YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi ilk partiya təşkilatlarının hesabat seçki yığıncaqları davam edir

Dekabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatı Məhəmməd Hadi küçəsi 63A, Səməd bəy Mehmandarov küçəsi 78, Səməd bəy Mehmandarov küçəsi  86 və   Əliağa Şıxlinski küçəsi 59 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri dəyərləndirilib.

  Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə tədbirlərin müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anım gününə təsadüf etdiyini bildirib və qeyd edib ki, Ümummilli Lider  Azərbaycan xalqı üçün dövlət yaratdı və xalqın dövlətin ətrafında birləşməsi üçün yeganə doğru azərbaycançılıq ideologiyasını formalaşdırdı: “Ulu öndər Heydər Əliyev, eyni zamanda,  xalqın böyük etimadını qazanan Yeni Azərbaycan Partiyasını (YAP) yaratdı. YAP-ın yaranmasından az müddət sonra Ümummilli Lider xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı.  1995-ci ildə parlament seçkilərində YAP öz liderinin etimadını doğrultdu. Yeni Azərbaycan Partiyası təkcə ölkənin deyil,  Cənubi Qafqazın  ən böyük siyasi təşkilatıdır. YAP  həm monolit, həm də uğur partiyasıdır.”

    V.Rəhimzadə vurğulayıb ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin Sədrliyi ilə uğurlu fəaliyyətini davam etdirən Yeni Azərbaycan Partiyası ötən 30 ildə  tarixi əhəmiyyətli uğurlara imza atıb: “Partiya tarixin ciddi sınaqlarından çıxaraq bu illər ərzində inkişaf edib, möhkəmlənib, ildən-ilə öz sıralarını genişləndirərək  xalqın partiyasına çevrilib. Bu gün böyük inamla qeyd edirik ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dayanıqlı iqtisadi inkişafı ilə  dünyanın diqqətindədir. Hazırda ölkəmizin həyatında yeni dövrün başlanğıcı kimi dəyərləndirilən   işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri  Azərbaycanın malik olduğu iqtisadi və maliyyə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.” 

YAP Xətai rayon təşkilatının sədri ötən 18 ilin ölkəmiz və bölgəmiz üçün həlledici illər olduğunu diqqətə çatdıraraq qeyd edib ki,  xüsusilə son illərdə  respublikanın həyatında bir çox vacib hadisələr baş verib: “Təbii ki, bunların arasında ən möhtəşəmi 30 illik həsrətə son qoyularaq düşmən tapdağı altında inləyən torpaqlarımızın yağılardan xilas edilməsi,  ərazi bütövlüyümüzün bərpa edilməsi oldu.  Vətən müharibəsində qazanılan parlaq Qələbə ilə tarixi ədalət bərpa edildi. Əlbəttə ki,  Qələbənin əldə edilməsini şərtləndirən amillər çoxdur. Ən əsas amillərdən biri budur ki, ancaq iqtisadi cəhətdən güclü  olan dövlət öz güclü ordusu və müasir silahları ilə cəmi 44 gün ərzində düşmənin 30 il ərzində möhkəmləndirdiyi istehkamları, tələləri asanlıqla dəf edərək  Zəfər qazana bilər.”

Vüqar Rəhimzadə yeni reallıqlara uyğun olaraq Yeni Azərbaycan Partiyasının qarşısında dayanan vəzifələrin icrası istiqamətində Xətai rayon təşkilatının xüsusi fəallıq nümayiş etdirdiyini bildirib.

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Cəmilə Əliyeva Məhəmməd Hadi küçəsi  63A ünvanında  yerləşən  ərazi partiya təşkilatının sədri, Nurlan Allahverdiyev sədr müavini,  Nurqələm Bayramova Səməd bəy Mehmandarov küçəsi  78 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Aynur Qəmbərova sədr müavini, Şəhanə Əhmədova Səməd bəy Mehmandarov küçəsi  86 küçəsində yerləşən ərazi partiya təşkilatının sədri, Sevinc Orucova sədr müavini, Zöhrə Mehdiyeva Əliağa Şıxlinski küçəsi  59 ünvanında  yerləşən ərazi partiya təşkilatının sədri, Gülşən Fərzəliyeva isə sədr müavini seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.