YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yuxusunda darı görənlər, yaxud Azərbaycanın güclənməsini istəməyənlər kimlərdir?

Prezident İlham Əliyevin Rusiyaya səfəri, iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə manipulyativ cəhdlər, siyasi spekulyasiyalar hələ də davam etdirilməkdədir. Xüsusilə də, cəbhəçilər, müsavatçılar, radikal müxalifətin xaricdəki uzantıları ictimai rəyin çaşdırılması, insanlarda doğru olmayan təsəvvürün formalaşdırılması məqsədilə uydurma tezislər ortaya atır, əsassız, məsuliyyət hissi olmadan yalan fikirlər sırımağa çalışırlar. Nə imiş, guya imzalanmış sənəd Azərbaycanı Rusiyadan asılı vəziyyətə salır, 10 noyabr bəyanatı və Şuşa bəyannaməsi ilə ziddiyyət təşkil edir, keçmiş SSRİ-nin yenidən bərpasına əsas yaradır, Ukrayna məsələsində Bakı Moskvanın yanında durur, Rusiya Qarabağda həmişəlik qalacaq və s.

Lakin yeni imzalanmış sənədin maddələrinə nəzər saldıqda və təhlil etdikdə aydın görünür ki, Azərbaycan bundan sonra regionda beynəlxalq terrorçuluq, ekstremizm, separatçılıq kimi təhdidlərin, xüsusilə də revanşizm meyillərinin qarşısını almaq üçün Rusiyanın ciddi dəstəyini ala biləcək. Yəni, ilk növbədə bu sahədə "ixtisaslaşmış" Ermənistan çıxılmaz vəziyyətə düşür, KTMT rıçaqından belə məhrum olur.

Digər tərəfdən, Azərbaycan Qoşulmama Hərəkatının fəal üzvü kimi müstəqil xarici siyasət kursunu daha da gücləndirəcək, istər Rusiya, istərsə də Avropa İttifaqı ilə ikitərəfli qaydada əməkdaşlıq edəcək, heç bir ittifaqın, birliyin üzvü olmayacaq.

Eləcə də, imzalanmış sənəd yalnız və yalnız Azərbaycan-Rusiya münasibətlərini tənzimləyir. Rusiyanın hansısa ölkə ilə münasibətlərinə təsir etmir. Əgər belə bir vəziyyət olsa idi, o zaman Azərbaycan-Gürcüstan münasibətləri bu qədər inkişaf etməzdi. Yaxud, Azərbaycan açıq şəkildə Ukraynanın ərazi bütövlüyünü tanıdığını elan etməzdi.

Həmçinin, imzalanan sənədin Rusiya sülhməramlılarının Qarabağdakı fəaliyyətinə aidiyyatı yoxdur. Çünki bu məsələ 10 noyabr bəyanatı ilə tənzimlənir və onun da prosedur qaydası açıq şəkildə göstərilib.

Ümumiyyətlə, iki ölkənin ərazi bütövlüyünə, suverenliyinə hörmət edən bir sənəd hansı formada keçmiş SSRİ-ni "bərpa" edə bilər ki? Bu iddia da əlbəttə ki, gülüncdür və əsası yoxdur.

Nəhayət ki, belə bir sənədin imzalanması daha çox Azərbaycan üçün vacibdir. Səbəb də odur ki, Azərbaycanın toxunulmazlığına, ərazi bütövlüyünə, suverenliyinə, müstəqil siyasətinə əlavə təminatın verilməsi, bu barədə Rusiyanın bir daha üzərinə öhdəliklər götürməsi, Azərbaycanın bir daha bütün bunlara zəmanət alması bir diplomatik uğurdur.

Göründüyü kimi, radikal marginalların iddiaları əsassızdır, qarayaxmadır və müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə barədə məqsədli şəkildə şər kampaniyası həyata keçirilməkdədir. Bu kampaniya ilə yalnız imzalanmış sənəd əleyhinə deyil, həm də Azərbaycanın müstəqil xarici siyasətinə, Azərbaycan-Türkiyə və Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurulmasına hesablanıb. Xüsusilə də, radikal müxalifətin vasitəsilə ictimai rəyin çaşdırılmasına, gedən proseslərə tünd rəngin verilməsinə çalışılır. Bunu da ancaq Ermənistan, erməni lobbisi və hakimiyyət xülyası ilə yaşayan radikal müxalifət istəyə bilər...

Ramil Vəlibəyov,

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri