeni proqramı müasir dövrün çağırışlarını və ölkəmizin davamlı inkişafını nəzərə almaqla özündə mütərəqqi dəyər və meyarlar, prinsiplər, realist vizyon və məsul missiyanı birləşdirir. İnanırıq ki, onların qorunması və yerinə yetirilməsi Azərbaycanın demokratik, hüquqi və dünyəvi dövlət kimi tərəqqisinə böyük təkan verəcək, onun dünya birliyində mövqeyini daha da möhkəmləndirəcəkdir.