YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məqsədyönlü islahatlar kursu və regional inkişafın yeni mərhələsinə doğru

Siyavuş Novruzov

Milli Məclisin Regional məsələlər komitəsinin sədri

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar ölkəmizin sosial-iqtisadi inkişafını sürətləndirir, qarşıya qoyulan strateji hədəflərə çatmağa imkan verir. Xüsusilə də ötən müddət ərzində idarəetmə sahəsində aparılan islahatlar Azərbaycanın qarşısında yeni perspektivlər açıb. Eyni zamanda mütərəqqi islahatlar çərçivəsində bir sıra xidmətlərin yeni keyfiyyətdə təqdimatı vətəndaşlar tərəfindən məmnunluqla qarşılanıb. “ASAN xidmət”, ABAD, DOST kimi layihələrin reallaşdırılması idarəetmədə maksimum şəffaflığın, həmçinin qanunçuluğun bərqərar olmasını təmin edib. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar dövlət proqramlarının qəbul edilməsi və uğurla icra olunması əhalinin rifahının daha da yaxşılaşdırılmasına, məşğulluq səviyyəsinin artmasına mühüm töhfələr verib. Təbii ki, bütün bunlar həm də vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına imkan yaradıb.

İslahatların yeni ünvanı – Gəncə

Vətən müharibəsindən sonra yaranmış reallıqlar iqtisadi, sosial və inzibati idarəetmə sahəsində mühüm addımların artırılmasını, islahat xarakterli tədbirlərin həyata keçirilməsini zəruri edir. Dövlətimizin başçısı tərəfindən Azərbaycan Konstitusiyasının 96-cı maddəsinə əsasən “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihələrinin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə təqdim olunması regional islahatların mühüm tərkib hissəsidir.

Təfərrüatları keçməmişdən əvvəl xatırlatmaq istərdik ki, qəhrəman Gəncə şəhəri Vətən müharibəsi zamanı erməni terrorizminin və vandalizminin hədəfinə çevrildi. İşğalçı Ermənistanın təcavüzkar silahlı qüvvələri beynəlxalq hüquq norma və prinsiplərini kobud şəkildə pozaraq cəbhə zonasından kənarda yerləşən, əhalinin sıx məskunlaşdığı, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni 5 dəfə ağır artilleriya silahları ilə atəşə tutdu, nəticədə mülki şəxslər həlak oldu və yaralandı, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda zərər verildi. Ümumilikdə, Gəncə şəhəri üzrə 3908 yaşayış və qeyri yaşayış sahəsinə, 92 nəqliyyat vasitəsinə, 1 fermer təsərrüfatına ziyan dəyib. Erməni silahlı qüvvələrinin 2020-ci ilin oktyabrında şəhəri dəfələrlə atəşə tutması nəticəsində həlak olmuş 26 nəfər dinc sakindən 10-u kişi, 10-u qadın, 6-sı isə uşaq olub. Yaralanan 175 nəfər dinc sakin arasında isə 86 kişi, 57 qadın, 32 uşağın olması faktdır.

Döyüş meydanında öz sözünü deyən Azərbaycan Ordusu şəhidlərimizin qisasını işğal altında olan torpaqlarımızı azad etməklə aldı – caniləri və təcavüzkarları layiqincə cəzalandırdı. Gəncə şəhərinin raket atəşinə tutulması yerli əhali arasında zərrə qədər də vahimə yaratmadı. Əksinə, Gəncə əhalisi Prezident, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərək qüdrətli dövlətimizə, yenilməz ordumuza qətiyyətli dəstək verdi, sarsılmaz həmrəylik nümayiş etdirdi.

