YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümü qeyd edilib

Fevralın 16-da Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının yaradılmasının 29-cu ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin adını daşıyan parka gələrək abidəsi önünə  qızıl  gül dəstələri qoyub, əziz xatirəsini böyük ehtiramla yad ediblər. Sonra YAP Xətai rayon təşkilatının akt zalında davam edən tədbirdə Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı  uğrunda canlarını fəda edən Vətən oğullarının  xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himnimiz səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə rayon təşkilatının həyatında əlamətdar bir günün yaşandığını vurğulayaraq  bildirib ki, arxada qalan illər uğurlarımızın davamlılığı ilə müşayiət olunub:  “Bu gün sıralarında 16 mindən artıq üzvü birləşdirən YAP Xətai rayon təşkilatı  partiyanın ilk  təsis olunan təşkilatlarındandır. 29 il təşkilatın həyatında mühüm hadisələrlə yadda qalıb. Təşkilatın 29 illiyi münasibətilə   bütün  üzvlərini təbrik edir,  yeni hədəflərin gerçəkləşdirilməsi istiqamətində səylərimizi daha da birləşdirməyi, gələcəyə doğru daim inamla irəliləməyi arzulayıram.”

V.Rəhimzadə bildirib ki, bu il yaradılmasının 30 illik yubileyini qeyd edəcəyimiz Yeni Azərbaycan Partiyası  zamanın tələbi, xalqın istəyi ilə həyata vəsiqə alıb: “30 illik tarixin  səhifələrini vərəqlədikcə bir gerçəkliyi böyük inam və qətiyyətlə bildiririk ki, qarşıya nə qədər çətinliklər çıxsa da, düşünülmüş və gələcəyə hesablanmış  siyasətin nəticəsində onların hər biri öz müsbət həllini tapıb, Azərbaycan davamlı uğurları ilə diqqətdə olub. Bu gün Azərbaycan adını tarixə qalib ölkə kimi yazdığı üçün qürurludur. Təbii ki, bu uğura imza atmaq üçün  böyük bir yol keçdik.  Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanın yaşadıqları hər kəsin yaddaşındadır. Azərbaycan parçalanmaq, bir dövlət olaraq  varlığını itirmək təhlükəsini yaşayırdı. Belə bir çətin zamanda  xalqın sabahını düşünən ziyalıları  çıxış yolu axtardılar. Xalqın böyük əksəriyyətinin istəyini özündə  ifadə edən 91 nəfər ziyalı  ölkəni düşdüyü ağır vəziyyətdən xilas edə biləcək partiyanın yaradılması   ilə bağlı ulu öndər Heydər Əliyevə müraciət etdi.  Hər zaman dövlətinin, xalqının gələcəyini düşünən, həyatının mənasını  məhz Vətənə xidmətdə görən ümummilli lider Heydər Əliyevin bu müraciətə müsbət cavabı Onun nə qədər  xalqına, dövlətinə bağlı olduğunu bir daha nümayiş etdirdi. Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas etmək üçün yaradılan Yeni Azərbaycan Partiyası  sonrakı illərdə ölkəmizin daha da  qüdrətlənməsini, güclənməsini  təmin etdi.  YAP-ın yaranmasından cəmi 7 ay sonra onun yaradıcısı, ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı həm ölkəmizin, həm də partiyanın həyatında yeni mərhələnin əsasını qoydu.”

YAP Xətai rayon təşkilatının sədri Azərbaycanın 30 ildə qazandığı uğurların təhlili fonunda  bu  fikri xüsusi qeyd edib ki, 2003-cü ildə ulu öndər Heydər Əliyevin siyasi kursuna verilən dəstək, səs Azərbaycanın  44 günlük İkinci Qarabağ müharibəsində böyük Qələbəsinə yol açdı. Bu gün hər bir Azərbaycan vətəndaşı, partiyanın hər bir üzvü bu Zəfərimizdən qürurludur, yeni reallıqların diktə etdiyi vəzifələrin yerinə yetirilməsinə öz töhfələrini verməyə çalışırlar.

V.Rəhimzadə vurğulayıb ki,  ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu, bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının üzvü olmaq hər birimiz üçün böyük qürurdur. YAP-ın Sədri, Prezident İlham Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyası qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərə  yüksək səviyyədə nail olmaq  iqtidarındadır. Bunları həyata keçirmək üçün mühüm  əsaslar vardır.”

