YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mehriban xanım Əliyevanın xoşməramlı fəaliyyəti ədalət, humanizm, şəfqət kimi bəşəri dəyərlərə xidmət edir

“Fevral ayının 21-də çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın yüksəlişinə, mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verən Mehriban xanım Əliyevanın Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasının 5 ili tamam olur”. Bunu YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin sosial siyasət kursunun uğurla reallaşmasında ən böyük silahdaşı olan Mehriban xanım Əliyeva vitse-prezident kimi fəaliyyətini ədalət, humanizm, şəfqət, yaxşılıq etmək və kömək göstərmək kimi bəşəri dəyərlərin üzərində qurdu: “Ölkəmizin çiçəklənməsində, beynəlxalq miqyasda daha yüksək imiclə tanınmasında, ölkəmizin dünyada söz və nüfuz sahibi olmasında ölkə Prezidenti İlham Əliyevlə yanaşı Birinci vitse-prezidentinin xidmətləri əvəzsizdir. 2017-ci il 21 fevral tarixində Təhlükəsizlik Şurasının iclasında Birinci vitse-prezidenti təqdim edərkən Prezident İlham Əliyev bildirdi ki, Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır.

Qürurverici haldır ki, Mehriban xanım Əliyeva hələ ötən əsrin 90-cı illərindən başlayaraq Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə genişmiqyaslı, sistemli, ardıcıl layihələrlə milli mədəniyyətimizi bütün dünyada təbliğ edib. Mehriban xanım Əliyeva 2004-cü ilin may ayından fəaliyyətə başlayan, hazırda regionun ən böyük və nüfuzlu ictimai təşkilatlarından birinə, insanların pənah ünvanına çevrilmiş Heydər Əliyev Fondunun prezidenti kimi həm dövlətimiz, həm də dünya mədəniyyəti, incəsənəti üçün tarixi əhəmiyyət daşıyan proqramlar, layihələr gerçəkləşdirib.”

N.Həmzəyev vurğulayıb ki, Mehriban xanım Əliyevanın həm ölkə daxilində, həm də beynəlxalq miqyasda qazandığı möhtəşəm uğurlarının bünövrəsində ulu öndər Heydər Əliyev ideyalarına, siyasi irsinə dərindən bağlılıq, sədaqət dayanır: “Ulu Öndərin memarı və qurucusu olduğu Azərbaycan dövlətinin ali idarəetmə sistemində, xalqın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələr milli genefondun qorunmasına, ölkənin tərəqqisinə, xalqın problemlərinin həllinə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafına xidmət edir. Məhz Mehriban xanım Əliyeva öz nəcib əməlləri, həssas ürəyi, ülviyyəti, yüksək mədəniyyəti, ziyalılığı, insanpərvərliyi ilə milyonlarla insanın ürəyinə yol tapıb, xalqın sevimlisinə çevrilib. Dərin düşüncəsi, müdriklikliyi, vətənpərvərliyi ilə gələcək nəsillər üçün əsl örnəyə çevrilən Mehriban xanım Əliyeva mütəmadi olaraq cəmiyyətin həssas təbəqələrinin problemlərini həll etməyə, ana nəvazişinə ehtiyac duyan uşaqları sevindirməyə, zəngin mədəniyyətimizi təbliğ etməyə, müxtəlif istiqamətlərdə yeni layihələr reallaşdırmağa böyük səy göstərir. Bu da onu təsdiq edir ki, bütün fəaliyyətini xeyirxah işlərə, elmin, mədəniyyətin, təhsilin inkişafına, uşaqların problemlərinin həllinə yönəldən ölkəmizin birinci xanımı incə təbiətə, həssas qəlbə sahibdir. Mehriban xanımın sadə insanlarla keçirdiyi hər görüşdə bunun şahid oluruq”.

Deputatın sözlərinə görə, Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti və xeyirxah missiyası qısa zaman ərzində nəinki ölkə ictimaiyyətinin, hətta beynəlxalq ictimaiyyətin də diqqətini çəkib: “Belə ki, Mehriban xanım Əliyeva 2004-cü ilin avqustunda Azərbaycan şifahi xalq ədəbiyyatı və milli musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsində xidmətlərinə görə UNESCO-nun, 2006-cı ilin noyabrında isə humanitar sahədə genişmiqyaslı fəaliyyətinə, o cümlədən sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun inkişafına, İslam mədəni irsinin təbliğinə və qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllində böyük dəstəyə görə ISESCO-nun Xoşməramlı səfiri adına layiq görülür.

Beynəlxalq münasibətlər sistemində Azərbaycanın dostu olan ölkələrin sayının artmasında Azərbaycanın Birinci vitse-prezidentinin misilsiz xidmətləri vardır. Mehriban xanım Əliyevanın xeyriyyəçilik tədbirləri bir çox ölkələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada Azərbaycanın təqdimatı və təbliğidir. Mehriban xanım Əliyevanın qlobal təşəbbüsləri sayəsində mədəniyyətlərarası dialoq Azərbaycanın beynəlxalq brendinə çevrilib”.

N.Həmzəyev qeyd edib ki, Azərbaycanın Vətən müharibəsindəki Zəfərindən sonra azad olunmuş torpaqlarımızın yenidən qurulması və Qarabağın ədəbi-mədəni ənənələrinin bərpası istiqamətində Mehriban Əliyevanın təşəbbüsləri onun Vətən sevgisinin növbəti təcəssümü oldu. “Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə “Xarıbülbül” festivalının Şuşada təşkil edilməsi Azərbaycan multikultural dəyərləri ilə örnək bir ölkə olduğunu bütün dünyaya göstərdi.

Vətən müharibəsinin ilk günlərində Birinci vitse-prezidentin xalqa müraciətində dediyi “Qoy Uca Tanrı hər bir azərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!” sözləri Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsi, Müzəffər Ordumuzun qəhrəmanlığı, xalqımızın birliyi və həmrəyliyi sayəsində 44 gün ərzində öz təsdiqini tapdı. Doğma Qarabağımız azadlığına qovuşdu. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu gün düşməndən azad etdiyimiz torpaqlarda aparılan genişmiqyaslı quruculuq işlərində yaxından iştirak edir.

Mehriban xanım Əliyevanın mədəniyyətimizin qorunmasına və təbliğinə, dövlətimizin sosial siyasətinin daha böyük uğurlar qazanmasına layiqli töhfələr verməsi haqlı olaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Tutduğu statusdan, möbqedən asılı olmayaraq hər bir azərbaycanlının dərd-sərinə şərik olması, problemləri ilə maraqlanması Mehriban xanım Əliyevanın yalnız ölkənin birinci xanımı deyil, hamının əzizi, doğma Mehribanı olduğunu bir daha sübut edir”, -deyə YAP Təftiş Komissiyasının üzvü sözlərinə əlavə edib.