YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: İşğaldan azad edilən ərazilərdə fevralın 1-dən 14-dək 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatından təmizlənib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə başa çatan Vətən müharibəsi nəticəsində azad olunan ərazilərimizdə mühəndis işləri davam etdirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə yollar Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələri tərəfindən minalardan və qar örtüyündən təmizlənir, həmçinin dağlıq və çətin keçilən ərazilərdə yerləşən bölmələrimizin mövqelərinə yeni təminat yolları çəkilir. Eyni zamanda, əkin sahələrinin minalardan təmizlənməsi üzrə fəaliyyətlər icra olunur.

Azad olunmuş ərazilərimizdə mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində fevralın 1-dən 14-dək olan müddətdə 374 hektardan artıq ərazi mina və partlamamış döyüş sursatlarından tam təmizlənib.

İşğaldan azad olunan ərazilərdə bu günədək mühəndis-istehkam bölmələri tərəfindən 13 min 868 hektardan artıq ərazi minalardan təmizlənib. Ümumilikdə piyada əleyhinə 6092, tank əleyhinə 2159 mina və 9012 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

Mina təmizlənmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib.

Azad olunan ərazilərimizdə minaların və partlamamış döyüş sursatlarının aşkarlanaraq zərərsizləşdirilməsi, eləcə də mühəndis təminatı üzrə digər zəruri tədbirlər davam etdirilir.