YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Goranboyda Vətən müharibəsi qazisi ziyarət olunub

Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunda Vətən müharibəsi iştirakçısı olmuş qazi müəllim Əmrahov Ruslan Yaşar oğlunu ziyarət edib.

Qazi müəllimin ailə üzvləri ilə görüşdə Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirən deputat Anar Məmmədov xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. Qazi müəllimlərin həm cəbhədəki, həm də məktəbdəki əməli fəaliyyətləri ilə şagirdlər və yetişməkdə olan nəsillər üçün örnək olduğuna əminliyini ifadə edən deputat dərslərində Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən müharibəsində öz keçmiş şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı Zəfərin qazanılmasında iştirak etdiyini və vətənpərvərlik nümunəsi göstərdiyini deyib. Anar Məmmədov daha sonra ailənin qayğıları ilə maraqlanıb.

Könüllü olaraq Vətənin müdafiəsinə yollanan Ruslan Əmrahov torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıq göstərib. Keçdiyi şərəfli döyüş yolundan bəhs edən qəhrəman, bu qüruru Azərbaycan xalqına yaşadan Ali Baş Komandanın hər bir əmrinə hər zaman hazır olduğunu qeyd edib. Qazi Əmrahov Ruslan ona və ailəsinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Qeyd edək ki, qazimiz Ruslan Əmrahov 14 yanvar 1986-cı ildə Goranboy şəhərində anadan olub. 2008-ci ildən etibarən Goranboy şəhər 3 nömrəli məktəbdə informatika-riyaziyyat fənnini tədris edir. 27 sentyabr tarixində başlanan 44 günlük Vətən müharibəsinin gedişatı zamanı könüllü şəkildə döyüşlərdə iştirak edərək Suqovuşan istiqamətində gedən döyüşlərdə yaralanıb. Qazimiz səhhəti ilə əlaqədar YAŞAT Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib. Qazi müəllimin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də YAŞAT Fondu və deputat tərəfindən təmin edilib.