YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2021-ci ildə də ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etmiş, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılmış Böyük Qələbənin birinci ildönümünü sevinclə və qürurla qeyd etmişdir.

2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilmiş, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı istiqamətində mühüm addımlar atılmış, sosial-iqtisadi tərəqqiyə hədəflənən layihələr gerçəkləşdirilmişdir. Xüsusilə də, işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə nəhəng quruculuq işlərinin aparılması, yol-nəqliyyat, mədəniyyət abidələrnin bərpası və enerji sosial infrastrukturun yaradılması ölkəmizin qarşısında yeni perspektivlər açır, iqtisadi inkişafın sürətlənməsinə zəmin yaradır.

Bunlarla yanaşı, ötən dövr ərzində regional idarəetmə sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi, yeni modelin yaradılması, yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olmuş, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün böyük önəm daşımışdır.

Aparılmış islahatlar, görülmüş tədbirlər bələdiyyələrin fəaliyyətindən də yan keçməmişdir. Belə ki, ötən dövr ərzində qanunvericilik sahəsində kifayət qədər irəliləyişin olması bələdiyyə idarəçiliyi sahəsində müəyyən uğurların qazanılmasına gətirib çıxarmışdır. Digər tərəfdən, bələdiyyələr və ya onların bilavasitə fəaliyyəti ilə bağlı xeyli sayda qanun, əsasnamə, qanunvericilik aktının qəbul olunması bu sahənin inkişafına dövlətin diqqətinin və qayğısının bariz nümunəsidir.

Ötən il ərzində bələdiyyələr xeyli sosial məsələlərin həllində iştirak etmişlər. Belə ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılmış, “şəhid bulaqları” istifadəyə verilmiş, şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilmiş, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılmış, evləri təmir olunmuşdur.

Eyni zamanda, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmamışdır. Bununla yanaşı, Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədlərinin hazırlanması zamanı zəruri xərclərin yerli büdcələrin imkanları daxilində bələdiyyələr tərəfindən qarşılanması tövsiyə edilmişdir.

Bələdiyyələr pandemiyaya qarşı mübarizə sahəsində yaxından iştirak edərək əhalinin sağlamlığının qorunmasında vaksinasiyanın əhəmiyyəti ilə bağlı geniş maarifləndirmə işi aparmışlar.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, o cümlədən yerli özünüidarəetmədə korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə inzibati nəzarət icraatının nəticələri ümumiləşdirilmiş, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək aradan qaldırılması üzrə tədbirlər görülmüşdür.

Effektiv yerli özünüidarəetmənin əsas şərtlərindən biri yerli sakinlərlə qarşılıqlı və səmərəli münasibətlərin qurulmasıdır. Bu baxımdan, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, ictimai nəzarətin və yerli özünüidarəetmə orqanlarına etimadın gücləndirilməsi zəruridir.

2021-ci il ərzində bu məsələlər diqqətdə saxlanılmış, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda müəyyən edilmiş aidiyyəti tapşırıqların icrası üzrə tədbirlər görülmüşdür.

Ötən il yerli özünüidarəetmə ilə bağlı normativ hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilmişdir.

Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin və bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı və bələdiyyə nümayəndələrinin iştirakı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr”, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və qüdrətli Azərbaycan”, “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi zəfəri” mövzularında videokonfranslar keçirilmişdir. Tədbirlərdə yerli özünüidarəetmə sisteminin yaradılmasında Ümummilli Liderin rolu və bələdiyyələrin inkişafına göstərilən dövlət qayğısı qeyd edilmiş, ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında yerli özünüidarəetmə orqanlarının iştirakı vurğulanmışdır. Bələdiyyələrin səmərəli fəaliyyəti üçün Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilmişdir.

Ümumilikdə, 2021-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmişdir.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, fəaliyyətin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində işin səmərəliliyinin artırılması üçün tədbirlər davam etdirilir. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək mühüm vəzifələrdəndir.