YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal müstəvidəki mövqeyini daha da möhkəmləndirir

XXI əsrin ən böyük layihələrindən biri, iştirakçı ölkələrə, bütün regiona sabitlik, təhlükəsizlik və rifah vəd edən Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal müstəvidəki mövqelərini daha da möhkəmləndirib. Ölkəmizin dünyaya səs salan 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərindən sonra növbəti tarixi uğuru 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın qaz təchizatı bazarına daxil olması oldu. Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edən Cənub Qaz Dəhlizi layihəsi məhz Azərbaycanın təşəbbüsü, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti nəticəsində reallığa çevrildi. Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

Deputat qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısının fevralın 4-də Bakıda keçirilməsi də ölkəmizin qaz strategiyasının uğurlu inkişafından, Avropanın enerji təhlükəsizliyində mühüm yer tutmasından xəbər verir. Avropa İttifaqının komissarlarının, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksəksəviyyəli nümayəndələrinin toplantıda iştirak etmək üçün Bakıya gəlmələri bir daha təsdiqlədi ki, Azərbaycanın təşəbbüsləri ilə ərsəyə gələn bu enerji dəhlizi onun bütün iştirakçıları tərəfindən yüksək dəyərləndirilir.

Bu nəhəng enerji infastrukturunun başa çatdırılması eyni zamanda bütün iştirakçı dövlətlərlə yanaşı enerji ixracında yeni mərhələyə qədəm qoyan Azərbaycanın böyük nailiyyəti, ölkə Prezidenti İlham Əliyevin enerji siyasətinin təntənəsi oldu. Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasından sonra Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Keçən il Azərbaycan 19 milyard kubmetr təbii qaz ixrac edib - Türkiyəyə 8,5 milyard, İtaliyaya demək olar ki, 7 milyard kubmetr. Yerdə qalan həcm komandanın başqa üzv ölkələrinə - Gürcüstana, Yunanıstana və Bolqarıstana ixrac olunub.

Dəyəri 33 milyard ABŞ dollar olan Cənub Qaz Dəhlizi beynəlxalq əməkdaşlıq layihəsi olmaqla yanaşı həm də müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı kimi bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini verir. - həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı kimi tanınan Azərbaycanın qazına yeni bazarda ehtiyac var.

Artıq tam gücü ilə istifadəyə düşən böyük enerji infrastrukturunun həyata vəsiqə alması bir çox mərhələlərdən keçib. Məhz Prezident İlham Əliyevin müdrikliyi və siyasi iradəsi, layihə iştirakçıları arasında düzgün koordinasiyanın təşkili, beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq, Avropa İttifaqının siyasi dəstəyinin təmin olunmas Cənub Qaz Dəhlizi layihəsinin hər bir mərhələsinin uğurla tamamlanmasını təmin edib.

Azərbaycan Prezident İlham Əliyevin qeyd etdiyi kimi Cənub Qaz Dəhlizi layihəsi bundan sonra da ölkələr arasında körpülər yaradacaq və daha böyük anlaşmaya yol açacaq.