YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Azərbaycan təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib

“Şuşa və Moskva bəyannamələri ilə Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib”. Bunu açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan üzərində zəfər çalaraq ərazi bütövlüyünü bərpa edib: “30 ilə yaxın müddət ərzində həll olunmayan Qarabağ münaqişəsinə son qoyulub. Azərbaycan qalib ölkə kimi Ermənistana humanizm nümayiş etdirərək sülh təklif etdi. Üçtərəfli bəyanatda Ermənistanın götürdüyü öhdəliklər var. Bu öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan diplomatik və siyasi səylərini artırır. Bu üçtərəfli bəyanatın və bundan sonrakı Moskva, Soçi, Brüssel görüşlərinin əsas formatı da məhz Ermənistanın götürdüyü öhdəliklərin yerinə yetirilməsi üzərində qurulub. Ancaq Ermənistan bu müddət ərzində Rusiyanın vasitəçiliyindən razı qalmadığına eyham vurub və bu münasibətlərin tənzimlənməsi üçün Avropa İttifaqını, ATƏT-in Minsk Qrupunu, Fransanı daxil edib. İstənilən halda Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici diplomatik siyasətin nəticəsində Azərbaycanın mövqeyi bütün tərəflər tərəfindən hörmətlə qarşılanıb”.

N.Həmzəyev diqqətə çatdırıb ki, Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır: “Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Prezident İlham Əliyev qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulmasını prioritet hesab edir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. 2021-ci il iyun ayının 15-də Şuşada Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsini imzalayıblar. Sənəd hər iki ölkənin parlamentləri tərəfindən təsdiq olunub. Bəyannamə Türkiyə ilə Azərbaycan arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəldib, Azərbaycan öz təhlükəsizliyi üçün əlavə zəmanət əldə edib. Rusiya ilə də ölkəmizin yüksək səviyyəli əlaqələri var. Moskva Bəyannaməsi ilə Azərbaycan və Rusiya arasında münasibətlər keyfiyyətcə yeni müttəfiqlik səviyyəsinə yüksəlir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir”.

N.Həmzəyev vurğulayıb ki, sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir: “Müstəqil, öz milli maraqlarına əsaslanan çoxşaxəli siyasət Azərbaycanın beynəlxalq arenada rolunun və nüfuzunun yüksəlməsini, region ölkələri, dünyanın güc mərkəzləri ilə etibarlı və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağa və onu inkişaf etdirməyə imkan verib. Azərbaycan türk dövlətləri ilə münasibətlərə mühüm önəm verir. 2021-ci ildə adı Türk Dövlətləri Təşkilatına dəyişdirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə Naxçıvan sazişinə əsasən təsis edilməsi Azərbaycanın öz milli kimliyinə, kökünə verdiyi önəmin bariz bir nümunəsidir. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir”.

Deputat qeyd edib ki, Moskva Bəyannaməsində də BMT Nizamnaməsinə, Helsinki Yekun aktına, beynəlxalq hüququn hamılıqla qəbul olunmuş norma və prinsiplərinə riayət olunmasının vacibliyi vurğulanır: “Bəyannamədə beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında BMT-nin aparıcı rolu qabardılır. Moskva Bəyannaməsinin ana qayəsi ondan ibarətdir ki, hər iki ölkə müttəfiqlik fəaliyyətini bir-birinin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq, qarşılıqlı fayda, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurulmasına dair öhdəlik götürürlər. Bəyannamədə keçmiş münaqişəyə son qoymuş 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın, eləcə də 11 yanvar 2021-ci il tarixli və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatların müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır”.