O da qeyd olunub ki, Yeni Azərbaycan Partiyası  bu gün Azərbaycanın ən qüdrətli siyasi  təşkilatıdır. Partiyanın gücünün, qüdrətinin əsasında dayanan başlıca amil onun ulu öndər Heydər Əliyevin adı ilə bağlı olmasıdır. YAP-ın gücünün, qüdrətinin digər mənbəyi də partiyanın Sədri cənab İlham Əliyevlə əlaqədardır.  Bu gün partiyanın sıralarında 800 minə yaxın  üzvün birləşməsi də YAP-ın  yaradıcısı, ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətin, onun siyasi kursunun davamçısı Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasətə  inamın göstəricisidir. Bu qüvvə Azərbaycanın daha da möhkəmlənməsi, qüdrətlənməsi istiqamətində səfərbər olunub, fəaliyyət göstərir və bundan  sonra da hər cür fədakarlığı göstərməyə hazırdır.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, partiyanın Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Yeni Azərbaycan Pariyası Azərbaycanın ən güclü siyasi təşkilatı olmaqla ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynayır. Müstəqilliyimizin bərpasının  ilk illərində bu partiyanın yaranması tarixi zərurətə çevrilmişdi. Azərbaycanın parçalanması təhlükəsi  xalqımızın ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün çağırışlarını gücləndirirdi. Çünki bütün vətəndaşlar yalnız Heydər Əliyevi xilaskar kimi görürdülər.   

A.Rəhimzadə qeyd edib ki, 21 noyabr 1992-ci ildə yaranan partiyamız ulu öndər Heydər Əliyevə xalqın böyük inamı olduğu üçün qısa müddətdə təşkilatlandı və ölkəmizin ən nüfuzlu siyasi qüvvəsinə çevrildi. 

“Ümumiyyətlə, partiyamız öz gücünü Heydər Əliyev ideyalarından alır» söyləyən Arif Rəhimzadə qeyd edib ki,  biz bu ideyalar ətrafında birləşərək mütəşəkkil siyasi qüvvəyə çevrilmişik. Məhz Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev ideyaları ilə bağlıdır. Partiyamız bu ideyaların təbliğatçısıdır. Ötən 30  il ərzində YAP böyük bir inkişaf yolu keçib və bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafının yeni mərhələsini yaşayır. Bizim partiyamız döyüşkən və mübariz partiyadır. YAP üzvləri bütün strukturlarda təmsil olunur və Azərbaycanın inkişafı prosesində fəal rol oynayırlar. YAP-ın 30  illik fəaliyyətinə nəzər saldıqda bu partiyanın yenilikçi və avanqard siyasi təşkilat olduğunu əminliklə söyləmək olar. Partiyamızın Sədri, Prezident İlham Əliyevin vurğuladığı kimi, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Əminik ki, paritiyamız ölkəmizin avanqard, yenilikçi siyasi qüvvəsi olaraq bu mövqeyini qoruyacaq və daha da gücləndirəcək. Yeni Azərbaycan Partiyasının VII qurultayı tarixi Zəfərimizin yaratdığı yeni reallıqlara söykənərək keçirildi və qarşıya yeni vəzifələr qoydu. Bu gün partiyanın hər bir üzvü bu vəzifələrin uğurla icra edilməsinə səy göstərir.

A.Rəhimzadə bir daha YAP Xətai rayon təşkilatının hər bir üzvünü  əlamətdar gün münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. 

 Partiyanın yarandığı dövrdə ictimai-siyasi durumun  ağır vəziyyətdə olmasından, insanların sabaha olan ümidlərinin itməsindən bəhs edən “91-lər”in üzvü, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü, professor Sudeyf İmamverdiyev    qeyd edib ki,  1992-ci il noyabrın 21-də təsis konfransını keçirən Yeni Azərbaycan Partiyası yarandığı gündən  ümumxalq partiyasına çevrilərək xalqda sabaha  inam  yaratdı, qarşıya qoyduğu vəzifələri uğurla həyata keçirməklə ölkənin inkişafına, tərəqqisinə yol açdı. Ulu öndər   Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı  Yeni Azərbaycan Partiyasının həyatında da yeni mərhələnin əsasını qoydu.  YAP iqtidar partiyası kimi mövqeyini möhkəmləndirdi, qələbələri ilə cəmiyyətdəki nüfuzunu bir daha nümayiş etdirdi.

S.İmamvediyev  vurğulayıb ki, bu gün həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Yeni Azərbaycan Partiyasının həyatında yeni dövr başlayıb. Ötən il martın 5-də partiyanın Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq keçirilən  VII qurulayında qəbul olunan qərarlar Yeni Azərbaycan Partiyasının qarşısında geniş imkanlar açır.  Gələcəyə nikbinliklə baxmaq üçün kifayət qədər amillər olduğunu önə çəkən ölkə  Prezidenti İlham Əliyev bunu  belə əsaslandırır ki,  “xalq”, “millət” anlayışları ön planda  olanda istənilən problem öz həllini tapa bilər.

