YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşa və Moskva Bəyannamələri Azərbaycana böyük etimadın təqdimatıdır

Yeni Azərbaycan Partiyası (YAP) Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik  Bəyannaməsinin perspektivlərindən geniş bəhs edərək bildirib ki, dostluq və mehriban qonşuluq prinsiplərinə söykənən bu əlaqələr illər keçdikcə yeni istiqamətlər  üzrə inkişaf edib,  hazırkı səviyyəyə gəlib çatıb: “Azərbaycan hər zaman xarici siyasətində qonşu dövlətlərlə əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan-Rusiya münasibətləri bunun bariz nümunəsidir. Dövlət başçısı İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin mətbuata bəyanatlarında əksini tapan fikirlər, dünənə baxış əsasında açıqlanan  perspektivlər iki ölkənin münasibətlərinin aydın mənzərəsini təqdim edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, görüşlərin intensivliyi əlaqələrimizin inkişafının dinamik xarakter daşımasına parlaq sübutdur. Rusiya ilə Azərbaycanı çoxəsrlik dostluq, mehriban qonşuluq telləri bağlayır. Bu əlaqələr hazırda  keyfiyyətcə yeni səviyyəyə çatıb”.

M.Balaqadaşov qeyd edib ki, Moskva Bəyannaməsi  yeni dövrün yeni reallıqlarına əsaslanır, Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir: “43 bənddən ibarət olan bu sənəddə  Qafqaz regionu və Xəzərdə sabitliyin,  təhlükəsizliyin təmin edilməsində qarşılıqlı fəaliyyətin zəruriliyi qeyd olunur. Azərbaycanın xarici siyasətində hazırda tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ olan Xəzərin hüquqi statusunun da  həllini tapması Azərbaycan-Rusiya əlaqələrinin inkişafına öz müsbət təsirini göstərdi. Bəyannamədə  Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyada nəzərdə tutulmuş bütün fəaliyyət prinsiplərinin vacibliyi təsdiq edilir. Azərbaycan dövləti hər zaman Xəzər dənizinin sülh, əməkdaşlıq dənizi olmasına səy göstərib və hər bir məsələnin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olub”.

“Hazırkı dövrün əsas reallıqlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin yüksək səviyyədə başa çatdırılaraq soydaşlarımızın Böyük Qayıdışına nail olmaqdır” söyləyən YAP Xaçmaz rayon təşkilatının sədri bildirib ki, dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Rusiya şirkətlərinin bu prosesdə iştirakının vacibliyini vurğulayaraq  bildirib ki, bu günə qədər artıq Rusiya şirkətlərindən 14 sifariş alınıb və  həmin sifarişlər diqqətlə nəzərdən keçirilir. Bu sahə əməkdaşlığımızın yeni sahəsidir. O, həm praktiki baxımdan faydalı olacaq, həm də  qarşılıqlı fəaliyyətimizin səviyyəsini artıracaq.

M.Balaqadaşov vurğulayıb ki, bu gün atılan hər addımda tarixi Zəfərimizin yaratdığı reallıqları görürük: “Dünya gücləri Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, ölkəmizlə əlaqələrin inkişafına öz töhfələrini verməyə çalışırlar. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbədən sonra Cənubi Qafqazda formalaşmış yeni siyasi mühitin  əsas oyunçuları  Azərbaycan, Türkiyə və Rusiyadır.  Azərbaycanın hər iki ölkə ilə müttəfiqlik Bəyannamələrini imzalanması mühüm əhəmiyyət kəsb edir.  Türkiyə ilə Şuşa Bəyannaməsi, Rusiya ilə Moskva Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan bu ilin birinci yarısında Avropa İttifaqı ilə də ikitərəfli saziş üzrə danışıqları başa çatdırmaq və sənədi imzalamaq niyyətindədir. Azərbaycanın  Avropa İttifaqı və NATO ilə də əlaqələri yüksələn xətlə inkişaf edir. Hər iki qurum regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Azərbaycan dövlətinin qətiyyətinin, gücünün, ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin, eyni zamanda, xalqımızın yenilməzliyinin, məğrurluğunun təqdimatı olan tarixi Zəfərimizdən sonra  regionda və dünyada yaranan reallıqlar Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu açıqlayır. Bir ildən artıqdır ki, tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həllində də  Azərbaycanın nüfuzu, müstəqil siyasəti, ölkəmizə, dövlət başçısı İlham Əliyevə böyük etimad mühüm rol oynadı. Vətən müharibəsində Qələbəmiz sübut etdi ki, Zəfərin əldə olunmasında diplomatik uğurlar olduqca əhəmiyyətlidir və düzgün qurulan, tarixi həqiqətlərə, real faktlara əsaslanan siyasət  bu üstünlüyün əldə olunmasında stimulverici amildir”.

YAP Xaçmaz rayon təşkilatının sədri ümumiləşdirilmiş şəkildə bildirib ki, Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın qarşısında geniş imkanlar açılır. İmzalanan hər bir sənəd Azərbaycanın etibarlı tərəfdaş, dost ölkə  kimi artan nüfuzunun göstəricisidir. Şuşa Bəyannaməsi, onun ardınca imzalanan Moskva Bəyannaməsi  münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsini şərtləndirən amillərə bir daha işıq salır.

DİGƏR Xəbərlər Arxiv