YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Qanlı 20 Yanvar hadisələrini xalqımız heç vaxt unutmamalıdır

Azərbaycan xalqı 20 yanvar 1990-cı il tarixində başladığı azadlıq mübarizəsini qətiyyətlə, ləyaqətlə və əzmlə davam etdirməkdədir. 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik yolunun başlanğıcıdır. Xalqın həyatında yeni mərhələnin ilk addımlarıdır. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün böyük faciə ilə yanaşı eyni zamanda da öz ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. Son qarış torpaqları azad olunana və tarixi Azərbaycan torpaqlarında ədalət bərqərar olunana qədər də xalqımızın hürriyyət və azadetmə mübarizəsi davam edəcəkdir.

80-ci illərin sonunda xalqın böyük oğlu, ulu öndər Heydər Əliyevə qarşı irəli sürülmüş əsassız iddialar, nüfuzdansalma əməliyyatları Bakıda sadə xalq kütlələrini hiddətə gətirirdi. Moskvada çox yaxşı bilirdilər, nə qədər ki, Heydər Əliyev siyasi büroda ciddi fiqurlardan biri olacaqdır, o qədər də Azərbaycana qarşı heç bir mənfur addım atıla bilməyəcəkdi. Elə bu səbəblərdən ötrü 1987-ci ildə Ümummilli Lider heç bir əsas olmadan təqaüdə göndərildi və bununla da Azərbaycan torpaqlarına qarşı təcavüzlər başlandı. İllərlə bir yerdə sülh içində qonşuluq etmiş keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan ermənilər riyakarcasına ölkəmizdə yaşamağın mümkünsüzlüyünü ifadə etmişlər. Topxana meşəsinə qarşı təcavüz Bakıda ciddi etirazlara səbəb olur, mitinqlər keçirilir, Naxçıvanda insanlar Sovet-İran sərhəddini dağıdırdılar. 70 illik Sovet hakimiyyətinə qarşı ən ciddi və güclü etiraz aksiyaları məhz Bakıda baş verməkdə idi. Tarixi faktdır ki, Sovetlər Birliyində yaşayan xalqlar arasında ən cəsur xalq məhz Azərbaycan xalqı idi. 70 il əvvəl hadisələr Sovet tarix kitablarında yazıldığı kimi cərəyan etməmişdi. Azərbaycan xalqı Sovet İttifaqına heç də könüllü şəkildə daxil olmamışdı. Dövlətimiz və dövlətçiliyimiz hücumlara məruz qalmış və ölkəmiz işğal olunmuşdu. Sovetlər Birliyinin digər bir çox xalqlarından fərqli olaraq Azərbaycan xalqı azadlığın, hürriyyətin, müstəqilliyin dadını bilirdi. Xəstə, yorğun və ədalətsiz idarəetməyə malik olan böyük bir dövlət çökürdü. 1990-cı ilin 20 yanvarında son nəfəsində belə öz qanlı əllərini daxilində olan xalqların yaxasından çəkməyən Sovet ordusu tarixdə çox az rast gəlinən cinayət törətdi. Milli maraqlara zidd addımlar atan Azərbaycanın o zamankı rəhbərlərinin istefası tələbinin irəli sürülməsinə və xalqın qətiyyətlə keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə qarşı çıxmasına görə Azərbaycanı cəzalandırmaq üçün Kreml Qanlı Yanvar qırğınını həyata keçirdi. Tam səmimi demək lazımdır ki, Bakıda o zaman törədilmiş faciə Sovet İttifaqının süqutunu daha da sürətləndirdi. Sovet ordusunda xidmət edən bütün xalqlar başa düşdülər ki, Bakıda sadə xalq kütlələrinə qarşı çevrilmiş tüfənglərin süngüləri vaxt gələcək onlara qarşı da yönələcəkdir.

19-dan 20-nə keçən gecə Bakıda qəribə hadisələr baş verməkdə idi. Mixail Qorbaçovun əmri, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin hərbi birləşmələrinin yeridilməsi nəticəsində 60 mindən çox yad hərbiçi doğma Bakımıza daxil olmuşdu. O zamanlar ölkə gənclərinin xidmət etdiyi, xalqı müdafiə etməli olan ordu heç bir əsas olmadan Bakını və digər şəhərləri zəbt edirdi. Dövlət fövqəladə halın elan olunması haqqında heç kimi xəbərdar etməmişdi. Bakıya gələn qanlı ordunun tərkibinə Stavropoldan, Rostovdan, Krasnodardan səfərbər edilmiş erməni zabit və əsgərləri, hərbi məktəblərdə təhsil alan onlarla erməni kursantları da cəlb edilmişdi. Sanki hər bir detal incəliklə düşünülmüşdü. Bakıda başlayan qətliamlar sonralar Qarabağda, Xocalıda davam etdirilmişdi. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışdılar. Ümumiyyətlə, ölkə ərazisində bir neçə gün ərzində həyata keçirilmiş qanunsuz hərbi əməliyyatlar nəticəsində 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5 637 286 rubl miqdarında maddi ziyan vurulmuşdu. Lakin o zamankı hakimiyyət orqanları və ölkəyə rəhbərlik edən adamlar məsələ ilə maraqlanmır, sadə xalq kütlələrini həyasızcasına küçələrə icazəsiz çıxdıqlarına görə ittiham edirdilər. Xalq isə öz küllərindən yenidən doğulur, ayağa qalxır və yaralarını sarımağa başlamışdı. Dini ayinlərin qadağan olunduğu bir rejimin tanklarının kölgəsində şəhidlər islam qaydaları ilə son mənzilə yola salınırdı. Azərbaycan cəmiyyəti dərk edirdi ki, bütün milli sərvətini, varlığını, canını, sağlamlığını həsr etdiyi Sovet ordusu onun müdafiəçisi deyil, düşmənidir.

Faktiki ölkədə bu hadisələrdən sonra tabesizliyin meydana gəlməsi normal və təbii hadisə idi. Xalq ona qarşı silah işlədən bir dövlətə öz kəskin etirazını bildirsə də, o zamankı hakimiyyətdə təmsil olunanlar Moskvanın qorxusundan səsini çıxara bilmir, etiraz etmir, haqq tələbi irəli sürmürdü. Azərbaycanın siyasi rəhbərliyi nəinki istefaya getməmiş, hətta belə bir məqamda susmağı daha üstün tutmuşdur. SSRİ Baş Prokurorluğunun istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibinin olmaması nəticəsinə gəldi. Bu qərar absurd qərar olmağı ilə yanaşı ən sadə ifadə ilə açıq cinayət idi. 20 iyul 1990-cı il tarixində isə cinayət işinin xitam olunması qərarı verildi. 100 cildlik istintaq materiallarının 68 cildi Bakıdan Moskvaya aparılmış və qaytarılmamşdır. Xalqın bütün narazılığına rəğmən dövlət cəmiyyətlə hesablaşmırdı. Əksinə, xalqın ittiham olunması və Qarabağda baş verən separatizm meyilləri insanları hakimiyyətə qarşı daha da hiddətləndirirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. Bu fürsətdən sui-istifadə edən Azərbaycan Xalq Cəbhəsi insanların həssas duyğularından hakimiyyətə gəlmək üçün istifadə etdilər. Təəssüflər olsun ki, o vaxtlar Heydər Əliyevə qarşı yaradılmış süni maneələr nəticəsində də hakimiyyətə gəldilər. Lakin xalqın tökülən qanını siyasi niyyətləri üçün alətə çevirən Azərbaycan Xalq Cəbhəsinə rəhbərlik edənlərin əsil simaları göründü. 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu mövzunu unutdu. Çünki cəsarətləri çatıb rus ordusunu rəsmi ittiham edərək hər hansı bir qərar qəbul edəcək qədər siyasi və hüquqi bazaları, dövlətçilik təcrübəsi olmayan bu insanlar ancaq meydan təfəkkürü ilə hərəkət edirdilər. Dövlət idarəçiliyi isə onların düşündüyü qədər sadə deyil idi.

Əbdürrəhman Vəzirovun hakimiyyəti və xalqı tərk edib qaçdığı bir zamanda qanlı imperiyanın mərkəzində ağır repressiya maşınına qarşı cəsarətlə öz etiraz səsini qaldıran əsil vətənpərvər Ulu Öndər Heydər Əliyev olmuşdur. Ümummilli Lider Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən öz cəsarətini və vətənpərvərliyini nümayiş etdirən Heydər Əliyevin xalqı qarşısında bir çox tarixi xidmətləri olmuşdur. Lakin bu cəsarətli çıxışı bütün xalqı ayağa qaldıran və azadlıq məşəli ətrafında birləşdirən müraciəti kimi Azərbaycanın müasir tarixinə qızıl hərflərlə yazıldı. Bu il 32-ci ildönümünü böyük ehtiramla qeyd etdiyimiz 20 Yanvar hadisəsi haqqında müxtəlif yanaşmalar, fərqli baxış bucaqları vardır. Müstəqil Azərbaycan Respublikası qurulduqdan dərhal sonra Bakıda hadisəyə hüquqi və siyasi qiymət verilməsə də, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Milli Qurtuluşumuzun gerçəkləşməsindən sonra 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. Bu dəfə də Ulu Öndər uzaqgörən siyasəti nəticəsində özündən əvvəl hakimiyyətdə olan iki prezidentin bacarmadığını reallaşdırdı.

Əlbəttə, 32-ci ildönümünü qeyd etdiyimiz 20 Yanvar hadisələrini heç vaxt unutmamalıyıq. Xalqımızın başına gətirilən müsibətləri yeni nəsillərə qan yaddaşımız kimi ötürməliyik. 20 Yanvar hadisələrindən sonra hakimiyyət və xalq birliyi olsa idi, bəlkə də Qarabağda başımıza gətirilən müsibətlər baş verməzdi. Bizim 32 il əvvəl keçdiyimiz milli birlik yolunu bəzi xalqlar, cəmiyyətlər indilərdə keçməyə çalışırlar. Biz isə dünya dövlətləri arasında özümüzə layiq yerləri tuturuq. Vətən Müharibəsində əldə olunan qələbə bir daha sübut etdi ki, şanlı zəfərlərə qansız, qurbansız nail olmaq olmur. Müstəqil Azərbaycan Respublikasının müstəqilliyi və suverenliyi uğrunda öz canını qurban vermiş vətəninin qeyrətli oğul və qızlarının əziz ruhları qarşısında ehtiramla baş əyirik!

DİGƏR Xəbərlər Arxiv