YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: Ağdamda reallaşan layihələr Böyük Qayıdışın tərkib hissəsidir

Pərvin Kərimzadə

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı       

Ermənistan 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı tarixi torpaqlarımızda bütün infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talayıb, maddi mədəniyyət nümunələrini yox edib. Azğın düşmən ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızdan həm tarixi keçmişimizi, həm də mənəvi yaddaşımızı silməyə cəhd ediblər. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun hərbi gücü, Prezident İlham Əliyevin Azərbaycana qarşı yönələn bütün diplomatik həmlələri yüksək peşəkarlıqla dəf etməsi sayəsində Füzuli, Hadrut, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, kənd və qəsəbələrimiz, strateji yüksəkliklərimiz əsl sahiblərinə qaytarıldı.  Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladığı üçtərəfli bəyanat işğalçının kapitulyasiyasının hüquqi-rəsmi təsdiqi oldu. Ermənistanın kapitulyasiya aktına imza atması ilə Azərbaycan Vətən müharibəsindəki qələbəsini rəsmiləşdirdi. Üçtərəfli bəyanatın şərtlərinə əsasən noyabr ayının 20-də işğaldan azad olunan Ağdam rayonu tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.

Ağdam şəhəri haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılır.  Ermənistanın işğalına qədər Ağdam nəinki Qarabağ bölgəsinin, eləcə də respublikanın inkişaf etmiş şəhərlərindən biri idi. Ermənilər işğal etdikləri Ağdam şəhərində və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, uşaq bağçalarını, xəstəxanaları, istehsal müəssisələrini talan edib, dağıdıb və yandırıblar. Vaxtilə Azərbaycanın ən gözəl şəhərlərindən olan Ağdamın yerində xarabalıqlar qalmışdı. Bu gün ölkə Başçımızın qətiyyəti, cəsarəti, Ordumuzun rəşadəti, milli birliyimiz sayəsində işğaldan azad edilən, erməni vandallarının daşı-daş üstündə qoymadıqları şəhər, rayon, qəsəbə və kəndlərimiz yenidən bərpa edilərək dünyanın ən gözəl məkanlarına çevrilir. Azərbaycanın dövlətçilik tarixinə şərəflə yazılan hərbi, siyasi, diplomatik qələbələrimizdən sonra bütün işğaldan azad olunmuş ərazilərimizdə iqtisadiyyatımız da öz sözünü deyir.

“Qafqazın Xirosiması” olan Ağdamın bu gün necə sürətlə dirçəldiyinin şahidi oluruq. 2022-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Ağdam şəhərinə növbəti dəfə səfər etdi. Səfər zamanı Ağdamın ölkəyə reinteqrasiyası və rayon sakinlərinin – keçmiş məcburi köçkünlərin qayıtması üçün zəruri şəraitin yaradılmasına xidmət edən əsas infrastruktur və digər obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak etdi. İlham Əliyev Ağdama səfəri zamanı “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” elektrik yarımstansiyalarının, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak edib, Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpa olunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, “Park Forest Otel Ağdam” mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoyub. Görülən bütün işlər Azərbaycanın daxili vəsaiti hesabına reallaşdırılır. Bütün maliyyə və texniki imkanları, kadr potensialı layihələrin icra olunması üçün peşəkar şəkildə səfərbər olunub.

Bu gün Ağdam Cümə məscidinin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Məlum olduğu kimi, ermənilər tərəfindən ən çox dağıdılan məscidlər, türbələr və digər inanc yerləri olub. Erməni vandalları, hətta Şəhidlər xiyabanını, qəbiristanlıqları da dağıdıblar. 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilən “Qarabağ məscid memarlığı” məktəbinə aid olan Ağdam Cümə məscidi ermənilər tərəfindən dağıntılara məruz qalıb, minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb. Qeyd etmək lazımdır ki, işğaldan azad edilmiş torpaqlarda hazırda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır. Tarixi və dini abidələrin bərpa olunması işləri Heydər Əliyev Fondunun imkanları hesabına görülür. Prezident İlham Əliyev Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanışlıqdan sonra çıxışı zamanı vurğulayıb ki, bütün bu işləri Heydər Əliyev Fondu öz imkanları hesabına görür: “Bu, Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsidir. Bu, bizim borcumuzdur. Bunu biz edirik. Vətən qarşısında bu borcu şərəflə yerinə yetiririk”.

Bu gün Ağdamda reallaşan layihələr Böyük Qayıdışın tərkib hissəsidir, tezliklə bu gözəl diyarın əzəli sakinlərinin tarixi torpaqlarına əbədi Qayıdışının şahidi olacağıq.