YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 oktyabr tarixli 1456 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. “Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin (bundan sonra ‒ Agentlik) nizamnamə fondunun formalaşdırılması üçün “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 401-VIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1526 nömrəli Fərmanının 1.12.4.1-ci yarımbəndində (Dövlət ehtiyatlarının yaradılması və təşkili) nəzərdə tutulmuş vəsaitdən 2 516 300,0 (iki milyon beş yüz on altı min üç yüz) manat vəsaitin Agentliyə ayrılmasını təmin etsin;

3.2. “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.3. üç ay müddətində:

3.3.1. ölkənin istehlak bazarında strateji əhəmiyyətli malların siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

3.3.2. dövlət və səfərbərlik ehtiyatlarının yaradılmasına, saxlanılmasına, idarə edilməsinə və bundan irəli gələn digər məsələlərin tənzimlənməsinə dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 fevral 2022-ci il