YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Artıq Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etmək məcburiyyətindədir

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Ermənistan üzərində qazandığımız tarixi Qələbədən sonra Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmlənib. Prezident İlham Əliyevin Soçidə üçtərfli görüşdə qəti mövqe nümayiş etdirməsi, Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında Ermənistanın da üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının 3 üzv dövlət başçısının Vətən müharibəsində qazandığı şanlı Qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik etməsi və Brüsseldə keçirilmiş Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində keçirilən görüşlər də bunu təsdiq edir.

Dövlət başçımızın NATO-nun baş katibi Yens Stoltenberqlə görüşü maraqla izlənildi. Görüşdə Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Alyansın baş katibi ölkəmizin qurumun Kosovo və Əfqanıstandakı sülhməramlı missiyalardakı iştirakını yüksək qiymətləndirməsi və Azərbaycanın Əfqanıstana verdiyi dəstəyə görə minnətdarlığını bildirməsi hər birimizi qürurlandırdı.

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşü də diqqət mərkəzində idi. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi də müzakirə mövzusu oldu. Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğunu bildirməsi bu qurumun ölkəmizlə əməkdaşlığa önəm verməsinin təsdiqidir.

Ermənistan – Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəldi. Eyni zamanda, Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq etdi. Bildirildi ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcəkdir. Burada gömrük və sərhəd nəzarəti məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.

Göründüyü kimi, artıq Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etmək məcburiyyətindədir. Azərbaycan və Ermənistan rəhbərlərinin Brüssel görüşü ilə bağlı Avropa İttifaqı Şurasının prezidenti tərəfindən verilən bəyanat ermənilərin bütün ümidlərini puç etdi. Bəyanatda Qarabağın statusuna və Minsk qrupuna dair bir cümlə belə yox idi. Ümumiyyətlə, Brüsseldə keçirilən görüşlərdə, kimsənin dilindən bu barədə bir söz səsləndirilmədi. Bütün bunlar ondan xəbər verir ki, ermənilərin daim ortaya atdığı məsələlər Brüseldə də dəstək ala bilmədi.

Təbii ki, ermənilərin ən böyük arzusu Brüsseldə yenə də “status”, “Minsk qrupu” sözlərini eşitmək idi. Ancaq ölkəmizin getdikcə artan nüfuzu bu dəfə də onların arzusunu ürəklərində qoydu. Əslində, bu, ölkəmizin beynəlxalq aləmdə növbəti diplomatik uğurudur. Həm də o deməkdir ki, artıq yetər, Ermənistan reallıqlarla hesablaşmalıdır. Reallıq da odur ki, beynəlxalq hüquq Azərbaycan tərəfindədir. Bununla yanaşı, real güc də Azərbaycanın tərəfindədir. Ermənistan bununla hesablaşmağa məhkumdur. Brüsseldə keçirilən görüşlər də bunu təsdiqlədi.