YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Masallı rayon təşkilatı “Vətənimizin gələcəyi olan gənclər” mövzusunda görüş keçirib

Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı 2 fevral-Azərbaycan Gəncləri günü ilə əlaqədar “Vətənimizin gələcəyi olan gənclər” mövzusunda görüş keçirib. 

Görüşdə Vətən müharibəsi iştirakçıları, qazilər və rayonun fəal gəncləri iştirak ediblər. Əvvəlcə Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Masallı rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Seyfəddin Əliyev gəncləri 2 fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə təbrik edərək bildirib ki, Azərbaycan gəncliyi ölkənin daxili ictimai-siyasi, həmçinin sosial-iqtisadi və digər sferalarında aktiv fəaliyyət göstərir, intellektual imkanları və kreativliyi ilə dövlətçiliyimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verir: “Azərbaycan gəncliyi ölkəmizi beynəlxalq aləmdə də layiqincə təmsil edir, dövlətimiz haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında, mədəni-mənəvi irsimizin təbliğ olunmasında fəallıq nümayiş etdirir. Müasir Azərbaycan gəncliyi unutmur ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar”.

S.Əliyev vurğulayıb ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də sentyabrın 27-də başlayan və noyabrın 10-dək davam edən Vətən müharibəsi oldu. “Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər sayəsində Azərbaycan ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşdu. Sevindirici haldır ki, gənclərimiz ön cəbhədə olduğu kimi, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak ediblər”, -deyə S.Əliyev bildirib.

Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan danışan YAP Masallı rayon təşkilatının gənc fəalı Könül Qənbərova isə söyləyib ki, gənclər siyasəti dövlət siyasətinin prioritet istiqamətinə çevrilib: “Azərbaycan gənclərinin dünyanın aparıcı ali məktəblərində dövlətin dəstəyi ilə təhsil almaları, ixtisaslı kadrlar kimi ölkənin daha da qüdrətlənməsi istiqamətində fəaliyyət göstərmələri dövlətin onlara olan etibarının əyani göstəricisidir. Vaxtilə gənclərimizi xarici ölkələrin ali təhsil müəssisələrinə göndərməklə Azərbaycanın dünyada tanınması və təbliği üçün zəmin yaradan Ulu Öndərin ənənəsi bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. İndi həmin kadrlar bu gün Azərbaycanın təcrübəli mütəxəssislərə olan tələbatını tam şəkildə ödəyirlər”.

Sonra gənc YAP üzvlərindən Nurlan Muradov, Əsmər Əzimzadə, Abı Bağırov və başqaları çıxış edərək bildiriblər ki, bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. 

Tədbirin sonunda partiya sıralarına yeni daxil olan gənclərə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub, 2 fevral - Azərbaycan Gəncləri günü münasibəti ilə bir qrup gəncə, Vətən müharibəsi iştirakçılarına qiymətli hədiyyələr və fəxri fərmanlar verilib.