YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yüri Ratas: Estoniya şirkətləri Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır

Fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin parlamentinin (Riigikoqu) sədri Yüri Ratas ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətini salamlayan Estoniya parlamentinin sədri Azərbaycan və Estoniyanın dost ölkələr olduğunu bildirib. Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Yüri Ratas ölkəsinin Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. Yüri Ratas iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini qeyd edib, parlamentlərarası münasibətlərin daha da gücləndirilməsinin vacibliyindən danışıb.

O, Estoniyada yaşayan azərbaycanlıların ölkə cəmiyyətinə fəal inteqrasiyasından razılığını bildirərək, bunun xalqlarımız arasında əlaqələrə müsbət təsir etdiyini diqqətə çatdırıb. Həmçinin deyib ki, Estoniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır.

Öz növbəsində Sahibə Qafarova Estoniyaya dəvətə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Milli Məclisin sədri bu səfərin onun Azərbaycan parlamentinin sədri kimi Estoniyaya ilk rəsmi səfəri olduğunu qeyd edib. Ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına töhfəsini verəcək.

Estoniyanın müstəqilliyinin 104-cü ildönümü münasibətilə təbriklərini çatdıran Milli Məclisin sədri bildirib ki, bu il həm də Azərbaycan ilə Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edib.

Sahibə Qafarova qeyd edib ki, Azərbaycan ilə Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də parlamentlər arasında mövcud olan uğurlu əməkdaşlıqdır. Bu gün qanunvericilik orqanlarımız arasında münasibətləri daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. Bu sahədə parlament dostluq qruplarının rolunu müsbət qiymətləndirən Milli Məclisin sədri parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsindəki qarşılıqlı əməkdaşlığından razılığını ifadə edib.

Estoniya parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndə heyətinin 2021-ci ilin noyabrında ölkəmizə səfərindən danışan S.Qafarova estoniyalı deputatların Ağdam şəhərində Ermənistanın törətdiyi vandallıqları gözləri ilə gördüklərini deyib. Azərbaycan parlamentinin rəhbəri dostluq qrupunun Xocalı soyqırımı, həmçinin ərazilərimizin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə bəyanatlarının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb.

Söhbət zamanı Sahibə Qafarova 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən də danışaraq diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil və 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla bu münaqişəyə son qoyulub. Artıq regionda yeni reallıq yaranıb. İndi müharibə yox, sülh və gələcək inkişaf haqqında danışılmalıdır və Ermənistan regionda yeni reallığı qəbul etməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.