YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə Çin arasında əlaqələrin inkişaf məsələləri müzakirə olunub

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Çin Xalq Respublikası Kommunist Partiyasının dəvəti ilə martın 15-18-də bu ölkədə səfərdə olub.
Əli Həsənovun Ümumçin Siyasi Məşvərət Şurasının sədr müavini, Çin Kommunist Partiyası (ÇKP) Mərkəzi Komitəsinin katibi Du Çinlin ilə görüşündə ölkələrimiz arasında münasibətlərin hazırki vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın Çinin ən yaxşı dostu və tərəfdaşı olduğunu xüsusi qeyd edən Du Çinlin, bu əlaqələrin təkcə ikitərəfli münasibətlərdə deyil, həmçinin regional və beynəlxalq məsələlərdə də daim özünü göstərdiyini diqqətə çatdırıb. O, ÇKP ilə Yeni Azərbaycan Partiyası arasında da sıx münasibətlərin olduğunu xüsusi məmnunluqla qeyd edib.
Əli Həsənov Çinə dəvətə və səfər zamanı göstərilən xüsusi diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirib və Azərbaycan Prezidenti İlham Əliyevin məktubunu ÇXR Sədri Si Cinpinə çatdırılmaq üçün Du Çinlinə təqdim edib.
Prezidentin köməkçisi Əli Həsənov Çin-Azərbaycan dostluğunun iki min illik tarixə malik olduğunu vurğulayaraq, müstəqillik illərində ölkəmizə göstərilən dəstəyə görə Çin hökumətinə təşəkkür edib.
Əli Həsənov 2014-cü ilin mayında Prezident İlham Əliyev ilə ÇXR Sədri Si Cinpin arasında keçirilmiş görüşdə hər iki liderin Asiya-Avropa nəqliyyat-kommunikasiya, logistika və xidmət sahələrində gələcək əməkdaşlığın sürətləndirilməsi üçün qarşılıqlı səyləri artıracağını bir daha yada salaraq, Çin şirkətlərini bu sahədə fəal əməkdaşlığa dəvət edib.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasındakı qarşılıqlı dəstəyin gələcəkdə də davam etdirilməsinin vacibliyini xüsusi qeyd ediblər.
Əli Həsənov Azərbaycanın bütün ölkələrlə ikitərəfli münasibətlərini beynəlxalq hüququn 3 əsas prinsipi - ölkələrin suverenliyi və ərazi bütövlüyünün qorunması, mübahisəli məsələlərin sülh yolu ilə həlli və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurduğunu söyləyərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının bu məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə həllinə verdiyi dəstəyə görə Çin tərəfinə təşəkkür edib.
Görüş zamanı iki dost ölkə arasında siyasi, iqtisadi, humanitar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkə arasındakı tərəfdaşlıq əlaqələrinin inkişafında yüksək səviyyəli səfərlərin böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiq ediblər.
Əli Həsənov səfər çərçivəsində Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin beynəlxalq əlaqələr üzrə nazir müavini Cou Li, Tiencin Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi, təbliğat-təşviqat idarəsinin rəisi Van Xenşen ilə də görüşüb.

Görüşlərdə Azərbaycanın Çindəki səfiri Lətif Qəndilov iştirak edib.

 

DİGƏR Xəbərlər Arxiv