YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pərvin Kərimzadə: “Fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlməsi hər bir azərbaycanlının milli qürur rəmzidir

“Azərbaycanlıların həmrəylik modelinin, xalqın həmrəyliyinə və gələcəyinə xidmət edən dövlət siyasətinin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz Ümummilli Liderin birbaşa təşəbbüsü və konkret addımları sayəsində dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesi diqqət mərkəzində saxlanılıb. Ulu Öndər Heydər Əliyev 1991-ci ildə dekabrın 31-nin Dünya azərbaycanlılarının həmrəyliyi gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur, dünya azərbaycanlılarının həmrəyliyinin təmini məsələsi öz həllini tapmışdı”.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Milli Məclisin deputatı qeyd edib ki, milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hissləri harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının mənəvi borcudur: “Ulu öndər Heydər Əliyev həmrəylik ideyasının reallaşması üçün dünyanın bütün guşələrində yaşayan azərbaycanlıların vahid təşkilati strukturda birləşməsini vacib məsələ kimi diqqətdə saxlayırdı. Harada olursa-olsun azərbaycanlıların birlikdə, bərabər olması əsas şərtlərdən biridir. Biz çalışırıq ki, Azərbaycanın daxilində bütün qüvvələri toplayaq. Eyni zamanda, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da öz qüvvələrini toplamalıdırlar. Ayrı-ayrı qüvvələrin, qrupların arasında fikir müxtəlifliyi ola bilər. Bu, təbii haldır. Ancaq Azərbaycanın müstəqilliyini qorumaq, ərazi bütövlüyünü saxlamaq üçün hamı bütün başqa fikirləri kənara qoyub birləşməli, bir hədəfə vurmalı, bir məqsədə xidmət etməlidir. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi”.

“Azərbaycançılıq amalı ətrafında milli-mənəvi bütövləşmə hərəkatının başlanğıcını qoymuş ulu öndər Heydər Əliyevin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi töhfələrlə, ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə çalışmaqla, bu sahədə məqsədyönlü fəaliyyətin ideoloji-siyasi konturlarını müəyyənləşdirməklə, milli birliyə xidmət edən addımları ilə bütün dünya azərbaycanlılarının dərin rəğbətini qazanıb. Məhz bunun üçün xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük həvəs və coşqu ilə qeyd edir. Azərbaycan millətinin birlik şüarının simvolik günü ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilib. Azərbaycan xalqının milli həmrəyliyi 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasında mühüm rol oynadı. Haqq, ədalət savaşı Azərbaycanda formalaşmış milli həmrəyliyin təcəssümü oldu. Bu tarixi Zəfərə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və həmvətənlərimiz də dəyərli töhfə veriblər. Onlar da doğma Azərbaycanımızın haqq işi naminə qüvvələrini birləşdirərək yaşadığı ölkələrin ictimaiyyətinə Vətən müharibəsi barədə doğru-düzgün məlumatlar çatdırdılar. Azərbaycanı özünə tarixi Vətən bilən harada yaşamasından asılı olmayaraq hər bir şəxsin həmrəylik nümayiş etdirməsi çox sevindirici haldır. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”. Ulu öndər Heydər Əliyevin fəxrlə, qürurla səsləndirdiyi bu kəlamlar bu gün hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilib”, - deyə P.Kərimzadə vurğulayıb.