YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Öncə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının və Xocalı soyqırımının günahsız qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Xocalı soyqırımının tarixi xronikasını əks etdirən videoçarx nümayiş olunduqdan sonra tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov Xocalı qətliamının Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisi olduğunu bildirib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə bütün beynəlxalq hüquq normalarını pozaraq mühasirədəki Xocalı şəhərinin dinc əhalisinin üzərinə ağır hərbi texnika yeritdiyini söyləyən rektor əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş olunmasından, şəhərin barbarcasına yerlə-yeksan edilməsindən ətraflı danışıb.

H.Məmmədov Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması istiqamətində ilk məqsədyönlü fəaliyyətin ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra başlandığını diqqətə çatdırıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönündə səfirliklər və diaspor təşkilatlarının həyata keçirdiyi işləri xüsusi vurğulayan ali təhsil ocağının rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlərin ildən-ilə daha da genişləndiyini söyləyib.

Rektor çıxışında 44 gün sürən döyüşlər nəticəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun parlaq qələbə qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdiyini, şəhidlərimizin, Xocalının günahsız qurbanlarının qisasının alındığını bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olan bəşəri cinayətin – Xocalı soyqırımının ağır nəticələrindən bəhs edib. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Xocalı soyqırımına siyasi-hüquqi qiymət verildiyini, 1994-cü il fevralın 24-də Milli Məclisin “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul etdiyini xatırladan icra başçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həm hüquqi müstəvidə, həm də Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində davam etdirilən işləri vurğulayıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın gərgin fəaliyyəti, zəhməti nəticəsində haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərildiyini deyən A.Fərzəliyev hazırda Xocalı soyqırımının bir sıra ölkələr tərəfindən tanındığını və faciəyə beynəlxalq siyasi qiymət verildiyini fikirlərinə əlavə edib.

44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşdiyini vurğulayan A.Fərzəliyev ordumuzun düşmənə sarsıdıcı zərbələr endirərək tarixi Qələbə qazandığını və şəhidlərimizin qisasının alındığını deyib. İcra başçısı Vətən müharibəsində misilsiz igidliklər göstərən qəhrəmanlarımızın böyük əksəriyyətinin gənc nəslin nümayəndələri olmasından, həmçinin onların haqq savaşımıza könüllü qoşulmasından da danışıb.

YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev çıxışında bildirib ki, Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımı təkcə xalqımıza yox, bütün bəşəriyyətə qarşı törədilən ən qəddar cinayətlər siyahısında yer alır. Bu faciə həm də əsrlər boyu ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımların daha bir dəhşətli təzahürdür. Keçən illərdən fərqli olaraq artıq bu ildönümündə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etməklə yanaşı, həm də şəhidlərimizin qanını aldı.

Daha sonra tədbirdə BMU-nun Tələbə Gənclər Təşkilatının (TGT) sədri Ləman Şərifova çıxış edib. Xocalı soyqırımının təkcə xalqımıza qarşı deyil, eyni zamanda bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğu bildirilib, Xocalı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırmaq istiqamətində gənclərin üzərinə düşən əsas vəzifələr qeyd edilib.

Tədbirin sonunda BMU-nun bədii özfəaliyyət kollektivinin hazırladığı “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.