YAP-ın Veteranlar Şurasının üzvü  bu fikri xüsusi qeyd edib ki,  belə bir partiyanın üzvü olmaq böyük xoşbəxtlikdir.  Bu partiya Vətənin, dövlətin ən ağır zamanlarında yaranıb və Azərbaycanı bugünkü inkişafa, qalibiyyətə gətirib çıxarıb. Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyası olduğunu atdığı addımları ilə sübut edir.

Tədbirdə çıxış edən akademik Vaqif Abbasov ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı xidmətlərinin  miqyasının ölçüyəgəlməzliyindən bəhs edib. Bildirib ki, Ümummilli Lider  düşünülmüş və məqsədyönlü siyasəti ilə Azərbaycanı inkişaf, tərəqqi yoluna çıxardı. Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının hər bir üzvü  bu ideyaların təbliğatçısıdır.  Son 18 ildən artıq dövrdə ulu öndər  Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tariximizə Zəfər səhifəsini yazdı. Bu gün bu Zəfərin işığında  yeni-yeni hədəflər müəyyənləşdirilir və onlara nail olmaq üçün birgə səylər göstərilir.

Vaqif Abbasov Yeni Azərbaycan Partiyasına xidmətin dövlətə, xalqa xidmət olduğunu önə çəkərək bu fikri xüsusi qeyd edib ki, gənc alimlərimiz  partiyaya üzv qəbul olunmaq istəklərini  bildirirlər. Bu, onların partiyaya bağlılıqlarından, Heydər Əliyev ideyalarının Azərbaycana qazandırdığı uğurlardan  keçirdikləri qürur hissinə söykənir. Gənc alimlərimiz  Azərbaycanın  dayanıqlı inkişafına öz töhfələrini vermək istəklərini   fədkarlıqları ilə təsdiqləyirlər. Bu gün hər bir Azərbaycan vətəndaşı sevinclidir və qürurludur. Çünki hər birimiz qalib Azərbaycanımızla fəxr edirik.  

Şəhid atası, Xalq artisti Əli Nur  şəxsiyyətlərin tarixdə rolundan bəhs edib. Bildirib ki,  hər bir millətin, xalqın  öz tarixi şəxsiyyətləri vardır.  Azərbaycan xalqı xoşbəxtdir ki, onun dövlətinin, xalqının gələcəyini düşünən, ideyaları ilə Azərbaycanı ən yüksək zirvələrə  aparan Heydər Əliyev kimi Ümummilli Lideri vardır. Heydər Əliyev məktəbindən bəhrələnən, onun layiqli davamçısı Prezident İlham Əliyev adını tariximizə qalib Lider kimi yazdı. Bu gün  qalib Sərkərdəmiz işğaldan azad edilmiş torpaqlarımıza qalib ölkənin qalib Prezidenti kimi səfər edir, dünyaya öz mesajlarını çatdırır. Qarabağ Azərbaycandır! Bu torpaqlar bizimdir. Azərbaycan xalqı bundan sonra bu torpaqlarda əbədi yaşayacaq.

YAP Xətai rayon təşkilatının  təsis konfransının iştirakçısı kimi çıxış edən Kərim Ağayev  o illərin çətinliklərindən bəhs edib. Bildirib ki,     ötən 29 ildə  təşkilat çətin və şərəfli yol keçib və bu gün sıralarında birləşən üzvlərinin hər biri belə bir partiyada təmsil olunmaqdan qürurludur.  YAP Xətai rayon təşkilatı  partiyanın digər təşkilatlarından fəallığı ilə seçilir, ölkənin ictimai-siyasi həyatında əldə olunan uğurlara öz töhfələrini verir. 

Çıxış edən partiya fəalı Məmməd Əliyev də YAP-ın yarandığı çətin dövrlə bağlı fikirlərini bölüşüb.

Fəal gənclər adından çıxış edən Aysel Mayıllı  Yeni Azərbaycan Partiyasının sıralarına üzv qəbul olunmaq istəyindən və onu gerçəkləşdirməsindən  bəhs edərək bildirib ki, bu gün Azərbaycanın  adının qalib ölkə kimi tarixə yazılmasını şərtləndirən əsas amil  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti, onun ideyaları və son 18 ildə bu  kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Belə bir partiyada təmsil olunmaq mənim üçün şərəfdir.

Sonda YAP Xətai rayon təşkilatının  yarandığı gündən bugünədək onun işində fəal iştirak edən bir qrup üzvə Fəxri fərman təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv