YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ramil Orucov: Qalib ölkənin qalib gəncləri gələcək nəsillərə örnəkdirlər

Ramil Orucov

YAP Gəncə şəhər təşkilatının sədri

Gənclik hər bir dövrdə cəmiyyətin uğur, intellekt, mübarizə simvolu, rəmzi olub. Təmsil etdikləri ölkənin gələcəyi, sabahı olan gənclər yeni ümidlərin, yeniliklərin yaradıcısıdırlar. Kökünə bağlı, milli, mənəvi dəyərlərinə sadiq Azərbaycan gəncləri tarixin bütün mərhələlərində inkişafın hərəkətverici qüvvəsi, cəmiyyətin ən dinamik zümrəsi olublar.

Gənclərimiz hər zaman ölkədə baş verən bütün proseslərin mərkəzində dayanıb, Azərbaycanın ayıq-sayıq və ən iti görən gözü kimi ölkənin ictimai-siyasi həyatında yaxından iştirak ediblər. Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm bugünüdür, həm də sabahıdır, ümididir” fikirləri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsasını təşkil edib, daim aktuallığını qoruyub, saxlayıb. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətini Möhtərəm Prezident Cənab İlham Əliyevin uğurla davam etdirməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldub, ölkəmizi dünya miqyasında layiqincə təmsil etməyi bacarıblar.

Gənclərin hərtərəfli inkişafı, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda tərbiyəsinin müstəqil Azərbaycan dövləti tərəfindən daim diqqət mərkəzində saxlanılmasının nəticəsində bu gün ölkəmizdə vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Ölkəmizdə gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Gənclərin vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn tədbirlər dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Sevindirici haldır ki, bu gün ölkədə gedən bütün islahatların mərkəzində gənclər dayanır. Onlar dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə uğurlu islahatların həyata keçirilməsinə, qarşıda duran vacib problemlərin həllinə öz sanballı töhfələrini verirlər.

Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmləndirilməsi naminə hər bir sahədə böyük fəallıq göstərən, Möhtərəm Prezident Cənab İlham Əliyevin ətrafında sıx birləşən gənclərimiz ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə olan inamı, ümidi tarixin yeni mərhələlərində özünü tam doğruldurlar. Vətənpərvər, elini, obasını sevən gənclərimiz Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açan 44 günlük Vətən müharibəsində, Azərbaycanın haqq savaşında milli ruhda tərbiyə aldıqlarını, el-oba, Vətən uğrunda canlarında keçməyə belə hazır olduqlarını təsdiq etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək könüllü şəkildə silaha sarılan gənclər Vətən uğrunda qan töküb can verdilər.Vətən savaşı bir daha təsdiqlədi ki, müasir Azərbaycan gənci əsl vətənpərvər, dövlətini, xalqını, bayrağını sevən, dövlətçiliyin mühafizəsində dayanan, lazım gəlsə canından keçməyə hazır olan igid qəhrəmandır. İgidlikləri, mərdlikləri, düşmənin bağrını yararaq qəhrəmanlıq dastanı yazan Azərbaycan gəncləri gələcək nəslə örnəkdirlər. Ön cəbhədə olduğu kimi gənclərimiz arxa çəbhədə, informasiya savaşında, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında da eyni fəallıq göstərdilər.

Bu gün Azərbaycan gənci həm də yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır, igiddir. Məhz müstəqillik dövrünün gəncləri göstərdiyi şücaət, igidliklə 44 günlük Vətən müharibəsindəki Şanlı Zəfər Azərbaycan tarixinin şərəfli səhifələrinə yazıldı. Tarixi Zəfər xalqımızın, Azərbaycan gəncliyinin milli vətənpərvərlik ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini bir daha parlaq şəkildə nümayiş etdirdi.

Bu gün gənclərimiz Ulu Öndərimiz Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan 2 fevral - Azərbaycan Gəncləri Gününü qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi sonsuz ruh yüksəkliyi ilə qeyd edirlər.