YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Siyasi Şurasının üzvü Asəf Hacıyev Serbiyanın Baş naziri Aleksandar Vuçiç tərəfindən qəbul edilib

Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü Asəf Hacıyev Serbiya Respublikasının Avrointeqrasiya məsələləri üzrə naziri, hakim Serb Tərəqqipərvər Partiyasının (SNS) xarici əlaqələr üzrə katibi Yadranka Yoksimoviç ilə görüşmüş, sonra isə Serbiya Respublikasının Baş naziri, SNS-in Sədri Aleksandar Vuçiç tərəfindən qəbul edilmişdir. Qeyd olunan görüşlərdə Azərbaycanla Serbiya arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdır. Tərəflər beynəlxalq hüququn hamı tərəfindən tanınmış norma və prinsipləri əsasında dövlətlərin ərazi bütövlüyünün pozulmasının yolverilməz olduğunu təsdiqləyərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Kosovo problemi ilə bağlı nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin və koordinasiyalı fəaliyyətin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulamışlar.

Azərbaycanla Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasından məmnunluq ifadə edilərək, dövlətlərarası münasibətlərdə bu yüksək səviyyənin əldə olunmasında iki ölkənin hakim partiyalarının nümayəndələrinin xüsusi xidmətlərinin olduğu qeyd edilmişdir. A.Hacıyev Azərbaycan tərəfinin YAP ilə SNS arasında əməkdaşlığın daha da genişləndirilməsi marağında olduğunu qeyd edərək, SNS-in təmsilçilərini Azərbaycana dəvət etmiş və iki ölkənin hakim partiyaları arasında anlaşma memorandumunun imzalanmasını təklif etmişdir.

Serbiyanın Baş naziri A.Vuçiç Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyev ilə Münhen təhlükəsizlik konfransı çərçivəsində son görüşlərini məmnunluqla xatırladığını, ölkəsinin Azərbaycanla əməkdaşlığını müxtəlif sahələrdə daha da möhkəmləndirmək əzmində olduğunu bildirmiş, salamlarının və ən xoş arzularının Azərbaycanın dövlət başçısına çatdırılmasını xahiş edərək, iki ölkənin hakim partiyaları arasında əlaqələrin dərinləşdirilməsinə dair Azərbaycan tərəfinin təklifini məmnuniyyətlə qəbul etdiklərini vurğulamışdır.

İkitərəfli görüşlərin nəticəsində cari il aprel ayının sonları, may ayının əvvəllərində iki ölkənin hakim partiyaları arasında gələcək əməkdaşlıq məsələlərinin müzakirəsi və anlaşma memorandumunun imzalanması məqsədi ilə Serb Tərəqqipərvər Partiyasının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfərinin təşkili barədə razılıq əldə olunmuşdur.