YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var

Azərbaycan-Polşa münasibətləri dərin tarixi köklərə və xoş ənənələrə malikdir. Tarixi əlaqələrimiz müasir dövrdə əməkdaşlığımız üçün möhkəm zəmin yaradıb. Xalqlarımız arasında dostluq ənənələrinə söykənən və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərimizin mövcud vəziyyəti məmnunluq doğurur.

Bu fikirlər Prezident İlham Əliyevin Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar polşalı həmkarı Andjey Dudaya ünvanladığı təbrikdə yer alıb.

Təbrikdə deyilir: “Biz Azərbaycan ilə Polşa arasında əlaqələrə böyük əhəmiyyət veririk. Yüksək səviyyəli qarşılıqlı səfərlər, siyasi, iqtisadi-ticari, mədəni və digər sahələrdə genişlənən əməkdaşlıq diplomatik əlaqələrimizin otuz illik tarixini səciyyələndirən cəhətlərdir. Əlamətdar haldır ki, biz bu il həm də münasibətlərimizin xarakterini bariz şəkildə əks etdirən “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında Birgə Bəyannamə”nin imzalanmasının beş illiyini qeyd edirik.

Hesab edirəm ki, Azərbaycan ilə Polşa arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı perspektivlər var. İqtisadiyyat, nəqliyyat və digər sahələrdəki mövcud potensialdan tam şəkildə istifadə etməklə əməkdaşlığımızı daha da möhkəmləndirə və genişləndirə bilərik”.

Dövlətlərarası münasibətlərin inkişafında davamlı təmasların və ali səviyyəli səfərlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayan Prezident İlham Əliyev Azərbaycan-Polşa əlaqələrinin dövlətlərimizin və xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərlə bundan sonra da uğurla inkişaf edəcəyinə və genişlənəcəyinə inamını ifadə edib.