YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Suraxanı rayonunda Gənclər günü qeyd olunub

Suraxanı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının birgə təşkilatçılığı ilə “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə tədbir keçirilib.

Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, rayon ictimaiyyətinin nümayəndələri və gənclər iştirak ediblər.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər güllər düzülüb.

Daha sonra “Atəşgah” Dövlət Tarix-Memarlıq Qoruğunda təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ulu öndər Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin əziz xatirələri bir dəqiqəlik sükutla yad olunub.

Suraxanı RİH başçısı Əziz Əzizov bütün gəncləri “2 Fevral - Azərbaycan Gənclər Günü” münasibətilə təbrik edərək, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Azərbaycanda uğurla həyata keçirilən mütərəqqi gənclər siyasətinin gənc nəslin inkişafında, eləcə də onların vətənpərvər ruhda formalaşmasında önəmli rolundan danışıb. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Azərbaycan gəncinin cəsarətini, hünərini, əzmini bütün dünyaya nümayiş etdirdiyini vurğulayan Əziz Əzizov bütün Şəhidlərimizə Allahdan rəhmət diləyib.

YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov bildirib ki, ən çətin vaxtlarda, 90-cı illərin əvvələrində gənclərin yada düşmədiyi, ölkədə sosial qayğıların baş alıb getdiyi zamanlarda ulu öndər Heydər Əliyev gənclərin ölkəmizin gələcəyi olduğunu bilərək mühum addımlar atıb: “Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər yetişməkdə olan gənc nəslə qayğını hər zaman ön plana çəkib. Ümummilli Liderin məqsədi ölkənin gələcəyini etibarlı əllərə əmanət etmək idi və o, öz məqsədinə çatdı. Ulu öndər Heydər Əliyev Azərbaycan gənclər siyasətinin banisidir. Bu gün Azərbaycan gəncləri öz inkişaflarının qızıl dövrlərini yaşamaqdadırlar. Son 18 ildə yetişmiş gənclər böyük qayğı və imkanlarla əhatə olunublar. Prezident, YAP-ın sədri cənab İlham Əliyev gənclərə etimad göstərir, gənclər də öz növbəsində Prezidenti dəstəkləyirlər. Qalib xalqın qalib nümayəndələri olan Azərbaycan gəncləri şanlı Zəfərin əldə olunmasında da tarixi rola malikdirlər”.

“Bu gün Azərbaycanda cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində gənclər siyasətinin hüquqi bazası kifayət qədər gücləndirilib” söyləyən Milli Məclisin deputatı Sevinc Fətəliyeva Azərbaycan gəncliyinin inkişaf strategiyasından söz açıb. Bildirib ki, ötən illər ərzində “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və digər qəbul olunan qərarlar və qanunlar, atılan addımlar gəncliyimizin inkişafını təmin etməkdədir.

Bakı şəhəri Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yüsifov öz çıxışında gəncləri təbrik edərək Dövlət Gənclər Siyasətinin həyata keçirilməsində Suraxanı rayon gənclərinin rolunu xüsusi vurğulayıb.

YAP Suraxanı rayon təşkilatının fəal gənci Aysel Ələkbərzadə “2 Fevral - Azərbaycan Gənclər günü”nü gənclərə bəxş edən ulu öndər Heydər Əliyevin əziz xatirəsi qarşısında baş əyərək  bildirib ki, bütün Azərbaycan gəncliyi kimi Suraxanı gəncləri də ən layiqli davamçı cənab Prezident İlham Əliyevin hər addımında, hər qərarında onun yanında yer alırlar.

Daha sonra bir qrup fəal gənc Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərmanlar ilə təltif olunub.

Tədbir rayon gənclərinin ifasında musiqi nömrələri və rəqslər ilə davam edib.