YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

O dəhşətli günü nə biz unutduq, nə xocalılar, nə də bu faciəyə göz yuman ədalətsiz dünya

Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı Oğuz rayonunda məskunlaşmış Xocalı ailələri ilə görüş keçirib. Şəhidlər xiyabanı qarşısında baş tutan görüşdə deputat azərbaycanlılara qarşı erməni şovinist dairələrinin XIX-XX əsrlərdə mərhələ-mərhələ həyata keçirdiyi etnik təmizləmə siyasətinin tərkib hissəsi olan Xocalı soyqırımı haqqında danışıb. “Əsrin ən amansız qətliamı zamanı Xocalı ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdur. Bir neçə saat ərzində 613 soydaşımız xüsusi qəddarlıqla qətlə yetirilmiş, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilmişdir. Ən təəccüblüsü budur ki, faciə bəşəriyyətin gözünün qarşısında nümayişkəranə şəkildə baş vermişdir. Bu gün dünya dövlətlərinə demokratiyadan, insan haqlarından dərs keçən bəzi dövlətlər isə seyrçi mövqedə dayanmışdılar. Xocalı soyqırımı erməni faşizminin iç üzünü bir daha açıb göstərməklə, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət idi. Ulu öndər Heydər Əliyevin Xocalı soyqırımı haqqında “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Bu, Xocalı şəhidlərinin ruhu qarşısında bizim vətəndaşlıq və insanlıq borcumuzdur” fikrinə əsaslanan dövlət başçısı İlham Əliyev Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində səmərəli fəaliyyəti ilə yanaşı, həm də dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə nail olub. Onun göstərişi ilə hər il Xocalı soyqırımı genişmiqyaslı tədbirlərlə qeyd edilir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər ildən-ilə daha da genişlənir”.

Görüşdə çıxış edən Xocalı sakinləri Vidadi Həsənov, Qəndab Xəlilova Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edilməsindən, həmin ərazilərdə aparılan abadlıq-quruculuq işlərindən ətraflı danışaraq Xocalıya gedəcəkləri günü səbirsizliklə gözlədiklərini qeyd ediblər.

Oğuzda məskunlaşan Xocalı ailələri fəaliyyəti dövründə onları yalnız qoymayan deputat Aqiyə Naxçıvanlıya göstərdiyi diqqətə, qayğıkeşliyə və köməkliklərə görə minnətdarlıqlarını bildirib, onunla Xocalıda görüşmək arzusunda olduqlarını söyləyiblər.

Tədbirin sonunda deputat tərəfindən təşkil olunmuş ərzaq sovqatları Oğuz rayonunda məskunlaşmış Xocalı ailələrinə təqdim edilib.