YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident: Biz inteqrasiya layihələrində bunun milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük

Biz inteqrasiya layihələrində bunun məqsədəuyğunluğunu və milli maraqlarımıza nə dərəcədə cavab verməsini əsas götürürük.

Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev TASS agentliyində Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyovun “Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına, Şanxay Əməkdaşlıq Təşkilatına tərəf meyil edə bilərmi?” sualına cavabında bildirib.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında aparıcı rolun Rusiyaya məxsus olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Axı aydındır ki, KTMT-ni KTMT edən Rusiyanın orada olmasıdır. Əgər Rusiya KTMT-də olmasa, KTMT heç kəsin yadına düşməz. Hər şey bundan irəli gəlir. Rusiya ilə Azərbaycan arasında hərbi-siyasi əməkdaşlığın səviyyəsinin artırılması istiqamətində bir addım artıq atılıb. Ermənistan istisna olmaqla KTMT-nin digər üzvləri ilə bizim çox etimadlı, yaxın, dostluq münasibətlərimiz var. Fikrimcə, İkinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistanla münasibətlər də normallaşacaq. Hər halda biz Ermənistan ilə sülh müqaviləsi bağlamaq arzusunda olduğumuzu rəsmən bəyan etmişik. Yəqin ki, müəyyən mərhələdə bu, baş tutacaq. Lakin indiki geosiyasi reallıqlarda biz realist olmalı, əldə edilməsi mümkün olmayanı arzu etməməliyik”.

Azərbaycan Prezidenti qeyd edib ki, eyni sözlər Avrasiya İqtisadi Əməkdaşlıq Təşkilatı ilə bağlı suala da aiddir. “Həm ekspertlər cəmiyyətində, həm də siyasi müstəvidə bu barədə də çoxdan diskussiya gedir. Lakin biz burada da onu əsas götürürük ki, bu, bizim iqtisadi maraqlarımıza nə dərəcədə cavab verəcək, çünki bizim strategiyamız və taktiki addımlarımız həmişə öz resurslarımıza, nəyə malik olmağımıza əsaslanıb. Biz özünəyetərli iqtisadiyyat yaratmağa və istər beynəlxalq maliyyə təsisatlarından, istərsə də hər hansı başqa maliyyə mədaxilindən asılı olmamağı bacarmışıq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.