YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqillik tariximizin 20 Yanvar zirvəsi

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən

32 il bundan öncə - 1990-cı ilin 20 Yanvar tarixində təpədən dırnağa qədər silahlanmış sovet ordusunun Bakıda və ölkənin ayrı-ayrı regionlarında reallaşdırdığı qətliam Azərbaycanın müstəqilliyi yolunda yeni mərhələnin başlanğıcı oldu. Qanlı Yanvar hadisəsi müstəqillik əldə etmək istəyən, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar tarixi ümumxalq faciəsi olmaqla yanaşı, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə yazılıb.

1989-cu ilin sonlarında Azərbaycan xalqı ölkənin milli maraqlarına zidd addımlar atan o zamankı rəhbərliyin istefası tələbini irəli sürür və qətiyyətlə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxırdı. Erməni dəyirmanına su tökən SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq üçün millətini sevməyən, milli şüura malik olmayan Vəzirov və ətrafındakıların çağırışı əsasında Bakıda və bölgələrdə Qanlı Yanvar qırğınını törətdi. Kiçik bir arayış verərək qeyd etmək istərdik ki, 1990-cı il yanvarın ortalarında artıq SSRİ müdafiə və daxili işlər nazirliklərinin, habelə başqa xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabiti Bakı şəhərinə gətirilmiş, Qala və “Nasosnu” aerodromlarında, Respublika stadionunda, Salyan kazarmasında yerləşdirilmişdi. Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan erməni kursantları da cəlb edilmişdi. Beləliklə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridildi, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirildi. Sovet ordusunun və daxili qoşunların xüsusi təyinatlılarının Bakını zəbt etməsi xüsusi qəddarlıqla müşayiət olundu. Bunun nəticəsi idi ki, tətbiq edilmiş fövqəladə vəziyyət haqqında əhali xəbərdar edilməmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Şəhərin küçələri güllələnmiş və yaralanmış günahsız adamların - qocaların, qadınların, uşaqların qanına qərq olmuşdu. Hərbçilər təsadüfən küçəyə çıxanları, yaşayış evlərini, təcili yardım maşınlarını belə atəşə tuturdular.

Ümumilikdə Azərbaycanda 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdi. Həmin dövrün qiymətləri ilə dövlətə, ictimai və şəxsi əmlaka 5.637.286 rubl miqdarında maddi ziyan vuruldu.

Qanlı Yanvar hadisəsi Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdi, 70 ildən sonra dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi oldu. Bundan sonra azadlıq hərəkatı dönməz xarakter aldı, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda gördü. 20 Yanvar hadisəsi nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. Baş vermiş hadisələr dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Dünya azərbaycanlıları ilk dəfə olaraq milli faciəmizin tanıdılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladı.

Bəs Azərbaycanda baş vermiş qətliam hadisəsini ilk olaraq dünya miqyasında kim bəyan etmiş oldu? Təbii ki, xalqı üçün özünün və övladlarının canından keçməyə hazır olan Heydər Əliyev. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn xalqın dəyərli və müdrik oğlu Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Heydər Əliyev Bakıya ordunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid edərək, rəsmi açıqlamanı tələb etdi: “Azərbaycana kənardan böyük ordu kontingenti yeridilmişdir. Respublikada neçə ordu birləşməsinin olduğu mənə yaxşı bəllidir. Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri vardır. Oraya əlavə qoşun yeritmək nəyə lazım idi? Əgər belə zərurət var idisə, orada yerləşən hərbi hissələrdən də istifadə etmək olardı. Belə qərar qəbul edən Azərbaycan rəhbərliyi, hamıdan əvvəl isə Azərbaycanı qoyub qaçmış Vəzirov, öz xalqı qarşısında məsuliyyət daşımalıdır”.

Qanlı Yanvar hadisələrinin ilk hüquqi qiymət Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən verillib. Bu gün Ulu Öndər Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də şəhidlərin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial məsələlərinin həll olunmasına xüsusi diqqət ayırır.

DİGƏR Xəbərlər Arxiv