Yerli və mərkəzi icra orqanlarının fəaliyyəti optimallaşdırılır

Bu gün isə qalib Azərbaycan postmüharibə reallıqlarına uyğun strateji fəaliyyətini davam etdirir. Dövlətimizin başçısının imzaladığı müvafiq fərman və sərəncamlar əsasında görülən işlər yeni regional idarəetmə modelinin yaradılması baxımından olduqca əhəmiyyətlidir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı əsasında yeni bölgünün müəyyən edilməsi və 14 iqtisadi rayon sırasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının olması təkcə tarixi və siyasi-strateji önəm daşımır, həm də mühüm sosial-iqtisadi perspektivlər yaradır. Eyni zamanda, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi regional idarəetmədə yeni mexanizmin formalaşdırılması deməkdir.

Yerli və mərkəzi icra orqanlarının fəaliyyətinin optimallaşdırılması ilə bağlı tədbirlər də regional idarəetmənin təkmilləşdirilməsi baxımından böyük önəm daşıyır. Bu mənada, Gəncə şəhərinin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə əlaqədar təşəbbüsün əhəmiyyətini xüsusi qeyd etmək yerinə düşər.

Digər mühüm məsələ ondan ibarətdir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilərək ərazi vahidləri konkretləşdirilir. Əvvəllər bələdiyyənin ərazisi eyni adla rayonun ərazisi kimi göstərilirdisə, Gəncə şəhərinin Kəpəz və Nizami rayonları ləğv olunduğu üçün yeni siyahıda konkret ərazi vahidləri göstərilir. Yenilənmiş siyahıda Gəncə şəhərində bələdiyyələrin ərazi vahidləri bu cür konkretləşdirilir: Cavadxan, Məshəti, Natəvan, Sadıllı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairəsinin ərazisini təşkil edən hissəsi Kəpəz bələdiyyəsinin ərazisinə; Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairəsinin ərazisini təşkil edən hissəsi Nizami bələdiyyəsinin ərazisinə; Hacıkənd və Göygöl qəsəbələri isə Hacıkənd bələdiyyəsinin ərazisinə daxildir.

Vətəndaş məmnunluğu, büdcəyə qənaət və daha çevik mexanizm

Bütün bunlar, ilk növbədə, vətəndaş rahatlığına və məmnunluğuna xidmət edir. Digər tərəfdən, vətəndaşların müraciətlərinə baxılma mexanizmində yeniliklərin tətbiqi, büdcə vəsaitlərinin sərfiyyatına qənaət olunması baxımından vacibdir. Təsadüfi deyil ki, Gəncə şəhər sakinləri də Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi ilə bağlı Milli Məclisin Regional məsələlər komitəsinə müraciətlərində bu məsələləri xüsusi diqqətə çatdırmışdılar. Həmçinin Milli Məclisin Gəncə şəhərindən seçilmiş deputatları bir müddət əvvəl bu məsələnin parlamentin gündəliyinə salınması və baxılması barədə müraciət etmişdilər.

Gəncə ictimaiyyəti təqdirlə qarşılayır

Ümumiyyətlə, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu tərəqqi strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsi olaraq respublikamızın digər şəhər və rayonları kimi Gəncə şəhərində də sosial-iqtisadi yüksəliş təmin edilib, əhalinin sosial müdafiəsi gücləndirilib, infrastruktur təminatı yaxşılaşdırılıb, mühüm layihələr reallaşdırılıb, nəticə etibarilə, yüksək vətəndaş məmnunluğu təmin edilib.

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə hər zaman böyük diqqət və qayğı olub və bu, indi də davam edir. Bütün bu müsbət reallıqlar Gəncə ictimaiyyəti tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır, əhalinin bütün təbəqələrinin nümayəndələri həyata keçirilən siyasəti birmənalı olaraq və tam dəstəkləyirlər. Eyni zamanda, Gəncə şəhər ictimaiyyəti Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü hüququndan istifadə etməklə şəhərin Nizami və Kəpəz rayonlarının inzibati ərazi bölgüsünün ləğv edilməsi məsələsini Milli Məclisin müzakirəsinə tövsiyə etməsini təqdirlə qarşılayır.