YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var

“Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır. Ölkəmizin nəzərdə tutduğu layihələr dünyanın təhlükəsizlik sisteminin daha etibarlı şəkildə təmin olunması istiqamətində yeni imkanlar açır. Prezident İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, onu dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional oyunçuya çevirib. Avropada baş verən sonuncu qaz böhranı fonunda Azərbaycanın oynaya biləcəyi rol bunun bariz nümunəsidir”. Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, hazırda enerji problemi ilə üzləşən Avropa ölkələri problemin aradan qaldırılması üçün müxtəlif yollar axtarır, bu istiqamətdə Azərbaycanla geniş müzakirələr aparır: “Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Bu məqsədlə fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII toplantısı keçirildi. Toplantıda iştirak edən dövlətlərin sayı və coğrafi baxımdan fərqli mövqeləri qarşıya qoyulan məqsədin nə qədər böyük olduğunu göstərir. Belə ki, iclasda 18 ölkə, 19 şirkət və 5 aparıcı beynəlxalq maliyyə təsisatı iştirak edib”.

F.Yıldırımın sözlərinə görə, iclasda Prezident İlham Əliyevin çıxışı zamanı sadaladığı faktlar neft-qaz siyasətinin uğurla həyata keçirildiyini göstərir: “Həmçinin maraqlı dövlətlərin sayı və layihəyə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi beynəlxalq maliyyə qurumları tərəfindən vəsaitin ayrılması da bunu sübut edir. Hazırda isə ölkəmizin qarşısında dayanan əsas vəzifələrdən biri işğaldan azad olunmuş ərazilərin təbii qazla təmin olunmasıdır. 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş ərazilərin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyac var. Bu, tamamilə dağıdılmış böyük bir ərazidir. Cari ildən etibarən Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlər öz doğma torpaqlarına qayıdacaq. Ona görə də, əlavə qaza ehtiyac var. Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Azərbaycanın elektrik enerjisi potensialı əsasən daxili istehlaka hesablanıb. Bu işlərin dövlətimiz tərəfindən uğurla icra olunacağına inanırıq. Artıq işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayıb. Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur. Fikrimcə, işğaldan azad edilmiş ərazilərin həm təbii qazla, həm də elektrik enerjisi ilə təmin edilməsi üçün nəzərdə tutulan planlar uğurla həyata keçiriləcək”.

F.Yıldırım qeyd edib ki, qarşıdakı dövrlərdə də Azərbaycanın Avropa ölkələrinə elektrik enerjisi və təbii qaz ixracını artırmaq üçün böyük potensialı var: “VIII iclasda cənab Prezident bu barədə də fikirlərini açıqladı. Dövlətimizin bu yöndə uğurlu siyasəti perspektivdə mühüm nəticələrin əldə olunacağını deməyə əsas verir. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və imzaladığı bütün müqavilələri yerinə yetirir. Bütün bu amillər ölkəmizin dünyada nüfuzunu daha da artırır”.