YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası yeni keyfiyyətdə yeni zirvələrə doğru irəliləyir

Əli  HÜSEYNLİ,

Milli Məclisin deputatı

Bu gün Yeni Azərbaycan Partiyasının VII qurultayından düz bir il ötür. Bu zaman kəsiyi partiyanın həyatında baş vermiş əhəmiyyətli dəyişikliklər dövrü olmuşdur. YAP-nın müasir çağırışlara və ölkədə vüsət almış dərin islahatlar kursuna uyğun şəkildə inkişafı üçün mühüm məqamlarla zəngin olan və böyük siyasi çəkiyə malik bu ali məclis partiyanın tarixində vacib yer tutur.

Bir neçə aydan sonra 760 mindən artıq siyasi həmfikiri ətrafında birləşdirən və yaranmasının 30 illik  yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası çox böyük və şərəfli fəaliyyət yolu keçib. Düşünürəm ki, onun ölkəmizin müstəqillik tarixində yeri və rolunu anlamaq üçün bir sıra məqamlara toxunmaq zəruridir.

Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq müstəqilliklərini bərpa etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı.

Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar ölkəni düşdüyü ağır iqtisadi, siyasi, mənəvi böhrandan nəinki qurtara bilmədi, əksinə, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar.

Ölkəni bürümüş dərin siyasi, iqtisadi və sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeganə yol kimi xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşmək təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə ona müraciət etdilər. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış ölkəni uçurumdan xilas etmək üçün hadisələri idarə etmək xahiş olunurdu. Bunun üçün isə həyata keçiriləcək proseslərin ideoloji əsası kimi yeni bir güclü siyasi partiyanın yaradılmasına ciddi ehtiyac duyulurdu.

Heydər Əliyev xalqın müraciətini qəbul etsə də, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratdılar. Bu səbəbdən partiyanı yaratmaq təşəbbüsünü dəstəkləyən insanların bir hissəsi - 550 nəfərdən ibarət qrup Naxçıvana gedərək YAP-nın təsis konfransını orada keçirməyə nail oldular. Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu tədbir 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar və partiyanın Proqram və Nizamnaməsi qəbul edildi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərində böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı. Onun gələcək perspektivlərini dəyərləndirərkən Heydər Əliyev demişdir: “...Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.  Və tarix sübut etdi ki, dahi Heydər Əliyev öz siyasi proqnozlarında yanılmamışdır.

Müxalifət partiyası kimi fəaliyyətə başladığı ilk gündən cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən YAP-ın Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız bütün bu dövr ərzində ildə öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

1993-cü ilin iyununda YAP-ın sədri Heydər Əliyevin hakimiyyətə gəlməsi və oktyabrın 3-də prezident seçilməsi ilə partiyanın həyatında yeni dövrün əsası qoyulmuşdur. 1995-ci ilin noyabr ayının 12-də keçirilən Parlament seçkilərində Milli məclisə seçilən deputatların əksəriyyəti Yeni Azərbaycan Partiyasının üzvləri olduğundan YAP iqtidar partiyasına çevrilmiş, ona olan ümumxalq inamı bir daha təsdiq edilmişdir.

Yeni Azərbaycan Partiyasının qurultaylarında qəbul edilən tarixi qərarlar ölkəmızın ictimai - siyasi həyatına yeniliklər gətirib, ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. Hər zaman dövlətimizin inkişafına, yüksəlişinə, Heydər Əliyev ideallarına sədaqətini nümayiş etdirən Yeni Azərbaycan Partiyası Ulu öndərin müəyyən etdiyi strateji inkişaf kursunu əzmlə həyata keçirən Prezident İlham Əliyevin apardığı islahatlara töhfələr verib, ölkədə ardıcıllıqla reallaşan sosial-iqtisadi, hüquqi, siyasi islahatların mütərəqqi ideoloji əsaslarını formalaşdırıb.

Azərbaycanda 2018-ci ilin aprelində və 2019-ci ilin fevralında reallaşan erkən prezident və növbədənkənar parlament seçkilərinin yaratdığı yeni siyasi konfiqurasiya ölkə və bölgə üçün qüvvələri səfərbər etməyin əsas dayaq nöqtəsi rolunu oynadı. Bu prosesin önündə duran YAP-nın çoxminli siyasi ordusu nəticələrin uğuruna yönələn əzmkar fəaliyyəti ilə diqqət çəkdi. Ölkənin həyatında yeni bir dönəmin, yeni bir başlanğıcın əsası ölkədə fəaliyyət göstərən ictimai-siyasi qüvvələrin YAP-ın öncül mövqeyinə sayğılı mövqeyi ilə müşayiət olunan konstruktiv əməkdaşlıq sayəsində qoyuldu.

