YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı təəssüratlarını bölüşdü: Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər...

Oğuzda olarkən hər dəfə ilk ziyarətini Oğuz ictimaiyyət nümayəndələri və şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanından başlayan Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı bu dəfə abidəni onlarla bərabər həm də dairə üzrə onun seçiciləri olmayan, lakin öz seçiciləri qədər diqqət göstərdiyi xocalılarla birlikdə yad edib.

Əvvəlcə şəhidlərin məzarları ziyarət olunaraq üzərilərinə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.

Bəlkə də sözlə ifadə zamanı bu bir qədər bədii səslənə bilər, ancaq xocalıların üzlərindəki ifadəni canlı görmək bir insanın içini coşduran, məmnunluq hissi ilə qürurlandıran, minnətdarlıq hissi ilə “mənim də canım sizlərə fəda olsun, ey şəhidlər” deyərək hayqırmaq kimi hisslərin məcmusu idi. Xocalılar o soyuq məzarda yatan şəhidlərimizə nə qədər minnətdar idilər... Çünki onların 30 il bundan öncə Xocalıda yaşadıqları zülmün qısasını bu şəhidlər almışdılar. Sanki şəhidlər xocalıları 30 ildir içində çabaladıqları “qaranlıq quyu”dan çıxarmışdılar. Onların duman çökmüş gözlərinə parlaqlıq, qəlblərinə qürur bəxş etmişdilər. Bu ziyarət şəhidləri yad etməklə bərabər, həm də minnətdarlıq ziyarəti idi.

Xiyabanın önündə A.Naxçıvanlı Vətən müharibəsində Azərbaycan Ordusunun əldə etdiyi tarixi qələbədən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 30 il düşmən tapdağı altında olan Vətən torpaqlarının erməni işğalçılarından birdəfəlik azad olunmasından və 44 gün ərzində zəfərlə sona çatan Vətən müharibəsində Oğuzun qəhrəman oğullarının igidliklə vuruşmasından ətraflı danışıb. Onların rəşadətinin ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək neçə-neçə orden, medal, fəxri adlarla təltif olunmasından, xatirələrinin əbədiləşdirilməsi məqsədi ilə adlarına məktəb, küçə, bulaq, abidə komplekslərinin tikilməsindən, “Zəfər tarixi”mizin yazılmasından geniş söhbət açıb. Deputat, həmçinin şəhid ailələrinin mənzillə təminatı sahəsində ciddi işlərin aparıldığını diqqətə çatdırıb.

Şəhid ailələri və Xocalı sakinləri onların ailə üzvlərinə xüsusi diqqət və qayğı ilə yanaşıldığını, ölkə rəhbərliyinin, xüsusilə Prezidentin şəhid ailələri və qazilərin sosial problemləri ilə bilavasitə maraqlanmasını, həlli üçün konkret tapşırıqlar verməsini, hər rayonda şəhidlərimizin uyuduğu Xiyabanların, onların xatirəsinə ucaldılmış abidələrin, Bakı şəhərində Zəfər muzeyinin tikilməsini yüksək diqqətin bariz nümunə kimi qiymətləndiriblər. Qeyd olunub ki, artıq şəhid ailələrinin elektron ev növbəsi layihəsi üzrə qeydiyyat işlərinə də başlanılıb.

Tədbirin sonunda şəhid ailələri, qazilər, doğma yurd yuvalarına qayıdacağı günü gözləyən Xocalı sakinləri və Oğuz ictimaiyyətinin Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya milli-mənəvi dəyərlərimizə, şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə göstərdikləri diqqət və qayğıya görə çox minnətdarlıqlarını bildiriblər. Onların yaratdığı birlik sayəsində ölkəmiz dünya xalqları arasında özünəməxsus yer tutduğunu təsdiqləmişdir. Artıq Azərbaycan humanitar əməkdaşlıq üçün mühüm məkana çevrilib, Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimin tanınır!