YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Deputat Aqiyə Naxçıvanlı Oğuzda gənclərlə görüşüb

Oğuz rayonunda Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının təşəbbüsü ilə rayon gənclərinin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə dəstək məqsədilə görüş keçirilib. Tədbiri giriş sözü ilə açan fəal gənc Anar Məcidov ölkə rəhbərliyi tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan, onlara yaradılan hərtərəfli geniş imkanlardan söhbət açıb.

Daha sonra deputat Aqiyə Naxçıvanlı oğuzlu gəncləri salamlayaraq, Azərbaycan gənclərinin hərbi, təhsil, mədəniyyət idman, istehsalat sahəsində, tibb və elmi-pedaqoji fəaliyyətdə əldə etdiyi uğurlardan danışıb. Ölkə gənclərinin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək dövlətimizin ərazi bütövlüyünün bərpası uğrunda səfərbər olmasından söhbət açıb: “Onlar düşməni döyüş meydanında məhv edərək, böyük Qələbənin Azərbaycan xalqına bəxş edilməsində əsas rol oynayıblar. Qazanılan böyük Qələbə artıq ölkəmizlə bağlı bütün sahələrdə yeni reallıqlar yaradıb. Bu tarixi Qələbənin əbədiliyini, sarsılmazlığını qoruyub saxlamaq, daha güclü Azərbaycan naminə çalışmaq gənclərimizin üzərinə düşən tarixi məsuliyyət və vəzifədir”.

Müzakirə formatında davam edən görüşdə gənclərin sualları cavablandırılıb. Çıxış edənlər dövlətin onlara göstərdiyi qayğıdan, deputatın gənclərlə mütəmadi görüşlər keçirməsindən razılıqlarını bildiriblər. Rayon gəncləri İlkin Lətifov, Mehman Ramazanov, Vasif İsmayılov müxtəlif təkliflərlə çıxış ediblər.

Oğuz Gənclər və İdman İdarəsinin rəisi Ramiz Mahmudov ölkədə gənclərlə bağlı Dövlət proqramlarının qəbul olunmasından danışıb. Bildirib ki, həmin proqramlar nəticəsində bu gün Azərbaycan gəncləri dövlətin idarə olunmasında fəal iştirak edirlər: “Bunlarla bərabər Oğuz gənclərinin bəzi problemlərinin dövlət səviyyəsində həll olunmasına ehtiyac var. Bu Oğuzda Gənclər evinin tikintisidir. Hazırda gənclərimizin bir məkanda toplaşmaq, fikir mübadiləsi aparmaq, layihələr hazırlamaq üçün rayon ərazisində heç bir məkan yoxdur. Bu məsələ həllini taparsa Oğuz gənclərinin uğurları qısa müddətdə hər kəsi sevindirəcək”,

Tədbirin sonunda deputat Aqiyə Naxçıvanlı Oğuz gəncləri ilə yaxın gələcəkdə həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparıb.