YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Binəqədi rayonunda “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Şuşa Dövlət Musiqili Dram Teatrının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalım, evimizə qayıdırıq!” adlı tədbir keçirilib.

Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov və Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov, “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova, aprel şəhidləri Emin Bağırovun atası İmran Bağırov, Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı, Vətən müharibəsi qaziləri Əziz Əzizov, İlkin Kərimli və Orxan Osmanov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Günel Həsənova, Binəqədi rayonu ərazisində fəaliyyət göstərən QHT sədrləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatlarının sədrləri və üzvləri və rayon ictimaiyyəti iştirak ediblər.

Tədbirdən öncə qonaqlar Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Binəqədi Rayonu Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə məktəblilərin əl işlərindən ibarət hazırlanmış rəsm sərgisi ilə tanış olublar.

Tədbir şəhidlərin əziz xatirələrinin ehtiramla yad edildikdən sonra Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Xocalım, evimizə qayıdırıq!” adlı ədəbi-bədii kompozisiyanın təqdimatı ilə açıq elan olunub.

Tamaşadan sonra tədbiri giriş nitqi ilə açan Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov qonaqları salamlayaraq tamaşa haqqında geniş məlumat verib. Bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı müvafiq Sərəncamına uyğun olaraq Şuşa Dövlət Musiqili Dram Teatrı “Xocalıya Ədalət” kampaniyası çərçivəsində anım mərasimləri keçirilir.

“Xocalım, evimizə qayıdırıq!” adlı tamaşa Xocalıda baş verən hadisələrə ithaf olunub. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən Vətən müharibəsində qazanılan Böyük Qələbə sevincini yaşadıq. Lakin xalqımız Xocalıda baş verənləri və onların əziz xatirəsini biz heç vaxt unutmayacaq.

Daha sonra YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bildirib ki, erməni fitnəkarlığından bəhs edən tamaşa 1992-ci il fevral ayının 25-dən 26-a keçən gecə erməni və rus hərbi birləşmələrinin Xocalı şəhərini işğal etdiyi zaman öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların faciəli taleyini, onların saf hislərini, psixoloji və mənəvi durumunu təsirli səhnələrlə əks etdirir. O, həmçinin Xocalı soyqırımında ermənilərin törətdikləri vəhşiliklərdən, soyqırımla bağlı tarixi faktlardan söz açıb. Həmin dövrü tarixi aspektlərdən təhlil edən V.İsmayılov bu soyqırımın Azərbaycan xalqının müstəqillik qurmaq niyyətinin qarşısını almaq üçün həyata keçirildiyini bildirib.

Daha sonra “Xocalı soyqırımını tanıtma” ictimai birliyinin rəhbəri Ayna Novruzova Xocalı haqqında həqiqətlərin dünyaya çatdırılmasından, bu faciənin xalqımıza qarşı törədilən soyqırım aktı kimi tanınması üçün Azərbaycan dövləti tərəfindən bütün zəruri addımların ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra geniş vüsət tapdığını, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, fevralın 26-sının Xocalı Soyqırımı Günü elan edildiyini vurğuladı və o dəhşətli gecənin şahidi kimi təəsuratlarını bölüşdü, şəhidlərin qanının yerdə qalmadığını qeyd edib.

Milli Məclisin deputatı Kamaləddin Qafarov vurğulayıb ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu istiqamətdə təbliğat işini daha da fəallaşdırmış və faciə ilə əlaqədar dəhşətli faktlar bu kampaniya çərçivəsində aparılan işlər sayəsində geniş beynəlxalq ictimaiyyətə çatdırılıb, planetin bütün guşələrində milyonlarla insan erməni millətçilərinin əsl simasına bələd olub. O, həmçinin Xocalı faciəsi”nin 30-cu ildönümü yaşansa da, hələ də Azərbaycanın bütün vətəndaşlarının o dəhşətli, faciəli gecəni, xalqımızın başına gətirilən bəlaları unutmadığını, milli azadlıq, müstəqillik uğrunda qəhrəmanlıq göstərən oğul və qızlarımızı hörmətlə yad etdiklərini bildirib.

Sonda çıxış edən Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev tamaşa haqqında təəssüratlarından bəhs edərək əlavə edib ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb, tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və ermənilər tərəfindən kütləvi qırğınlarla üzləşib. 27 sentyabr - 10 noyabr 2020-ci il tarixlərdə işğal olunmuş torpaqların düşməndən azad edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasətin nəticəsində rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı azad etdi və Xocalı şəhərində erməni terrorçularının törətdiyi vəhşiliklərin qisasını aldı.

Tədbir iştirakçıların Xocalı faciəsi haqqında xatirələrini və tamaşanın təəssüratlarını bölüşməklə davam etdirildi.