YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birinci vitse-prezidentlik institutu: Xanım Mehriban Əliyevanın siyasi-ictimai və humanitar fəaliyyət paradiqmaları

Rəna Mirzəzadə

AMEA, FSİ, professor, AMEA Qadınlar Şurasının sədri, “Siyasətin fəlsəfəsi və sosiologiyası” şöbəsinin müdiri

21 fevral 2017-ci il Prezident İlham Əliyavin Sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidentlik institutu təsis edildi və bu vəzifəyə ilk dəfə olaraq Xanım Mehriban Əliyeva təyin olundu. Dövrün sosio-siyasi tələbinə müvafiq dəyişikliklərin tərkib hissəsi olaraq Birinci vitse-prezidentlik institutunun təsisçiliyi dövlətçilik sistemində yeni mərhələ idi. Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyin olunması 1918-ci il AXC-nin qadınlara seçib-seçilmək hüququnun verilməsindən qaynaqlanan ənənənin davamı olaraq ulu öndər Heydər Əliyevin dövlət qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı” Qanununun reallaşdırılması yönündə tarixi bir hadisə oldu. Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə tərəqqidə işgüzar mövqeyi onun ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun sadiq və bacarıqlı yetirməsi olduğunu təsdiq etmişdir.

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini xanım Mehriban Əliyeva milli mədəniyyətimizin dünyada tanınan hamisidir. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı bütün keyfiyyətləri – mötəbər mövqeyi və yüksək nüfuzu ilə Azərbaycanın görkəmli qadın lideri, ali statuslu rəhbəridir.

Xanım Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu dünyada öz çoxmiqyaslı, xeyirxah fəaliyyəti ilə seçilən, böyük layihələrə imza atan vətəndaş cəmiyyəti qurumudur və dünyada səhiyyə, təhsil, elm, mədəniyyət, mənəviyyat sahəsində müxtəlif tədbirləri gerçəkləşdirməklə, bir sıra istiqamətlərdə dövlət siyasətinin həyata keçirilməsində, əsasən də “Qarabağ” məsələsinin təbliğində xeyli işlər aparmışdır.

Azərbaycanın Birinci xanımı Azərbaycan adət-ənənələrinə hörmət, diqqət və sayğı ilə yanaşan güclü bir Qadın rəhbər xarakterini əks etdirir. Onun çoxşaxəli fəaliyyəti, nəinki qadınlar üçün, eləcə də gənc qızlar üçün örnəkdir.

Birinci vitse-prezident Azərbaycan xalqının, dövlətinin mədəni-siyasi və tarixi-ictimai maraqlarını beynəlxalq aləmdə əks etdirməklə yanaşı, müasir Azərbaycan qadınının ictimai-siyasi obrazını da dünyaya tanıdır. Ölkəmizin siyasi-iqtisadi, sosial-ictimai, mədəni-mənəvi tərəqqisində yeri və xidmətləri olan Azərbaycanın Birinci vitse-prezidenti öz sözü, nüfuzu olan lider qadın örnəyidir.

Xanım Mehriban Əliyeva Azərbaycanda milli dövlətçilik institutunun formalaşmasında yetərincə xidmətləri olan siyasi-mədəni rəhbər, çoxşaxəli fəaliyyəti ilə dünyada tanınan, qəbul edilən humanist dövlət xadimidir. XXI əsr Azərbaycan dövlətçilik tarixinə onun adı artıq modern qadın rəhbər, fenomen qadın lider kimi yazılmışdır.

Xanım Mehriban Əliyevanın qadın lider olaraq formalaşması və yüksəlməsi həm daxili istedadı, bacarığı, mükəmməl təhsili, praqmatik zəkası, həm də taleyinə yazılmış ulu öndər Heydər Əliyev kimi böyük strateqin həyat və siyasət məktəbindən yetərli dərs alması ilə mümkün olmuşdur. Azərbaycanın Birinci xanımının düşüncəsində ulu öndər Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik, eyni zamanda çox xeyirxah, mərhəmətli və humanist, çox sadə və ədalətli insan idi.

Xanım Mehriban Əliyevanın digər bir paradiqmal göstəricisi isə onun Şərq milliliyini Qərb modernliyi ilə qovuşduraraq, çoxsaylı bəşəri layihələrin həyata keçirilməsi təşəbbüslərini reallaşdırmasıdır. Azərbaycanda birinci vitse-prezidentlik institutu təsis olunarkən bu vəzifəyə ilk dəfə Mehriban xanım Əliyevanın təyinatı ilə həm də Azərbaycan, eləcə də dünya gender siyasəti tarixinə “Xanım Əliyeva” müraciəti daxil oldu. Bu təyinat siyasi platformada, idarəçilik strukturunda Azərbaycan qadınının liderlik imkanlarının qəbul edilməsi və təsdiqlənməsi komponentləridir.

Xanım Mehriban Əliyevanın fəalyyəti Azərbaycanda “Qadın lider” fenomeninin, idarəetmədə “Qadın rəhbər” obrazının gender mədəniyyəti mətnində təcəssümüdür. Azərbaycanın Birinci vitse-prezidentinin təşəbbüsü ilə paytaxtın, respublikanın əksər yerlərinin və işğaldan azad olunan Şuşanın memarlıq simasının modernləşməsi, yenilənməsi, dünyanın müasir, baxımlı, gəzməli, görməli turizm şəhər və rayonlarına çevrilməsi gerçəkliyidir.

