YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Rusiya səfəri, Azərbaycanın milli maraqları baxımından məhsuldar oldu

“Cənab  prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və müdrik xarici siyasət nəticəsində ölkəmiz dünya miqyasında etibarlı tərəfdaş kimi tanınır və Azərbaycanın beynəlxalq nüfuzu durmadan artmaqdadır. Ölkəmizin milli maraqlarının qorunmasına hesablanmış bu müdrik xarici siyasətin nəticəsidir ki, bu gün dünyanın bir çox ölkələri Azərbaycanla əməkdaşlıq etməyə, müttəfiqlik münasibətləri qurmağa can atır”. Bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.                                                         

Sədaqət Vəliyeva bildirib ki, dünyada ölkələr arasında münasibətlərin pisləşdiyi, qarşıdurma meyllərinin artdığı bir dövrdə  Azərbaycan prezidentinin dünyanın ən güclü dövlətlərindən biri olan Rusiyaya səfər etməsi, Cənab Prezident İlham Əliyevin siyasi-diplomatik bacarığının göstəricisdir:

“Azərbaycanla Rusiya arasında uzunmüddətli dostluq əlaqələrinin mövcudluğu, iki ölkə arasında 200-dən artıq sənədin imzalanması göstərir ki, dövlətlərarası münasibətlər ali səviyyədə inkşaf edərək müttəfiqlik səviyyəsinə çatmışdır. Bu mənada, imzalanmış Moskva Bəyannaməsi uzun illər ərzində həyata keçirilən səmərəli işlərin nəticəsidir”.

Cənab Prezident İlham Əliyev Rusiyaya səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb və onların suallarını cavablandırıb. Görüş zamanı yadda qalan əsas məqamlardan biri də, Cənab Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən "RT" telekanalının və "Rossiya seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Marqarita Simonyanın heç bir əsası olmayan və qərəzli sualına verilmiş cavablar oldu. Azərbaycan prezidenti danılmaz faktlarla, statistik göstəricilərlə, məntiqi arqumentlərlə Simonyanın yalançı jurnalist olmasını, əslində isə jurnalistikadan və peşə prinsiplərindən uzaq olduğunu sübuta yetirmiş oldu. Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva verdiyi cavablarla erməni əsilli jurnalisti susdurdu və saxta, yalançı erməni təbliğatına ciddi zərbə vurmuş oldu – deyən Sədaqət Vəliyeva əlavə edib ki, Ölkə başçısı görüş zamanı bir daha Azərbaycanın sülhsevər humanist mövqeyini bəyan edərək, Azərbaycanın Ermənistanla sülh müqaviləsi bağlamaq arzusunu diqqətə çatdırdı:

“Bundan başqa, Cənab Prezident Azərbaycanın iki böyük və qonşu ölkəsi olan Türkiyə və Rusiya ilə müttəfiqlik münasibətlərinə malik olmasını, artıq bu əməkdaşlığın üçtərəfli formatda  de-fakto səviyyəsində formalaşmasını vurğuladı.

İşğaldan azad olunmuş ərazilərin bərpası məsələsinə toxunan ölkə başçısı, həmin ərazilərdə sürətli bərpa-quruculuq işlərinin getdiyini, Ağdam, Füzuli, Şuşa şəhərlərinin tikintisinin Baş planlarının işlənib hazırlandığını, Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji”,  “ağıllı şəhərlər”, “ağıllı kəndlər” konsepsiyasında olacağını qeyd etdi.

Ümumilikdə Azərbaycan prezidentinin Rusiyaya səfəri, Azərbaycanın milli maraqları baxımından məhsuldar oldu və bu mənada Rusiya səfərini Azərbaycanın tarixi qələbəsi kimi xarakterizə etmək olar”.