YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Naqif Həmzəyev: Prezident İlham Əliyevin qətiyyətli mövqeyi Azərbaycanı Cənubi Qafqazda lider dövlətə çevirib

Ölkəmizin Prezidenti İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevirilib. Bu gün Azərbaycan yeni hərbi-siyasi güc mərkəzi, beynəlxalq arenada sözü eşidilən, mövqeyi qəbul edilən dövlət kimi qəbul edilir. Regionda uzunmüddətli sülhün, əməkdaşlığın və təhlükəsizliyin təmin olunması üçün müstəqil dövlətimizin yaratdığı şərait beynəlxalq təşkilatlar tərəfindən də razılıqla qarşılanır.

Bunu Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyev hakimiyyətə gələrkən xalq qarşısında söz verdiyi kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ümummilli lider Heydər Əliyevin başladığı siyasi kursu yüksək peşəkarlıq və uğurla davam etdirdi. Tarix yazan qalib liderlərimiz ata vəsiyyətini yenilməyən qətiyyəti ilə həyata keçirdi. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü qarşısında fiaskoya uğradı. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı.

“Mən Ermənistan baş nazirinin, təəccüb doğuran “Qarabağ Ermənistandır və nöqtə” bəyanatına toxunmaq istərdim. Birincisi, bu, yumşaq desək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Ermənistanın özü bu qanunsuz qurumu tanımır. Qarabağ əsl Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”. 2019-cu il oktyabr ayının 3-də Soçidəki “Valday” forumunda ölkə Prezidentinin Dağlıq Qarabağ münaqişəsinə toxunaraq səsləndirdiyi bu sözlər tam təsdiqini tapdı.

Dekabrın 10-da Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər Paradı dosta qürur, düşmənə göz dağı oldu. Ən əsası isə müharibə boyu əsl dostluq, qardaşlıq nümayiş etdirərək, hər kəsə qarşı bizi qətiyyətlə, səmimiyyətlə müdafiə edən, Azərbaycanın yanında olduğunu bildirən, ölkəmizin haqqının müdafiəsində kimsəyə güzəştə getməyəcəyini bəyan edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında iştirakı bütün dünyaya xüsusi mesaj oldu.

Ölkə başçısı İlham Əliyev siyasətinin, liderliyinin nəticəsində Azərbaycan ikinci Qarabağ müharibəsindəki şanlı Zəfəri ilə Cənubi Qafqazda yeni reallıqlar yaratdı, beynəlxalq münasibətlər sistemindəki yerini və rolunu daha da gücləndirdi, ölkəmizə olan marağı artırdı. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra isə Azərbaycan Avrasiya məkanında yeni nəqliyyat arteriyası yaratmış olacaq. Prezident İlham Əliyevin söylədiyi kimi, türk dünyası uzun illərdən sonra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Xəzər və Aralıq dənizi hövzələrinin, Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsi bölgənin və eləcə də türkdilli ölkələrin iqtisadiyyatına təsir göstərəcək. Elə noyabrın 28-də Aşqabadda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Görüşündə də Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər bu istiqamətdə idi. Dövlət başçısı dedi ki, Zəngəzur dəhlizi artıq reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İlham Əliyev əmin olduğunu bildirdi ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər. Eyni zamanda, qürurverici haldır ki, Azərbaycanın iştirakçılığı ilə reallaşan qlobal transmilli layihələr ölkəmizi Avropanın enerji təhlükəsizliyinin təminatçısına və Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevirib. Verdiyi sözə sadiqliyi ilə Azərbaycan Prezidenti ölkəmizi dünyada ən etibarlı tərəfdaşa çevirib.

Azərbaycanın tarixi Qələbəsindən sonra ölkə Prezidentinin dekabrın 14-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri bir çox mühüm məqamlara aydınlıq gətirdi. Brüssel danışıqları ən mühüm – diqqət çəkən görüş kimi tarixə düşdü. Xüsusilə də, indiyə qədər əldə olunmuş razılıqlar bir daha təsdiqləndi, sülh müqaviləsinin imzalanması, kommunikasiyaların bərpası, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlərdə Azərbaycanın üstün mövqeyi növbəti dəfə əks olundu. Cənubi Qafqazın lider dövləti kimi çıxış edən Azərbaycanın həm NATO, həm də Avropa İttifaqı üçün etibarlı tərəfdaş olduğu, ölkəmizin yaratdığı reallıqların regional və beynəlxalq əhəmiyyət daşıdığı bir daha bəyan edildi. Yeni geostrateji şəraitdə şərtləri diktə edən Azərbaycanın postmüharibə dövründə proseslərin tənzimlənməsi ilə əlaqədar mövqeyinin dəyişməz olduğu növbəti dəfə öz təsdiqini tapdı.

Azərbaycanın NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirakı, Alyansın Baş katibi Yens Stoltenberq və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşləri, habelə Avropa İttifaqı və Ermənistan rəhbərliyi ilə üçtərəfli görüşü deməyə əsas verir ki, Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verəcək. Eyni zamanda Brüsseldə baş tutan görüşlər postmüharibə mərhələsində Azərbaycan dövlətinin tarixi qələbəsinin, Prezident İlham Əliyev siyasətinin, liderliyinin siyasi və diplomatik müstəvidə daha bir təsdiqidir.

DİGƏR Xəbərlər Arxiv