YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ölkəmizin bütün rayonları həm sosial, həm də iqtisadi cəhətdən inkişaf etdirilir, abadlaşdırılır

Kamilə Əliyeva

Milli Məclisin deputatı

Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev ölkəmizdə elə rayon olmayıb ki, dəfələrlə səfər etməsin. Regionlara səfərləri zamanı ölkə başçımız çoxlu sayda sosial obyektlərin, yeni müəssisələrin açılışında, təməlqoyma mərasimində iştirak edib. Ölkəmizin bütün rayonları istər sosial, istərsə də iqtisadi cəhətdən inkişaf etdirilir, abadlaşdırılır.

Prezident cənab İlham Əliyev yanvarın 30-da Azərbaycanın ən qədim və ikinci böyük şəhəri olan Gəncə şəhərinə növbəti dəfə səfər etdi və bir sıra sosial obyektlərin və müəssisələrin açılışında iştirak etdi.

Bu gün Gəncə şəhəri Qafqazın ən böyük və müasir şəhərinə çevrilib. Gəncə şəhərinin inkişaf etdirilməsi hər zaman cənab İlham Əliyevin diqqət mərkəzində olub. Şəhərin elektrik enerjisi və qazla təchizatı tam həll edilib, ən böyük problemlərdən biri olan şəhərin içməli su ilə təminatı istiqamətində işlər görülür. Bu məqsədlə dövlət tərəfindən bu böyük layihəyə 800 milyon manat vəsait ayrılıb. Bütün istiqamətlərdən Gəncəyə gedən avtomobil yolları yüksək səviyyəyə çatdırılıb. Bakıdan Gəncəyə çəkilən dəmir yol xətləri tam modernləşdirilib. Bakıdan Gəncəyə yüksək sürətli qatarlar işləyir.

Gəncədə müasir lokomotiv depo da tikilib istifadəyə verildi. Eyni zamanda Gəncə aeroportu bir neçə il bundan əvvəl yenidən qurularaq beynəlxalq səviyyəli aeroporta çevrilmişdir. Şərq-Qərb nəqliyyat dəhlizi də Gəncədən keçdiyindən gələcəkdə şəhər daha da böyüyüb inkişaf edəcək. Şəhər əhalisinə yüksək keyfiyyətli tibbi xidmət göstərilməsi üçün 245 çarpayılıq xəstəxana yenidən tikilib və əlavə olaraq 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılmışdır. Təhsil sahəsində də böyük işlər görülüb. Belə ki, son dövrlər 30-dan artıq yeni məktəb binası tikilib və təmir etdirilib. Gəncə şəhərində yerləşən Dövlət Aqrar Universitetinin maddi-texniki bazası genişləndirilib.

Gəncənin mədəni həyatına töhfə verə biləcək çox əhəmiyyətli işlər görülüb. Bir neçə il bundan əvvəl gözəl arxitektor quruluşa malik Gəncə Filormoniyasının açılışı oldu. Gəncə Dram Teatrı üçün möhtəşəm və ən müasir texniki avadanlıqla təmin edilmiş yeni teatr binası tikilmişdir. Şəhərdə çox gözəl və yaraşıqlı parklar, xiyabanlar salınıb.

İşğaldan azad edilmiş Kəlbəcərə gedən yeganə avtomobil yolu da Gəncədən başlayır və Göygöldən keçməklə Kəlbəcərə gedir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq Qarabağ və Zəngəzurla yanaşı, bütün bölgələr inkişaf etdirilir. Bu baxımdan Gəncədə də sosial obyektlər, idman arenaları tikilib istifadəyə verilmişdir. Gəncə şəhərində tələbat çox böyük olduğundan ikinci “Asan Xidmət” Mərkəzi yaradıldı. Eləcə də nəinki Azərbaycanda, hətta Qafqazda bir çox idman növlərini özündə birləşdirən ən böyük İdman Sarayı tikilməkdədir.

Gəncə şəhəri hər zaman ermənilərin göz dağına çevrilmişdir. İkinci Qarabağ müharibəsi dövründə də Gəncə şəhəri dəfələrlə xain və cinayətkar Ermənistan ordusu tərəfindən ballistik raketlərlə bombalanmışdır. Şəhərə atılan 13 raket zərbələri nəticəsində 6-sı uşaq olmaqla 26 dinc sakin qətlə yetirilmişdir. Bütün dünya Ermənistanı cinayətkar bir dövlət olduğunu tanımalıdır.

Azərbaycanın Şanlı Ordusu döyüş meydanında digər şəhidlərlə bərabər, Gəncə qurbanlarının da qisasını aldı. Erməni faşizmi tamamilə məhv edildi.

Ölkə başçısı cənab İlham Əliyev Gəncə şəhərində ermənilərin bombaladığı ərazini də ziyarət etdi. Şəhərdə ermənilərin bombaladığı və insanların qətlə yetirildiyi təxminən 4 hektar ərazidə Memorial Kompleks inşa ediləcək. Dağıdılmış binalar olduğu kimi saxlanılacaq. Biz və bizdən sonra gələcək nəsillər erməni vəhşiliyini unutmayacağıq. Bu Memоrial Kompleksi ziyarət edəcək hər kəs ermənilərin azərbaycanlılara qarşı törətdikləri cinayətləri öz gözləri ilə görəcək. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqı sülhsevər xalqdır, ancaq ona qarşı pislik edənləri heç vaxt unutmur.