YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: YAP-ın VII qurultayında qəbul olunmuş qərarlar müasir dövrün bütün tələb və çağırışlarına cavab verir

Ümumxalq etimadın ünvanına çevrilən Yeni Azərbaycan Partiyası hər zaman öz fəaliyyəti ilə dövlətimizin inkişafına, yüksəlişinə, dahi şəxsiyyət Heydər Əliyev ideallarına sədaqətini, Ulu Öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident cənab İlham Əliyevin apardığı islahatlara töhfələr verib. Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilib. Partiyanın yaradıcısı dahi şəxsiyyət, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə gəlişindən sonra hakim partiya statusunu alan YAP daim siyasi proseslərin önündə olub, ona göstərilən etimadın öhdəsindən layiqincə gəlib.

Partiya bu illər ərzində əldə etdiyi nailiyyətlərlə kifayətlənməyib, Azərbaycanın parlaq gələcəyi naminə ilklərə imza atıb, cəmiyyətimizdəki yeniliklərlə, dəyişikliklərlə bir addımlayıb. Partiyanın bir il əvvəl - 5 mart 2021-ci il tarixdə keçirilmiş VII qurultayında qəbul edilmiş qərarlar və ondan sonra həyata keçirilən tədbirlər bir daha göstərdi ki, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatın rolu və yeri xüsusidir.

Dünənin, bu günün və gələcəyin partiyasının VII qurultayı siyasi təşklatın tarixində növbəti dönüş nöqtəsi, yeni inkişaf mərhələsinin başlanğıcı oldu. Yeni Azərbaycan Partiyasının son qurultayında, əvvəlki quriltaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına hər zaman yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş mesaj oldu.

Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarlar, yeni Nizamnamə müasir dövrün bütün tələb və çağırışlarına cavab verdi, partiyanın fəaliyyətində keyfiyyət etibarı ilə əhəmiyyətli dəyişikliklərə səbəb oldu. Daha təkmil idarəetmə formasının müəyyən olunması, yeni Proqramın demokratik dəyərlərə və milli maraqlara əsaslanan, habelə müasir yanaşma və metodları özündə ehtiva etməsi hakim partiyanın ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsinə, yeni yol xəritəsinin müxtəlif istiqamətlərinin müəyyənləşdirilməsinə öz müsbət təsirini göstərdi.

Xüsusi ilə qeyd etmək lazımdır ki, hakim partiya 44 günlük Vətən müharibəsi dönəmində milli birlik modelini dünyaya nümayiş etdirdi, Azərbaycanın siyasi həyatında yeni bir strategiyanın - siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoydu. 6 siyasi partiyanın YAP-a qoşulması isə partiyanın cəmiyyətə milli həmrəylik mesajları verdiyini, qapılarının konstruktiv qüvvələrə açıq olduğunu nümayişi, eyni zamanda ölkəmizin siyasi mühitində siyasi dialoq mühitinin dərinləşməsində, demokratik ənənələrin şaxələnməsində yenilik oldu.

YAP-ın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi də ölkəmizdə uğurla həyata keçirilən xarici siyasətin davamıdır. Dostluq və qardaşlıq əlaqələri digər sahələrdə olduğu kimi, hakim siyasi partiyaların münasibətlərində də dinamik şəkildə inkişaf edir. Azərbaycan və Türkiyənin iqtidar partiyaları arasında uzun illər davam edən əməkdaşlıq 2021-ci ildə yeni mərhələyə qədəm qoydu. Yeni Azərbaycan Partiyası və Türkiyənin Ədalət və İnkişaf Partiyası (AK Parti) arasında ötən il iyun ayının 2-də imzalanmış əməkdaşlığa dair niyyət protokolu xüsusi əhəmiyyət kəsb edir. Hər iki partiyanın birgə təşkilatçılığı ilə ötən il videoformatda konfranslar keçirilmiş, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri baş tutmuşdur. Partiya liderləri arasında olan dostluq münasibətləri AK Parti və YAP arasında əlaqələrin daha da yaxınlaşmasına, uğurlu təcrübə mübadiləsinə təkan verəcəyinə əminlik yaradır. YAP-ın Rusiya, Çin, Özbəkistan, Tacikistan, Ukrayna, Yaponiya, Vyetnam, Laos və Kambocanın da hakim partiyaları ilə əlaqələri mövcuddur. YAP Asiya regionunda 350-dən artıq siyasi partiyanı əhatə edən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin üzvü kimi qurumun tədbirlərində fəal iştirak edir, həmçinin, dünyanın 100-ə yaxın siyasi partiyasını özündə birləşdirən Mərkəzçi Demokrat İnternasionalının (İDC-CDİ) müşahidəçi üzvü olaraq fəaliyyətini davam etdirir.

Qürurverici haldır ki, hər zaman siyasi proseslərin önündə olan hakim partiya 30 illik yubileyinə daha fəal və mətin addımlarla qədəm qoyur. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası bundan sonra da qarşısında dayanan vəzifələrin öhdəsindən layiqincə gələcək, Azərbaycanın bütün sahələrini əhatə edən genişmiqyaslı islahatlarının sürətli və hərtərəfli inkişafına davamlı töhfələr verəcək.