Ən əsası, ikinci Qarabağ savaşında möhtəşəm qələbə qazanilmasında və beləliklə də, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasında ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasında, təkmilləşməsində siyasi təşkilatların rolu və yeri baxımından YAP-nın  ortaya qoyduğu mövqe və əldə olunmuş tarixi nailiyyətə verdiyi töhfə çox dəyərlidir. Erməistanın 30 illik təcavüzünə son qoymaq üçün 2020-ci ilin sentyabrın 27-də Azərbaycan respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ortaya qoyduğu güclü siyasi iradə ölkənin ümummilli maraqlar ətrafında birləşən, kiçik istisna ilə, bütün siyasi partiyalarının dəstəyini qazandı. Azərbaycan xalqı üçün taleyüklü məqamlarda, Qələbənin əldə olunması üçün heç də sonuncu şərt olmayan belə həmrəyliyin əldə olunmasında YAP-nın rolu əvəzedilməzdir. Bununla hakim partiya 44 günlük Vətən müharibəsinin gedişində Azərbaycanın siyasi həyatında milli birlik modelini dünyaya nümayiş etdirən yeni bir strategiyanın - inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu.

Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın fəaliyyəti ölkə sərhədləri ilə məhdudlaşmır.  Onun beynəlxalq münasibətlərinin yüksələn xətt üzrə inkişaf etməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın coğrafiyasının genişlənməsi, keyfiyyətcə zənginləşməsi siyasi önəm daşımaqla ölkəmizin xarici əlaqələrinin daha da möhkəmlənməsinə əhəmiyyətli və vacib töhfədir. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri partiya fəaliyyətinin prioritet istiqamətinə çevrilib.

Bütün bu tarixi uğurlar fonunda  2021-ci il mart ayının 5-də keçirilmiş YAP-nın VII qurultayı YAP-ın keçdiyi tarixi inkişaf mərhələlərini dəyərləndirmək, ölkədaxili vətəndaş həmrəyliyinə istinad edərək siyasi qüvvələrin daha möhkəm birliyinə nail olmaq, qarşıda duran vacib məsələlərin birgə həlli yollarını müzakirə etməklə yeni dövrün çağırışlarına birgə cavab tədbirlərini müəyyənləşdirmək, yeni hədəflər naminə yeni qərarlar  qəbul etmək baxımından çox əhəmiyyətli siyasi hadisə kimi dəyərləndirilməlidir.

Ötən illər ərzində fəaliyyətində ciddi irəliləyişlər əldə edən və partiyamızın banisi Heydər Əliyevin təbirincə desək, “dünənin, bu günün və gələcəyin partiyası” olan YAP-nın ölkəmizin ictimai-siyasi həyatında çox mühüm və əlamətdar hadisə kimi yadda qalan ali forumu onun tarixində növbəti dönüş nöqtəsi,  partiyanın fəaliyyətində yeni mərhələnin start nöqtəsidir.

Ölkə Prezidenti İlham Əliyevin qurultayda proqram xarakterli çıxışı, vacib qərarların qəbul edilməsi partiyanın idarə olunmasının və partiyada fəaliyyətin tənzimlənməsinin yeni, çevik mexanizminin yaradılması, təkcə Yeni Azərbaycan Partiyasının üzvlərinə deyil, bütövlükdə Azərbaycan cəmiyyətinə verilən, xalqımızın yüksək mənəvi dəyərlərindən, dünyagörüşündən qaynaqlanan, ölkəmizin siyasi münasibətlər sisteminin gələcəyinə yönəlmiş ismarıcdır. YAP-nın lideri ölkənin iqtidar partiyasının inkişaf tarixinin ən mühüm mərhələlərini qeyd  etmiş və Partiyanın perspektiv xarakterli strateji hədəflərini vurğulamışdır.

Yeni Azərbaycan Partiyasının yeniləşmiş Proqramında ölkənin inkişafına və cəmiyyətin tərəqqisinə xidmət edən və effektiv nəticələrin əldə olunması naminə növbəti strateji hədəflər müəyyənləşmişdir. Buraya Heydər Əliyev irsinin təbliği və təşviqindən tutmuş, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış kimi həyatımızın bütün sahələrinə dair istiqamətlər daxildir. Bütün bunlara nail olmaq üçün isə  YAP-da partiyadaxili münasibətləri səciyyələndirən əsas meyarlar - peşəkarlıq, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlər, müasirlik, innovativ inkişaf və kreativlik real həyatda öz əksini tapmalıdır.

