YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Muxtar Babayev: Qarabağda aparılacaq geoloji-kəşfiyyat işləri nəticəsində yeni faydalı qazıntı yataqlarının aşkar ediləcəyi gözlənilir

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan Qələbə nəticəsində işğaldan azad olunan torpaqlarımızda hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Belə layihələrin mineral xammala olan tələbatının ödənilməsi məqsədilə işğaldan azad olunmuş bölgələrdə faydalı qazıntı yataqlarının qalıq ehtiyatlarının dəqiqləşdirilməsi və potensial yataqlarda geoloji-kəşfiyyat və axtarış qiymətləndirmə işləri aparılır. Bu, ölkənin mineral xammal bazasının zənginləşdirilməsinə və regionda dağ-mədən sənayesinin inkişafına xidmət edəcək. Bu baxımdan işğaldan azad edilmiş ərazilərimizin yerli və xarici investisiyalar cəlb edilməklə ölkə iqtisadiyyatına reinteqrasiyası və burada iqtisadi fəallığın təmin olunması mühüm əhəmiyyət kəsb edir.

Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Dağ-mədən sektorunda islahatlar, inkişaf perspektivləri və yeni maliyyələşdirmə mexanizmləri" mövzusunda keçirilən tədbirdə deyib.

Nazir qeyd edib ki, Qarabağ bölgəsində müxtəlif istiqamətli geoloji-kəşfiyyat işləri aparılıb, çoxsaylı filiz, qeyri-filiz, inşaat və tikinti materialları, içməli, mineral-termal su yataq və təzahürləri aşkarlanıb, bunlardan 167 yataq Mineral Xammal Bazasına daxil edilib. Həmin yataqlarda respublikanın daxili istehlak bazarını təmin edəcək və hətta xarici bazarlara çıxarılacaq böyükhəcmli müxtəlif növ mineral-xammal ehtiyatları mövcuddur.

"İnanıram ki, bölgədə aparılacaq geoloji-kəşfiyyat işləri nəticəsində yeni faydalı qazıntı yataqları aşkar ediləcək. Bu da həmin potensialı bir qədər də artıracaq. Ümidvaram ki dağ-mədən sahəsinin inkişafı istiqamətində islahatlar davam etdiriləcək. Odur ki, sahibkarların aparılan islahatlara dəstəyi və müəyyən edilmiş qanunvericiliyə uyğun fəaliyyəti çox önəmlidir. İnanıram ki, birgə fəaliyyətimiz bu sahənin inkişafında yeni bir dönəm yaşadacaq", - deyə M.Babayev fikirlərini yekunlaşdırıb.