YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev “Qarabağ” futbol klubuna qarşı hakim ədalətsisliyini sərt tənqid edib

Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz

Bu fikirləri Prezident İlham Əliyev UEFA Konfrans Liqasında pley-off mərhələsinə yüksələn "Qarabağ" futbol klubunun üzvlərini qəbul edərkən söyləyib.

Dövlətimizin başçısı qeyd edib ki, “Qarabağ” futbol klubunun Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşməsi birinci dəfə deyil. Prezident buna misal olaraq, komandamızın 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurduğu təmiz qolun hakim tərəfindən sayılmadığını xatırladıb. “Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil... Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı, deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlətimizin başçısı ümid etdiyini bildirib ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək.