YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılan diaspor siyasəti Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində daha geniş üfüqlər açıb

“Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyev həm də dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olmuşdur. Ulu Öndərin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrliyi zamanı Ali Məclis 16 dekabr 1991-ci il tarixdə dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Respublikanın Ali Soveti qarşısında da bu bayramın rəsmiləşdirilməsi məsələsi qaldırılıb. Həmin il Azərbaycan Ali Sovetinin Milli Şurasının qəbul etdiyi qanunla 31 dekabrı bütün azərbaycanlılar rəsmən bayram kimi qeyd edir. Artıq 30 ildir ki, dünyanın 70 ölkəsinə səpələnmiş 50 milyondan artıq azərbaycanlı və Azərbaycan diaspor təşkilatlarında fəaliyyət göstərən Azərbaycanda doğulan və yaşayan digər xalqların nümayəndələri bu bayramı böyük sevgi və məhəbbətlə qeyd edirlər”. Bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Milli Məclisin deputatı bildirib ki, ulu öndər Heydər Əliyev bu bayramı təsis etməklə xalqımızın birliyinə və ideoloji həmrəyliyinə müvəffəq oldu. Həmrəyliyimizin institutlaşması sahəsində mühüm addımların atıldığını, ciddi tədbirlərin görüldüyünü deyən S.Hüseynova 2001-ci ildə Dünya Azərbaycanlılarının Birinci Qurultayının keçirilməsini xatırladıb. Qeyd edib ki, qurultayın nəticəsi olaraq Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradıldı. Bununla da dövlət siyasətinin yeni istiqaməti müəyənləşdirilərək onun hüquqi, maddi-texniki və təşkilati bazası yaradıldı. Görülən işlər nəticəsində azərbaycanlılar yaşadıqları ölkələrin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, həm də respublikamızla əlaqələri gücləndirmək imkanı qazandılar. Bu, Azərbaycan həqiqətlərinin çatdırılmasına, erməni yalanlarının ifşa edilməsinə, həmçinin milli mənəvi dəyərlərimizin təbliğ edilməsinə geniş şərait yaratdı və Azərbaycanın beynəlxalq imicinin artmasına töhfələr verdi.

Milli Məclisin deputatının sözlərinə görə, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun layiqli davamçısı möhtərəm Prezident İlham Əliyev bu sahədə həyata keçirilən siyasəti yeni bir mərhələyə yüksəltdi: “Ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış diaspor siyasəti Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində daha geniş üfüqlər açıb. Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə dəstək vermək, onların maddi-mənəvi dəyərlərimizi inkişaf etdirmək və dünyada daha geniş tanıtmaq, xaricdə yaşayan azərbaycanlıların sosial müdafiəsini gücləndirmək və bu sahəyə dövlət dəstəyinin ünvanlılığını təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı. “Bir millət, iki dövlət” prinsipinə əsaslanan Azərbaycan və türk diaspor təşkilatlarının ilk Forumunun Azərbaycanda keçirilməsi də Prezidentimizin məhz türk dünyasına verdiyi önəmin növbəti bir nümunəsi oldu. Bu Forum bütün türkdilli xalqların həyatında mühüm hadisəyə çevrildi. Forumda qəbul olunmuş qərarlar xaricdəki Azərbaycan diasporuna digər türkdilli xalqların diasporunun dəstək verməsinə imkan yaratdı. Bununla da dünya azərbaycanlılarının həmrəyliyinə türk dünyası da qoşuldu.   Həmçinin, ötən dövrdə Dünya Azərbaycanlılarının Xartiyası qəbul olundu. 2019-cu ildə isə “Diaspor fəaliyyətinə görə” medal təsis edildi”.

S.Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti, xalqımızın zəfər yürüşü ilə başa çatmış Vətən müharibəsinin mənəvi-ideoloji əsasını azərbaycançılıq fəlsəfəsi təşkil edirdi: “Dünya azərbaycanlılarınin həmrəyliyi həmin fəlsəfənin tərkib hissəsi olaraq özünü təsdiq etdi və bütün bunlarn uğurlu nəticəsi oldu ki, 30 il ərzində Azərbaycanın apardığı bu siyasət 200 ildən artıq davam edən  erməni ideoloji maşınına qalib gəldi, erməni ideologiyasını param-parça etdi. Bu, bir daha Heydər Əliyev siyasətinin müdrikliyinin, uğurunun parlaq göstəricisidir. Hazırda da dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Heydər Əliyevin məşhur sözlərini təkrarlayırlar: “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu kəlam hər bir soydaşımız üçün milli qürur rəmzinə çevrilib”.