VII qurultayda qəbul olunmuş qərarlar hakim partiyanın “iqtidar-xalq” modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. 6 siyası partiyanın Yeni Azərbaycan Partiyasına birləşməsi isə partiyamızın yüksək nüfuzunun ifadəsi və məqsədyönlü fəaliyyətinin nəticəsidir. YAP yeni dövrdə ölkədə siyasi dialoq mühitinin gücləndirilməsində də mühüm rol oyanamağa davam edir.

Təkmilləşdirilmiş effektiv idarəetmə mexanizminin yaradılması Yeni Azərbaycan Partiyasının bundan sonrakı dövrdə də ölkənin siyasi həyatında aparıcı qüvvə kimi mühüm nailiyyətlər qazanmasını şərtləndirəcək. Partiyada birinci müavin postunun təsis olunması və bu postun ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya həvalə olunması idarəetmə prosesinin təkmilləşdirilməsinə xidmət edən mühüm addımdır.

Partiyanın vacib siyasi vektorlarından biri də ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəsil nümayəndələrinin fəal vətəndaş mövqeyinə cəlb olunmasıdır. Prezident İlham Əliyev hər zaman ölkə gənclərinə göstərilən inam və etimadın doğrulduğu barədə pozitiv fikirlər söyləyir, xüsusilə torpaqlarımızı işğalçılardan azad edilməsində Vətənə sevgi, düşmənə nifrət hissi ilə yetişən gənc nəsilin rolunu yüksək qiymətləndirir. Təbii ki, bu müqəddəs mücadilədə ümumilikdə azərbaycan xalqının birliyi həlledici amillərdəndir.  Lakin bu gün qalib ordumuzu formalaşdıran qəhrəman Azərbaycan əsgər və zabitlərinin böyük əksəriyyəti məhz İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü ildə uşaq və yeniyetmə olan gənclərdir.

Beləliklə, xalqın böyük etimadını, inamını qazanan partiyanın VII qurultayından ötən dövr ərzində  onun lideri, ölkə rəhbərinin praqmatikliyi və uzaqgörənliyi sayəsində bütün sahələrdə həyata keçirilən sistemli, ardıcıl islahatlar fonunda ölkədə yeni siyasi mühitin milli və siyasi həmrəyliyin formalaşmasına yeni keyfiyyət dəyişiklikləri gətirmiş, partiya fəaliyyətinin tənzimlənməsində çeviklik və səmərəlilik daha da artmışdır. Azərbaycan Prezidenti, partiyamızın Sədri cənab İlham Əliyev ölkənin inkişafında YAP-nın rolunu bu sözlərlə ifadə etmişdir: “Bu gün partiyamızın fəaliyyəti, ideyaları, apardığı siyasət gənc nəsil üçün də cəlbedicidir və bu, çox müsbət haldır. Bu, onu göstərir ki, Azərbaycanda bundan sonra da uzunmüddətli, dayanıqlı inkişaf təmin olunacaq və partiyanın təbliğ etdiyi, bəyan etdiyi prinsiplər bu gün xalq tərəfindən tam dəstəklənir. İndi Azərbaycanda görülmüş işlər, ölkəmizin uğurlu inkişafı, əlbəttə, hər bir vətənpərvər insana əyani şəkildə göstərir ki, bugünkü iqtidarın apardığı siyasət yeganə düzgün siyasətdir”.

Odur ki, Yeni Azərbaycan Partiyasının gələcək inkişafı və dahada böyük nailiyyətlər əldə edəcəyi ilə bağlı Azərbaycan cəmiyyətində çox nikbin fikir və inam formalşmaqdadır. Əminəm ki, Prezident İlham Əliyevin Sədri olduğu partiya məramı, proqramı, həm də fəaliyyəti və əldə etdiyi nailiyyətlərlə kifayətlənməyərək, Azərbaycanın parlaq gələcəyi naminə cəmiyyətimizdəki yenilik və dəyişikliklərlə bir addımlayacaq, bu reallıqların fonunda ölkəmizin qarşısında yeni dövrün tələblərinə uyğun çağırışlara uyğun fəaliyyət sərgiləyəcəkdir.

Ötən bir ilin yekunları da onu deməyə əsas verir ki, hər zaman siyasi proseslərdə önündə olan və artıq yeni idarəetmə modelini özündə ehtiva edən hakim partiya 30 illik yubileyinə doğru daha fəal, yeniləşmiş formatda, inamla irəliləməklə qarşısında duran vəzifələrin öhdəsindən layiqincə gəlmək iqtidarındadır.