Birinci vitse-prezidentin ölkə rəhbəri İlham Əliyevin modernləşmə və davamlı inkişaf mətnli tərəqqi xəttinə dəstəyi, bu sahədə xidmətləri də danılmazdır. Əsrlərdən gələn Azərbaycan muğamına, milli aşıq musiqisinə, xalçaçılıq kimi xalq sənətlərinə və digər mədəni trendlərimizə yeni nəfəs verilməsi, bu misilsiz irsin dünyaya tanıdılması da xanım Mehriban Əliyevanın adı və humanist-mədəni fəaliyyəti ilə bağlıdır. “Avroviziya” müasir musiqi müsabiqəsi, Avropa və İslam ölkələri idman oyunları və s. müxtəlif musiqi və idman yarışlarının reallaşmasında Birinci xanımın gərgin əməyi, yorulmaz zəhməti, təşkilatçılıq istedadı bütün dünyada yüksək dəyərləndirilmişdir.

Birinci vitse-prezident öz fəaliyyətində, əsasən, irimiqyaslı mədəni, humanitar, ictimai layihələri çoxyönlü istiqamətdə inamla, ardıcıllıqla gerçəkləşdirməkdədir. Bu ölkənin sosial-iqtisadi-siyasi inkişaf kursu ilə bağlı kompleks layihələrin uğurla həyata keçirilməsində yaxından iştirakla, müstəqil respublikamızın kompleks ictimai-mədəni, sosial-humanitar bir “Azərbaycan modeli” olaraq üzə çıxarılıb dünyada tanıdılmasında dövlət siyasətinə dəstək verməklə, həssas və mərhəmətli bir soydaşımız, qadın lider olaraq doğma Vətəninin ağır məqamlarında  istər Aprel döyüşləri, Tovuz hadisələri, Vətən müharibəsi zamanı, istərsə də ağır COVID-19 pandemiyası zamanında Azərbaycan xalqının həmdəmi, doğma simsarı kimi ümid yerinə çevrilməklə, “Sizin Mehriban” imzası ilə xalqa ünvanlanan çağırış və müraciətlərindəki səmimilik, vətənsevərlik, qayğıkeşlik amili hər bir Azərbaycan vətəndaşına onu bir daha sevdirdi və “Bizim Mehriban xanım” adı milyonlarla qəlbə sevgi ilə yazıldı. Birinci xanım şəhid ana, bacı və qızlarının ağrılarına həssas yanaşması ilə Vətən yolunda qurban gedənlərə bir qadın rəhbər kimi hörmət və qayğını ən yüksək səviyyədə ifadə etdirir. Bu ali ehtiramda, ülvi ünsiyyətdə mərhəmətli bir ana ürəyinin, qayğıkeş bir siyasi xadimin milli xarakteri inikas olunur.

Birinci vitse-prezident cəmiyyətin həssas qruplarının problemlərinin həll olunması, çoxmədəniyyətliliyin qorunmasında çoxsaylı layihələrin reallaşmasına stimul verir.        Azərbaycan vətəndaşlarının ölkənin Birinci vitse-prezidentinə məhəbbəti də reallıqdır. Bu məhəbbəti xanım Mehriban Əliyeva “Mən hər bir azərbaycanlının Prezidentiyəm” söyləyən dövlət başçısı İlham Əliyevin məntiqi ilə yanaşsaq, “hər bir azərbaycanlının istək və maraqlarına yaxın olması” ilə qazanmışdır. Xeyirxahlıq onun amalında, şəfqət-mənəviyyatında, dövlətçiliyə sədaqət-əqidəsindədir. Birinci vitse-prezidentin xarizmatik obrazı, cazibədar siması, kreativ düşüncəsi Azərbaycan qadınının modern göstərici paradiqmasıdır.

Prezident İlham Əliyevin islahatçılıq, hərtərəfli tərəqqi və Qarabağın dirçəlişi kursunda Birinci vitse-prezidentin güclü dövlət rifahlı cəmiyyət prioritetinə dəstəyi önəmli yer tutur. “İnkişaf məqsədimizdir” hədəfini və “Modern Azərbaycan modeli”ni məqsədyönlü fəaliyyəti ilə gerçəkləşdirən dövlət başçısı İlham Əliyevin liderliyi və Birinci vitse-prezident Mehriban Əliyevanın Birinci xanım və qadın lider missiyası müsbətbir paradiqma olmaqla, ümummilli lider Heydər Əliyevin siyasi-ideoloji xəttinin davam etdirilməsinə xidmət edir. Xanım Mehriban Əliyeva XXI əsr Azərbaycanın Qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin sadiq silahdaşı, həyat Dostu, yeniləşən Azərbaycanın dövlət rəhbərliyinin ikinci ali şəxsidir.

“Tanrı Azərbaycanı qorusun” söyləyən, xalqın sevimlisinə çevrilən xanım Mehriban Əliyeva müasir Azərbaycanın milli dövlətçilik siyasətində ilk olaraq, Birinci vitse-prezidentlik institutunu formalaşdıran, Prezident İlham Əliyevin “Güclü Azərbaycan” modelinin gerçəkləşdirilməsində rolu olan, modern Azərbaycan qadın rəhbər obrazını ölkədə və beynəlxalq aləmdə əks etdirən, dünya gender siyasi tarixində adı yazılan liderdir.

 

DİGƏR Xəbərlər Arxiv