YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

20 yanvar – xalqımızın qəhrəmanlıq salnaməsidir

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində “Qanlı Yanvar” faciəsinin 32-ci ildönümü ilə əlaqədar dəyirmi masa keçirilib. Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, 20 Yanvar şəhidlərinin ailə üzvləri, 13 nəfər 20 Yanvar faciəsi əlili iştirak edib.

Əvvəlcə 20 Yanvar faciəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tarix boyu xalqımızın faciələrlə üzləşdiyini və bu faciələrin böyük bir hissəsinin XX əsrdə baş verdiyini, xalqımızın hər zaman özünün azadlığı uğrunda mübarizədə böyük itkilər verdiyini bildirib.

20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən S.Mikayılov Azərbaycan xalqının öz qürurunu itirmədiyini, onun iradəsinin qırılmadığını vurğulayıb. Qeyd edib ki, xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılan 20 Yanvar, milli matəm, hüzn günü kimi qeyd edilməsinə baxmayaraq, xalqımızın tarixində qəhrəmanlıq səhifələrindən biridir: “SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi bu qanlı cinayət xalqımızı daha da birləşdirərək, millətin yenilməzliyini, qəhrəmanlığını, Vətənə, torpağa sədaqətini, azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya bəyan etdi. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırılaraq, 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi təcavüz və cinayət olduğu sübut edilmiş və tam siyasi-hüquqi qiymətini almışdır”.

S.Mikayılov söyləyib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində və bütovlükdə XX əsrdə baş vermiş faciələr içərisində xüsusi amansızlığı ilə seçilir: “Azərbaycan xalqı bu faciəni unutmur. Faciədən 32 il keçməsinə baxmayaraq, hər il xalqımız bu günü anır, şəhidlərin xatirəsini əziz tutur. 20 Yanvar hadisəsi keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi ağır cinayət idi və bu cinayətə hələ də beynəlxalq müstəvidə hüquqi qiymət verilməyib, cinayəti törədənlər öz cəzalarını almayıblar. Buna görə də biz fəaliyyətimizi bu istiqamətdə gücləndirməli, beynəlxalq aləmin 20 Yanvar faciəsinə düzgün, obyektiv qiymət verməsinə nail olmalıyıq”.

S.Mikayılov bildirib ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz torpaqlarımızı işğaldan azad etdi, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Arzu edirik ki, bundan belə xalqımız, dövlətimiz Zəfər günlərini qeyd etsin.

Çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Q.Əliyev 20 Yanvar faciəsi ilə bağlı o vaxtkı tarixi hadisələri xronoloji ardıcıllıqla xatırladaraq tədbir iştirakçılarının yaddaşını təzələyib. Qeyd edib ki, 20 yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndərimiz Heydər Əliyev bəyanat verərək bu qətliamı kəskin şəkildə pisləyib, keçmiş SSRİ hakimiyyətini ittiham edib. Ulu Öndərimizin bu bəyanatı nəticəsində dünya ölkələri Azərbaycan xalqının başına gətirilən bu faciədən xəbərdar oldular. Ulu Öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsinə siyasi qiymət verildi.

Q.Əliyev vurğulayıb ki, Azərbaycan dövləti tərəfindən 20 Yanvar şəhidlərinin adının əbədiləşdirilməsi, onların ailələrinə qayğı göstərilməsi istiqamətində lazımi işlər görülüb və Prezident İlham Əliyev tərəfindən daim bu siyasət davam etdirilir.

20 Yanvar faciəsinin əlili Bafadar İbrahimli çıxış edərək o müdhiş gecənin canlı şahidi kimi xalqımıza qarşı törədilən qırğınları xatırladaraq baş verən hadisələrlə bağlı maraqlı bir tarixçəni nəql edib: “Bir neçə yaxın məsləkdaşımla birlikdə 4 gün, 4 gecə meydanda olandan sonra SSRİ müdafiə naziri Yazovla görüşdük. Yazov söz verdi ki, həmin vaxt heç kim həbs olunmayacaq. Lakin bizi 18 nəfərlə birlikdə həbs edərək Rusiya Federasiyasının Orenburq şəhərinə apardılar. Düz 48 gün ağır şəraitdə qapalı həbsxanada saxladılar və müxtəlif işgəncələr verdilər. Ümümmilli lider Heydər Əliyev bu məsələdən xəbər tutandan və məsələyə müdaxiləsindən sonra ölümün pəncəsindən xilas olduq”.

Tədbir zamanı rayon rəhbərliyi dəyirmi masada iştirak edən 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən məsələlərə aydınlıq gətirib. Onlara maddi və ərzaq yardımı göstərilib.