YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan XİN Ermənistan baş nazirinin itkinlərin qalıqlarının verilməsi ilə bağlı açıqlamasına münasibət bildirib

Maraqlıdır ki, hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlı barədə hər hansı məlumatı təqdim etmək üçün Ermənistanın 30 il gözləməsinin səbəbi nə olub?

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın baş naziri Nikol Paşinyanın ölkə parlamentində çıxışı zamanı son bir il ərzində hələ birinci müharibədən itkin düşmüş 108 azərbaycanlının qalıqlarının Azərbaycan tərəfinə verilməsinə dair açıqlamasına münasibət bildirərkən deyib.

L.Abdullayeva qeyd edib ki, bununla bağlı indiyədək Ermənistan hökuməti tərəfindən hər hansı açıqlama verilməsə də, 30 ildən sonra itkin düşmüş minlərlə azərbaycanlıdan cəmi 108 nəfərin qalıqlarının verilməsinin səbəbləri sırasında, əlbəttə, işğaldan azad olunmuş ərazilərimizdə azərbaycanlıların kütləvi məzarlıqlarının aşkar edilməsi və dəlillərin beynəlxalq ictimaiyyətə təqdim olunması yer alır.

“Xatırlatmaq istərdik ki, Azərbaycan 44 günlük müharibədən dərhal sonra heç bir qarşılıq gözləmədən və hələ birinci Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş minlərlə azərbaycanlı haqqında Ermənistan tərəfindən hər hansı məlumat verilmədiyi bir halda, 1700-dən çox erməni hərbçisinin cəsədini humanizm prinsiplərindən çıxış edərək qarşı tərəfə təhvil verib.

Qeyd etmək istərdik ki, Azərbaycan tərəfi itkin düşmüş şəxslərlə bağlı məsələni prioritet olaraq gündəlikdə saxlayır və hələ də taleyi barədə hər hansı məlumat olmayan 3700-dən çox azərbaycanlı barədə, həmçinin kütləvi məzarlıqların yerinin müəyyən olunması üçün bu məsələdə bilavasitə məsuliyyət daşıyan Ermənistan tərəfinin növbəti 30 il susqunluğuna icazə verməyəcək”, - deyə Mətbuat xidməti idarəsinin rəisi əlavə edib.